Qurbağa əti MASAMIZDA — Haramdır, yoxsa DELİKATES?

Bu gün, 11:25           
Qurbağa əti MASAMIZDA — Haramdır, yoxsa DELİKATES?
Son günlər sosial şəbəkələr vasitəsilə qurbağa satışının sürətlə artdığı müşahidə olunur. Dəniz məhsulları ticarəti ilə məşğul olan satıcılar bildirir ki, qurbağa ətinə maraq xeyli artıb. Dadı toyuq ətindən fərqlənməyən qurbağanın bir ədədinin qiyməti ölçüsünə və ətinin yumşaqlığına görə 2-3 AZN arasında dəyişir. Xüsusi növ yetişdirilmiş bu qurbağalar delikates sayılır və dondurulmuş şəkildə Asiya ölkələrindən idxal edilir.

Mövzu ilə bağlı Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun fikirlərini öyrəndik.

“Biz yad yeməklərə qarşı çıxdıqca maraq çoxalır”

“Qurbağa ətinin yeyilməsinin İslam dinində qadağan olub-olmamasını dəqiq bilmirəm, amma qadağan deyilsə, hər halda yeyilməsində elə bir problem görmürəm. Bildiyim qədərilə bu qurbağalar qida məqsədilə xüsusi yetişdirilir və xarici ölkələrdə yaxşı satılır. Fransa, Çin və bir çox ölkələrdə üstünlük verilir. Dadı da balıq əti ilə toyuq ətinin qarışığının tamını verir. Əlbəttə mətbəximizə gətirilməsəydi, daha yaxşı olardı. Amma bizim deməyimizlə deyil, qurbağa ətini satmaq istəyən satacaq, dadmaq istəyən dadacaq. Bir vaxtlar çay da, qəhvə də yad idi. Amma indi hər kəs istifadə edir. Nə qədər MakDonalds yeməklərinin ziyan olduğunu dedik. Əhəmiyyət verən olmadı. Tam əksinə, biz qarşı çıxdıqca maraq çoxaldı. Yəni antireklam onlara reklam oldu, işinə yaradı. Bəlkə indi tərsini etsək, əks təsir göstərər. Qurbağa ətindən yeyin, xeyirlidi deyək, yeməsinlər. Amma istənilən halda qarşı çıxmaqla deyil”.

Qeyd edək ki, suda-quruda yaşayan heyvanların yeyilməsinin İslamda caiz olması ilə bağlı müxtəlif fikirlər var. Məsələn, tısbağa yumurtasını quruda qoyduğu üçün onu şəriətə uyğun qaydada kəsib yemək olar. Siçan, əqrəb, kərtənkələ, timsah, qurbağa yemək halal buyurulmur. (Bizim.media)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.