Alimlər brilyantlarla qədim qitələr arasında qəribə əlaqəni aşkar ediblər
Bu gün, 11:08

Çin və Avstraliyadan olan beynəlxalq alimlər qrupu, okeanik plitələrdən gələn karbonun almazların formalaşması və qədim qitə platformalarının sabitliyinə təsirini izah edən əsas mexanizmi aşkarlayıb.
32gun.az xəbər verir ki, bu barədə Science Advances (SciAdv) elmi jurnalında dərc olunmuş araşdırmada bildirilir.
Çin Elmlər Akademiyasının Quanqjou Geokimya İnstitutunun mütəxəssisləri xarici həmkarları ilə birlikdə Yer mantiyasının üst qatındakı şəraitləri laboratoriya şəraitində modelləşdiriblər. Onların apardığı təcrübələr göstərib ki, okeanik plitələrlə Yer qabığının dərin qatlarına daxil olan karbonat ərintiləri temperaturdan asılı olaraq fərqli davranır.
Qədim kratonların altındakı soyuq şəraitdə (250–660 km dərinlikdə) bu ərintilər reduksiya olunur və nəticədə almazlar yaranır. Bu almazlar isə kontinental plitələri möhkəmləndirir. Lakin isti mantiyadan gələn axınlarda (plümlərdə) həmin ərintilər əksinə, süxurları oksidləşdirir, litosferanı zəiflədir və vulkanik fəallıqla birlikdə səthə doğru qalxışa səbəb olur.
Tədqiqatın aparıcı müəllifi professor Yu Van bildirib:
"Bu, izah edir ki, niyə bəzi kratonlar milyardlarla il stabil qalır, digərləri isə dağılır."
Laboratoriya nümunələri ilə Afrikadan və Cənubi Amerikadan tapılmış təbii almazların müqayisəsi göstərib ki, onların kimyəvi tərkibi almazların hansı oksidləşmə şəraitində formalaşdığını aydın şəkildə əks etdirir.
Alimlərin fikrincə, bu kəşf sayəsində almazların yaranma tarixini daha dəqiq müəyyənləşdirmək, kratonların tektonik dəyişikliklərə davamlılığını proqnozlaşdırmaq və Yerin səthi ilə dərin qatları arasında qlobal karbon dövriyyəsini izləmək mümkün olacaq.