YADPLANETLİLƏR TÜRKCƏYƏ BƏNZƏR DİLDƏ DANIŞIRLARMIŞ
25-03-2025, 08:14

Hörmətli oxucu, yəqin ki, yadplanetlilər haqqında söz-söhbətləri Siz
də çox eşitmisiniz. Görəsən, başqa planetlilərdə də həqiqətən şüurlu canlılar varmı? Onların Yerə gəldikləri doğrudurmu? Danışa bilirlərmi? Əgər danışa bilirlərsə, dilləri Yer kürəsindəki hansı dillərə oxşayır?
Bu suallara olan marağım məni bəzi araşdırmalar aparmağa sövq etdi. Apardığım araşdırmalar zamanı məlum oldu ki, dinimizə görə, 18 min aləm var. Quran təfsirçilərinin əksəriyyəti göylərdə və yerdə gəzib-dolaşan, bütün canlılar üçün tək olan Allaha həmd edən varlıqlar barədə ayələri izah edərkən yerdənkənar sivilizasiyaların mövcudluğunu inandırıcı sayırlar.
Amma bu gün uzaq planetlərdə həyatın olmasına inananlar çox olsa da, bunu cəfəngiyyat hesab edənlər də var. Yadplanetlilərin mövcudluğu kimlər üçünsə elmi fakt, bəzilərinə görə isə əfsanədir.
Fəqət Sokrat demişkən, “Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir”. Bu səs mənə deyir ki, əgər kainatda bu qədər qalaktika və saysız-hesabsız planetlər mövcuddursa, (Vanderbilt Universitetinin astronomiya üzrə dosenti və “Dinlər və Dünyadan Kənardakı Həyat” adlı kitabın müəllifi David Weintrauba görə, onların sayı 2045-ci ilədək bir milyona çata bilər.) həmin planetlərin içərisində təkcə bizim planetdə canlı həyatın var olmasını iddia etmək düz olmaz.
Onu da deyək ki, digər planetlərdə həyatın olmasına inananların sayı getdikcə artmaqdadır. Artıq bir çox alimlər də dünyadan kənardakı həyatın mövcudluğu ilə bağlı cümlələri “əgər” ilə deyil, “nə zaman” ilə başlayırlar.
Onlarla ekspert-araşdırmaçı, astrobioloq, planetoloq, astrofizik, astroloq Yer kürəsindən kənarda həyatın olması fikri ilə razılaşırlar. Astrobioloq K.Horner isə tərəddüd etmədən deyir ki, “Heç inanmağım gəlmir ki, Yer kürəsi yeganə yaşayış məskənidir”. NASA-nın “Vikinq” proqramında iştirak etmiş amerikalı professor C.Levin bildirirdi ki, hələ 1976-cı ildə ABŞ-ın eyniadlı kosmik aparatı Marsa enərkən orada şüurlu həyatı əks etdirən aşkar əlamətlər müşahidə edilmiş, bioloji həyat əlamətləri aşkara çıxarılmışdır. "The Guardian" yazırdı ki, alimlər Balıqlar bürcündə ölçücə Yer planetinə bənzəyən 7 yeni planet kəşf ediblər. Onların fikrincə, bu planetlərdən bəzilərində həyatın mövcud olması tamamilə mümkündür. Vaxtı ilə Marsda Misirdəki kimi Sfinksin olduğunun “isbat olunması” barədə olan söyləntilər, kosmosun dərin qatlarından qeyri-adi siqnalların alınması və s. kimi faktlar da bu inamı artırır. İlk dəfə Aya gedən insan – N.Armstrong yadplanetlilərin gerçək olduğunu söyləyirdi. 2008-ci ildə “Apollo 14” kosmik gəmisi ilə aya gedən dr. E.Mitchell də yadplanetlilərin gerçək olduğu barədə deyilənləri təsdiq edirdi. Mətbuata açıqlama verən E.Mitchell həm də yadplanetlilərin düşmən olmadığını vurğulayırdı.
Bəs görəsən, yadplanetlilər bizim yaşadığımız dünyaya gerçəkdən də səyahət edirlərmi? Bu barədə də fərqli fikirlər vardır. Uçan boşqablar, naməlum obyektlər (təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlər), yadplanetlilərin müxtəlif faciələr (təyyarə və gəmi qəzaları, yanğın və s.) törətmələri, Misir piramidalarının onlar tərəfindən tikilməsi, Hindistanda 2 min il bundan əvvəl sanskrit dilində yazılmış yazılarda viman adı altında bir çox mifik uçan qurğular haqqında informasiya verilməsi, şumerlərin qızıl çıxarmaq məqsədilə ulduzlardan gəlmiş Annunaki – yadplanetli qrupu tərəfindən yaradılması, İsa peyğəmbərin, Firon II Ramzesin yadplamentli olmaları, bir zamanlar Roma Papasının yadplanetlilərin varlığından xəbərdar olduğu, Xəzər dənizində yad planetlilərin bazasının olması, onların müxtəlif insanlarla görüşməsi, söhbətlər aparması, öz ideyalarını və təkliflərini çatdırmaları, yadplanetlilər tərəfindən bəzi insanların oğurlanaraq onlara çip yerləşdirmələri və s. söyləntilər bu ehtimalları daha da gücləndirir.
Hətta astroloq S.Rəhimli qeyd edir ki, “Nasada qəzaya uğramış yadplanetli uçan boşqablar var...Hazırda mobil telefonlar, komputerlər, bir sözlə, bunların hamısı vurulmuş və ya qəzaya uğramış gəminin içərisindəki detalları araşdırarkən elmə əlavə olunaraq ixtira edilib".
Məşhur Amerika ufoloqu, professor A.Xaynek BMT-nin xüsusi siyasi komitəsindəki çıxışında bunun reallığa çox-çox yaxın olduğunu bildirərək “Naməlum obyektlərin yüksək qalxma sürəti və manevretmə qabiliyyəti belə fikir yaradır ki, onlardan bir çoxu avtomatik və çox güman, məsafədən idarə olunur. Məhz bu cəhət yadplanetlilərin lap yanımızda olmasını ehtimal etməyə imkan verir,”- demişdi. Bir sıra tədqiqatçılar yad planetlilərin Yerə gəldiklərini və ya çox yaxınlaşdıqlarını qətiyyətlə söyləyirlər. Yadplanetlilərin həyat tərzi və antik mədəniyyətlərdən bəhs edən "Tanrının maşınları" adlı kitabın müəllifi, isveçrəli yazar E.V.Daniken yadplanetlilərin ilk gəlişlərinin daş dövrünə təsadüf etdiyini bildirir. O qeyd edir ki, əcdadlarımız “onları tanrı hesab etdilər...Bu tanrılar günümüzdəki etnoqraflar kimi davrandılar. Bir neçə qəbiləni araşdırdılar, bir neçə dil öyrənib tövsiyələr verdilər. Bir müddət sonra gələcəkdə bir daha geri gələcəklərinə dair söz verdilər".
Astroloq F.Qurbansoy deyir ki, "Yad planetlilərin yer planetinə gəlməsi mövcuddur”. Azərbaycan əsilli ABŞ-da aerokosmik mühəndisi, NASA-da şöbə müdiri işləyən Allen Mirqədirov da müsahibələrinin birində müxbirin “Uzaq bir yerdə insanların yaşadığı bir qalaktikanın mövcudluğuna inanırsınız?” sualına belə cavab vermişdi: “İnanıram ki, digər planetlərdə və qalaktikalarda da insanlardan fərqli bir formada olsa da, həyat var...İnanıram ki, yadplanetlilər mövcuddur və keçmişdə onların bir neçə qrupu yerə baş çəkiblər. Bu barədə hər bir qitədə çoxlu tarixi sübutlar mövcuddur”.
Nəhayət, yazımızın ən maraqlı hesab etdiyimiz bölümünə gəlib çatdıq. Görəsən, Yerə gəlib çıxan bu yadplanentlilər danışmaq qabiliyyətinə malik olublarmı? Dilləri Yer üzərindəki hansı dillərə oxşardır? Bəri başdan deyək ki, bəli, yadplanentlilərin içərisində nitq qabiliyyəti olanlar da var. Amma dillərinin Yer üzərindəki hansı dillərə bənzədiyi barədə tam və tutarlı ortaq fikir yoxdur.
LAKİN ÇOX MARAQLI BİR FAKT VAR! Belə ki, İspaniya gizli xidmətinin illər öncə dərc etdiyi bir hesabatda deyilir ki, günəşdən 4,3 işıq ili uzaqlıqda yerləşən "Alpha Centuari" adlı planet sistemində yaşayan yadplanetlilər türkcəyə bənzər bir dildə danışırlar. Hesabatdakı maraqlı tapıntılar arasında müşahidə olunan UFO hadisələri ilə yanaşı, şahidlərin türkcə və digər dillərdə eşitdiyi səslərin də təsnifləşdirilməsidir. Hesabata görə, əsrlərdir dünyanı uçan naməlum obyektlər (UNO) vasitəsilə ziyarət edən bu “yadplanetlilər iki növdə olurlar. Onlardan biri insana çox yaxın xüsusiyyətlər daşıyır. Bu cinsin çox yüksək texnologiyaya malik olduğu da təsdiqlənib. Yadplanetlilərin tələffüzü türkcəyə bənzəyən bir dildədir", - deyə hesabatda bildirilib. Hesabatın ABŞ-ın kəşfiyyat mənbələrinə və UFO müşahidələri zamanı şahidlərin verdiyi ifadələrə əsasən hazırlandığı qeyd olunur.
Xüsusi olaraq qeyd edirik ki, yadplanetlilərin dilinin Yer dillərindən ancaq türk dilinə bənzərliyi hələlik müəyyən olunmuş yeganə faktdır. Təəssüf ki, bəzi ağzıgöyçəklər bu fikri və iddianı məsxərəyə qoyurlar. Birincisi, onlar anlamırlar ki, burda söhbət yadplanetlilərin türkcə yox, “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışdıqlarından gedir. İkincisi, yenə də anlamırlar ki, onların “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışmaqlarının özü də “Tanrı ərmağanı olan türk dili”miz üçün fəxarətdir.
CNI-nin bu hesabatı həm də türk mədəniyyətinin və mifologiyasının yadplanetlilərlə mümkün əlaqələrini də ortaya qoyur. Axı bir çox türk mifologiyasında tanrılarla ünsiyyət, göydən gələn varlıqların insanlara təsiri kimi mövzular var. Bizcə, türk mifoloji mətnlərindəki bu motivlərdə “çəyirdək qədər də olsa, tarixi gerçəklik var”. Bu mənada AB-də keçirilən UFO konfransında çıxış edərkən “Türk UFO alimi” F.Yurdözünün türk sivilizasiyasının yadplanetlilər tərəfindən qurulduğu, Göktürklərin yadplanetli olduğu, yadplanetlilərin türklərlə ortaq irq formalaşdırması barədəki iddiaları qəribliyə salınmalı deyil.
Günəş Dili Nəzəriyyəsinin türk versiyasına görə, yer üzündə danışılan bütün dillərin ortaq əcdadı türk dilidir. “Türk dili Daş-Mədən dövründə köç yolu ilə dünya dillərinə mədəniyyət sözlərini yayan böyük qədim mədəniyyət dilidir”. Yer üzündə danışılan ən qədim və geniş yayılmış dil türk dilidirsə, yad planetlilərin “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışması niyə təəccüblə qarşılansın ki?
Küllü-aləmi yoxdan var edən ulu Tanrı bütün şüurlu canlılara (o cümlədən yadplanentlilərə) dil–danışmaq qabiliyyətini ümumi prinsiplər əsasında vermişdir. (Dillərin yaradılmasına dair ilahi (teoloji) nəzəriyyə) “Quran”ın “ər-Rum” surəsinin 22-ci ayəsində deyilir: “Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə”. Göründüyü kimi, bu ayə dillərin hamısını eyni statusda təqdim edir. Bütün milli dillər Tanrı zəmanətində olduğundan müqəddəslik statusuna malikdir. O cümlədən yadplanetlilərin dilləri də.
N.Comsky kimi bəzi aparıcı dilçilər, həm Yer üzərində işlədilən, həm də yadplanetlilərin istifadə etdiyi dillərin "ümumbəşəri qrammatika" prinsiplərini ehtiva edə biləcəyini düşünürlər. Bu fikri dəstəkləyənlər, dünyadan kənar varlıqların istifadə etdiyi dilin bizim dillərimizə bənzər qrammatik quruluşa malik ola biləcəyini proqnozlaşdırırlar. Bunları nəzərə alan N.Comsky və J.Vatumull Los-Ancelesdə keçirilən Beynəlxalq Kosmik İnkişaf Konfransında deyirdilər ki, "Qəribə görünsə də, Mars dili insan dilindən o qədər də fərqli olmaya bilər".
Yadplanetlilərlə əlaqə saxlamaq üçün əvvəl kosmosa göndərilən mesajlarda kəlmələrdən, riyaziyyat və elmin dilindən istifadə edilirdi. Sonralar musiqidən istifadə edilməyə başlanmışdır. Eşitdiyimizə görə, Xalq artisti Q.Rüstəmovun məşhur “Sona bülbüllər”i də bir zamanlar kosmosa yer üzünü təmsilən göndərilmişdir. Ümid edək ki, günlərin bir günü bu gözəl mahnımıza da qarşılıq olaraq mesaj alarıq.
Son vaxtlar Yer kürəsindən kənar sivilizasiyaların axtarışı, onlarla əlaqə saxlamaq üçün yeni dilin yaradılmasına başlanılmışdır. Bu işə NASA da kömək edir. Yeni dilin yaradılmasından sonra linqvistlər kosmosa mesaj göndərmək istəyirlər. Ümid edirlər ki, həmin mesajı əldə edəcək yadplanetli sivilizasiya onu oxuya, anlaya və ya hansısa digər üsulla dərk edə biləcək. Biz isə ümid edirik ki, bu işdə türk dilinin imkanlarından da istifadə olunacaq və bu, layihənin uğurunu təmin edən əsas amillərdən olacaq.
“Balkanların Nostradamusu" kimi tanınan Vanqa qarıya görə, 2025-ci il yadplanetlilərin insanlarla görüşəcəyi ildir. Məşhur britaniyalı medium D.Davies də bunu təsdiq edir. O göstərir ki, 2025-ci ildə yadplanetlilər artıq gizlənməyəcək, bəşəriyyətlə əlaqə quracaqlar və ilin sonuna kimi fiziki təmasların sayında böyük artım olacaq. Onların dediyinə görə, yadplanetlilər yer üzünə insanlara kömək etmək, xeyir vermək üçün gələcəklər.
Bu niyyətlə gəlirlərsə, xoş gəlirlər. İnanaq ki, aralarında “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışan yadplanetlilərlə yenidən rastlaşmaq da mümkün olacaq! Axırı xeyir olsun!
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.