Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
Bu gün, 00:03

Bildiyiniz kimi, bəzi plastik cərrahların lisenziyalarının ləğv olunması prosesi davam edir. Elə aprelin 17-də “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı” tərtib edildi.
Bu prosesdən sonra belə bir təftişin sadəcə plastik cərrahlar üzrə yox, digər bir neçə ixtisasla bağlı da aparılmasının vacibliyini vurğulayanlar oldu. Həmin diqqətçəkən ixtisaslardan biri də stomatoloqlardır.
Xatırladaq ki, plastik cərrahların icazəsinin yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.
Bəs belə bir komissiya stomatoloqların yoxlanılması məqsədilə də yaradıla bilər? Ümumiyyətlə, stomatoloqların sənədlərinin yoxlanılması prosesi nə yerdədir?
Məsələylə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-ya açıqlama verilib.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyevin sözlərinə görə hazırda Azərbaycanda stomatoloqların sənədlərinin yoxlanması ilə bağlı olaraq yeni bir komissiyanın yaradıldığına dair məlumat yoxdur.
“Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində stomatoloji xidmət göstərən 20 özəl tibb müəssisəsində yoxlama keçirilib. Bu yoxlamalar nəticəsində 8 müəssisədə nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlara görə protokol tərtib olunub”.
Məlumatda bildirilir ki, aparılan yoxlamalar zamanı lisenziyası ləğv edilən klinika olmayıb.
“Bununla belə, diplomu olmayan və ya saxta diplomla fəaliyyət göstərən stomatoloqların aşkarlanması istiqamətində yoxlamalar davam etdirilir.
Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri əsasında və ya belə hallar mediada geniş işıqlandırıldıqda, insanların həyat və sağlamlığına mühüm təhlükə yarada biləcək fakta əsaslanan hallarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aidiyyəti sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada plandankənar yoxlamalar keçirir. Bu yoxlamalar zamanı aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət faktları inzibati qaydada tənbeh olunur.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”, -deyə verilən açıqlamada qeyd olunub.