Qərbi Azərbaycan Xronikası: Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb VİDEO
Bu gün, 15:26

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Sərhəd ərazilərini tərk edən ermənilərin sayı artır" adlı süjetdə Ermənistan mediasında tirajlanan informasiyalarda Qərbi Azərbaycanda yeni proseslərin olacağına dair gözləntilər ön plana çıxarılıb.
Bildirilib ki, bir tərəfdən ermənilərin sərhəd bölgələrini tədricən tərk etdiyi, digər tərəfdən, yaxın günlərdə yeni ərazilərin Azərbaycana təhvil veriləcəyi xəbərləri yayılır. Bu torpaqlara gəlmə olan ermənilər mövcud reallıqlar fonunda başda Zəngəzur olmaqla Qərbi Azərbaycan ərazilərinin bir hissəsindən çıxırlar.
"Past" nəşri və "168.am" saytı yazır ki, ermənilərin tərk etdiyi Sünikdə (Zəngəzur) hər keçən gün halqa bir az da daralır: "Azərbaycan ordusunun Qaragöl istiqamətindəki mövqeləri daha da möhkəmləndirilib. Son illər Zəngəzur bölgəsini, xüsusilə sərhəd ərazilərini tərk edən ermənilərin sayı artır. Statistikaya görə, dörd ildə 150 min erməni ölkəni tərk edib. Son 7 ildə Basarkeçər (Geqarkunik), Zəngəzur və Tavuş rayonlarının əhalisi 41,5 min azalıb. Gedənlər əsasən Azərbaycanla sərhəd bölgələrini tərk edənlərdir. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçür, daha sonra ölkəni tərk edirlər".
Erməni ekspert Qriqor Balasanyan, jurnalist Voskan Sarkisyan, ehtiyatda olan polkovnik Mihran Maxsudyan, "Demokratik alternativ" Partiyasının lideri Suren Surenyants da sərhəd kəndlərinin boşaldığını deyirlər: "Tavuş vilayətindən Azərbaycana veriləcək ərazilərin sahiblərinə kompensasiyanın verilməsi üçün 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib. Anklav olan üç kəndin Azərbaycana təhvil verilməsi ilə bağlı gizli danışıqlar gedir. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəlmək istəyir ki, bu kəndlərin qaytarılması Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra olsun. Ərazilərin tamamilə minalardan təmizlənməsi də hazırlığın getdiyini göstərir. Azərbaycan tərəfi 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərə qədər ərazilərin qaytarılmasını tələb edir. Yaxın dövrdə təhvil veriləcək ərazilər arasında Qazaxın anklav olan üç kəndinin - Sofulu, Bərxudarlı və Yuxarı Əskiparanın adı çəkilir. Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək".
Sonda vurğulanıb ki, baş verənlər yaxın dövrdə Qərbi Azərbaycanda yeni proseslərin şahidi olacağımızı deməyə əsas verir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: