Alatavada evi sakinlərin başına uçuranları hansı cəza gözləyir? - Hüquqşünas açıqladı
28-03-2025, 12:24

Xəbər verdiyimiz kimi, bu gün “Melissa Group” tikinti şirkəti paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıdıb. Hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Maraqlıdır, hadisəni tördən şəxsləri hansı cəza gözləyir?
Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, tikinti şirkətinin içərisində yaşayış olan evi dağıtması qanunsuzluq və özbaşınalıqdır:
“Yaşayış, məskunlaşma olan yerdə, insanların icazəsi olmadan söküntü aparmaq olmaz. Bu qanunla qadağandır. Başqasının əmlakına zərər vurma və ya məhv etmə kimi əməllər cinayət sayılır və buna görə qarşı tərəf məsuliyyət daşıyır. Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən, özgənin əmlakını zədələmə və ya məhv etmə, külli miqdarda ziyan vurmaya görə də müvafiq cərimə və cəza təyin olunur. Hər kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli şəkildə ödəmək şərti ilə yol verilə bilər".
S.Məmmədov qeyd edib ki, söküntü dövlət ehtiyacları üçün edilərsə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır:
"Burada söküntü işləri özəl şirkət tərəfindən tərəfindən həyata keçirilir. Şirkət yerli icra hakimiyyəti ilə razılaşdırılmaqla yaşayış və ya qeyri-yaşayış sahəsi tikə bilər. Amma bu zaman, mütləq şəkildə mülkiyyət sahiblərinin razılığı olmalıdır. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsi olanda müvafiq bazar qiymətləri təklif olunur. Mülkiyyətçi razı olmayanda ona məhkəməyə müraciət etmək hüququ verilir. Razılaşdırılma olduqdan sonra o ərazilər dövlət tərəfindən alınıb, tamamilə təmizlənib sahibkarlara satılır ki, müvafiq proyekt əsasında orada binalar inşa olunsun. Hazırda bu əraziddə söküntü və əmlakın özgəninkiləşdirilməsi dövlət ehtiyaclarının ödənilməsi üçün edilmir. Özəl şirkət tərəfindən bu ərazi alınıb və söküntü işlərinə başlanılıb. Bu işi şirkət özbaşına görə bilməz. Öncə orada yaşayan insanlarla razılığa gəlinməlidir. Evini satmaq istəməyən insanları buna məcbur etmək olmaz. Hazırki vəziyyətdə daha qanunsuz işlərə əl atılıb və orada yaşayan insanların mənzillərinin işiq, qaz, su və istilik təchizatı dayandırılıb. Onlar məcbur edilir ki, mənzillərini şirkətə satıb çıxsınlar. Bu, tamamilə qanunsuzdur. İnsanları məcburi şəkildə yaşadıqları evdən çıxarmaq, mülkiyyətçi hüququndan məhrum etmək ölkə qanunvericiliyinə ziddir.”
Sahib Məmmədov qeyd edib ki, yaşayış olan evləri özbaşına dağıtmaqla bu şirkətlər insan həyatına təhlükə yaratmış olurlar. Bu zaman onlar həm cinayət, həm də mülki məsuliyyət daşıyırlar: “Yaşayış olan ərazidə tikinti aparmaq orada yaşayan insanların həyatını təhlükə qarşısında qoymaq deməkdir. İnsanların yaşadığı evi uçurtmaq isə cinayətdir. Yaşayış evi qanunsuz olaraq dağıdılıbsa, mütləq şəkildə dəymiş ziyan ödənilməlidir. İnsanların həyatına təhlükə varsa, cinayət işi açılmalı və belə hallara yol verənlər qanun qarşısında cavab verməlidirlər”.