Alimlər xərçəngin ən təhlükəli formasının müalicəsi üçün yeni üsul təqdim edib
Bu gün, 11:24

Qlioblastoma – beyinin ən aqressiv və ölümcül xərçəng növü sayılır. Bu xəstəliklə mübarizədə yeni ümidverici nəticələr əldə olunub. ABŞ-ın məşhur Mass General Brigham xəstəxanasından Coşua Bernstok və komandası, qlioblastoma xəstələrində qabapentin adlı preparatın effektivliyini araşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumat “eCancer” tibbi portalında dərc olunub.
Tədqiqat çərçivəsində 693 pasiyentin məlumatları təhlil olunub. Məlum olub ki, əməliyyatdan sonra qabapentin qəbul edən xəstələrin orta ömür müddəti 16 ay, qəbul etməyənlərin isə cəmi 12 ay təşkil edir.
Əldə edilən nəticələri təsdiqləmək məqsədilə Kaliforniya Universiteti ilə əməkdaşlıq çərçivəsində əlavə olaraq 379 xəstə üzərində analiz aparılıb. Bu dəfə qabapentin qəbul edənlərin ömrü 20,8 aya, digərlərinin isə 14,7 aya qədər çatıb.
Ümumilikdə 1000-dən çox xəstənin məlumatları təhlil olunaraq qabapentin qəbulunun qlioblastoma xəstələrinin ömrünü uzatması arasında güclü əlaqə müəyyən edilib.
Alimlərin fikrincə, bu təsir qabapentinin TSP-1 (trombospondin-1) adlı zülala təsiri ilə əlaqəlidir. TSP-1 sinir hüceyrələri arasında əlaqələrin formalaşmasında iştirak edir və qlioblastoma hüceyrələri bu siqnallardan istifadə edərək böyüməyi sürətləndirir.
Araşdırmalarda məlum olub ki, qabapentin TSP-1 səviyyəsini azaldaraq şiş hüceyrələri ilə neyronlar arasındakı qarşılıqlı təsiri zəiflədir, bununla da xəstəliyin inkişafını ləngidir. Qabapentin qəbul edən xəstələrin qan analizlərində TSP-1 səviyyəsinin aşağı olması bu nəzəriyyəni dəstəkləyir və TSP-1-in biomarker kimi istifadə oluna biləcəyini göstərir.
Bununla belə, tədqiqat retrospektiv xarakter daşıdığından qabapentin və ömür uzunluğu arasında dəqiq səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək üçün nəzarətli klinik sınaqlara ehtiyac var.
Mütəxəssislər hesab edir ki, artıq istifadədə olan və təhlükəsizliyi təsdiqlənmiş bu dərmanın qlioblastoma müalicəsində istifadəsi klinik praktikaya daha asan keçidi təmin edə və yeni müalicə üsullarının əsasını qoya bilər.