Yuxarıdan görünməyən təhdid: Günəş Yerə düşündüyümüzdən daha sürətli təsir göstərir
Bu gün, 10:34

"Yer atmosferi Günəşlə sinxron vəziyyətdədir. Bəs bu, bizim üçün nə deməkdir?.."
Alimlər ilk dəfə olaraq Yer atmosferinin üst qatlarının Günəşdə baş verən güclü alışmalarla demək olar ki, eyni anda pulsasiya etməyə başladığını qeydə alıb.
Moderator.az xəbər verir ki, bu barədə "JGR Space Physics" jurnalında dərc olunan araşdırmada deyilir, məlumatı "Space" saytı yayıb.
Nəşr yazır ki, bu kəşf Günəş aktivliyinin Yerə nə qədər sürətli təsir etdiyinə dair mövcud təsəvvürləri dəyişə bilər.
Günəş və onun proqnozlaşdırılmayan enerjisi
Günəş diametri Yerin diametrindən 110 dəfə böyük olan nəhəng plazma kürəsidir. Səthinin temperaturu Selsi üzrə təxminən 6000 dərəcə olsa da, onun xarici atmosferi olan tacı bir neçə milyon dərəcəyədək qıza bilir. Bu paradoksun hələ də dəqiq izahı yoxdur.
Günəş aktivliyinin ən parlaq təzahürlərindən biri alışmalardır, yəni ulduzun maqnit sahələrindəki dəyişikliklərlə bağlı olaraq qəfil enerji və şüalanma partlayışlarıdır. Bəzən bu hadisələr tac kütlə atılmaları ilə müşayiət olunur və onlar Yerə qədər çata bilir.
Alışmalar peyk rabitəsini, GPS sistemlərini pozur və enerji şəbəkələrində nasazlıqlara səbəb ola bilər. Günəşdən gələn işıq enerjisi Yerə təxminən 8 dəqiqəyə, plazma hissəcikləri isə 2–3 günə çatır.
Günəş alışmaları gücünə görə 5 kateqoriyaya bölünür: A, B, C, M və X. Sonunsu sinif ən güclü sayılır və bu sinifdə yuxarı hədd yoxdur, məsələn, X10, X20 və daha güclü alışmalar mümkündür.
Günəş Yer ionosferinə necə təsir edir?
Yeni araşdırma göstərib ki, güclü alışmalar Yer atmosferindəki ionosferdə də ritmik dəyişikliklərə səbəb olur. İonosfer atmosferin təxminən 60 km yüksəklikdən başlayan və yüzlərlə kilometrə qədər uzanan, elektrik yüklü hissəciklərlə zəngin qatıdır.
Günəşin ultrabənövşəyi şüalanması və kosmik şüalar burada oksigen və azot molekullarını ionlaşdıraraq radiorabitə üçün həyati əhəmiyyətli bir təbəqə yaradır.
Alimlər X5.4 sinifli alışma zamanı ionosferin davranışını araşdırıb. Bu alışma Günəşin aktiv ləkələri ərazisində baş verib. Bu ləkələr temperaturu aşağı, amma maqnit aktivliyi yüksək olan sahələrdir. Orbitdəki peyklərdən əldə edilən müşahidələrə görə, alışma hər 90 saniyədən bir təkrarlanan enerji boşalmaları ilə müşayiət olunub.
Alışmanın başlanmasından cəmi yarım dəqiqə sonra Yer ionosferində elektron sıxlığında eyni ritmik dəyişikliklər - pulsasiyalar qeydə alınıb. Bu da Yer atmosferinin Günəşdə baş verən hadisələrə demək olar ki, dərhal reaksiya verdiyini göstərir.
Yer üçün nəticələri
İonosferin Günəş pulsasiyalarına ani və sinxron reaksiya verdiyinin müəyyənləşdirilməsi göstərir ki, Yer kosmik hava şəraitinə düşündüyümüzdən qat-qat həssasdır.
Bu kəşf o deməkdir ki, Günəş alışmalarının yaratdığı texnoloji pozuntular, o cümlədən rabitə və enerji sistemlərində nasazlıqlar kütləvi tac atılmaları Yerə çatmazdan öncə, demək olar ki, dərhal başlaya bilər.
Araşdırma müəlliflərinin fikrincə, bu nəticələr Günəş aktivliyinə daha operativ nəzarət metodlarının hazırlanması və peyklər, rabitə sistemləri, enerji infrastrukturu üçün kosmik təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.