Bərdədə 14-cü övladı olan ailə haqqında ilginc iddia...
2-11-2016, 21:10
Bu ailənin övladlarının keçmiş müəllimi İsgəndərovları düşmən torundan qurtarmağı xahiş edir...
Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Cəyirli kəndində çoxuşaqlı kimi tanınan Taleh İsgəndərovun ailəsində 14-cü körpə dünyaya gəlib. Əlbəttə, bu, ümummilli maraqlar baxımından sevindirici haldır. Ölkədə çoxuşaqlı ailələrin artması xalqımızın demoqrafik gələcəyi, genefondunun qorunması baxımından da önəmlidir. Amma bir oxucumuzun elektron poçtumuza göndərdiyi məktubda deyilən faktlar bambaşqa nəticələr çıxarmağa əsas verir.
Adının çəkilməsini istəməyən, bir neçə il öncəyədək Bərdə rayon mərkəzində yerləşən orta məktəblərdən birində müəllim kimi çalışmış oxucumuz Moderator.az-ın baş redaktoruna ünvanlanmış müraciətində yazır:
“Hörmətli Zülfüqar müəllim! Öncə sizi və əməkdaşlarınızı saytınızın 4 yaşı münasibətilə təbrik edir, uğurlar diləyirik. Müxtəlif mövzularda yazılarınızı izləyirik və onların cəmiyyət, o cümlədən dövlət qurumları tərəfindən necə həssaslıqla qarşılanmasından xəbərdarıq. Odur ki, elə ürəyimizdən keçən narahatlıqları məhz sizinlə bölüşmək qərarına gəldik.
Doğrusu, bu barədə sizə məlumat verməyə tərəddüd edirdim. Kiminsə ailəsi, əqidəsi ilə bağlı məsələləri müzakirə etmək doğru deyil. Ölkəmizdə Konstitusiya və qanunlarımızla müəyyən olunmuş vicdan, etiqad azadlığı var. Bunlar həssas məsələlərdir. Amma bu gün Rusiya saytlarında oxuduğum bir xəbər məni bir Azərbaycan vətəndaşı, müsəlman olaraq sarsıtdı. Məsələ bundadır ki, həmin xəbərdə bu yaxınlarda Bərdədə 14-cü övladı doğulan İsgəndərovlar ailəsi müsəlman ailəsi kimi təqdim edilir. Bildiyim gerçəklik isə bambaşqadır. Burada artıq bir ailədən yox, Azərbaycan xalqının gələcəyindən, milli dövlətçiliyimizin taleyindən gedir. Çünki yeni doğulmuş 14-cü övlad da daxil olmaqla o ailənin hər bir üzvü Azərbaycanı təmsil edən və edəcək bir vətəndaşdır. Bütün mənalarda gələcəyimiz isə hər bir vətəndaşın xalqımıza, milli dövlətçiliyimizə bağlılıq əqidəsindən asılıdır. Amma İsgəndərovlar ailəsini tanıyanlar yaxşı bilir ki, bu ailənin kiçikdən böyüyə bütün üzvləri müsəlman dininə yox, anormal əqidəli bir dini cərəyana xidmət edir...
Özüm 2011-ci ilədək Bərdədəki orta məktəblərdən birində müəllim işləmişəm. Təxminən 2007-2010-cu illərdə İsgəndərovlar ailəsinin bir neçə övladına dərs demişəm. Və o zaman görmüşəm ki, bunlar müsəlman kimi müsəlman, nə xristian kimi xristian, nə də yəhudi kimi yəhudidirlər. Təhlükə də məhz bundadır...İsgəndərovlar ailəsi ilə bağlı müşahidələrimdən sonra belə yekdil nəticəyə gəldim ki, bu ailə bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda qadağan olunmuş qeyri-ənənəvi “Yehovanın Şahidləri” adlı qondarma bir cərəyana mənsubdurlar. Övladlarının adları əsasən müxtəlif peyğəmbərlərin adlarıdır, Məhəmməd peyğəmbərdən(s) başqa... Məsələn, oğlanlarından birinin adı Yunis, digərininki Yusifdir. Yaxşı yadımdadır ki, İsgəndərovların övladları şagird kimi digərlərindən çox seçilirdilər. Məsələn, onlar dövlət atributlarını: himni, bayrağı qəbul etmirdilər. Uşaqlara himn oxutduranda onlar oxumurdular. Deyirdilər ki, ata-anamız deyir ki, bizə himn oxumaq olmaz. Xaraktercə tam qapalı idilər. Halallığı, düzlüyü qəbul edir, İsa Məsihdən, Musa peyğəmbərdən danışanda simaları açılır, amma İslamdan, Peyğəmbərimizdən (s) bəhs edəndə susurdular... Təəssüf ki, o zaman həmin uşaqların valideynlərini bu zərərli cərəyanın təsirindən qurtara bilmədik. Çünki onlar artıq bütünlüklə bu qondarma dinin yanlış əqiqəsinə bağlanmışdılar...
Xristianlıq, iuadaizm kimi din nümayəndələri ölkəmizdə xeylidir. Və onları dini əqidəsinə görə qınamaq ixtiyarımız yoxdur. Amma söhbət radikal, mahiyyətində ekstremizm elementləri olan təriqət və icmalardan gedir. Qardaş Türkiyədəki son dövlət çevrilişinə cəhd zamanı bunların hansı təhlükə kəsb etdiyini gördük. Belə cərəyanlar çox zaman insanların maddi ehtiyac içində yaşamasından da yararlanaraq onları pul, ərzaq yardımı ilə də şirnikləndirirlər. Çətinliklə dolanan İsgəndərovlar ailəsi də məhz bu üsulla tora düşmüşdü...
Hörmətli baş redaktor! Vaxtınızı çox almaq istəmirəm. Amma onu da bilirəm ki, “Yehovanın Şahidləri” “Vahid Dünya Dövləti” qurmaq istəyən super güclərin gələcəkdə bütün xalq və dövlətlərin məhvinə hesablanmış məkrli bir ssenarinin icraçılarındandır. Bu “din”in təbliğatçıları əsasən əllərində Zəbur, Tövrat və İncilin birləşməsindən ibarət olan "Müqəddəs Kitab”la gəzən qadınlardır. Onları bir neçə dəfə Bərdədə öz həyətimizdən və məktəbdən şagirdlər arasında təbliğat apararkən qovmuşuq. Bilirəm ki, Gəncə və Bakıda da bu təriqətin güclü dayaqları var. Onlar vətəndaşlarımıza, övladlarımıza çox təhlükəli düşüncələr təlqin edirlər. “Yehovanın Şahidləri” dövlətin atributlarını, hərbi xidmət anlayışını, qanvermə - qanalma kimi tədbirləri və s. qəbul etmirlər. Hətta öz “dinləri”nə qulluq edən düşmən xalqın vətəndaşını belə, özlərinə qardaş kimi görürlər. Yəni, "Yehova şahidi"nin üzvü olan azərbaycanlı erməniyə güllə atmağın əleyhinədir. Bundan başqa onlarda Qurana qarşı kinayə ilə yanaşma tərzi də hökm sürür...
Hörmətli Zülfüqar müəllim! Bütün bunları danışmaqda məqsədim 16 üzvü olan İsgəndərovlar ailəsinin özləri və Azərbaycanın bu günü və gələcəyi üçün kəsb etdikləri təhlükəni düzgün anlatmaq üçün yazıram. Xahiş edirəm, bu ailə barədə müvafiq dövlət orqanlarını məlumatlandırın. İsgəndərovlar ailəsini – xalqımızın canlı bir “hüceyrəsini” təcili olaraq düşmən qüvvələrin torundan qurtarmaq lazımdır. Onu da deyim ki, müşahidələr göstərir ki, “Yehovanın Şahidləri”nin toruna düşmüş ailələr az deyil. Və belə gedərsə, onların sayı arta bilər. Görünür, Azərbaycanda bu cərəyanın arxasında dövlət strukturlarında özünə yer etmiş bəzi xəyanətkar məmurlar durur. Yoxsa, xaricdən idarə olunan bu təriqət belə arın-arxayın paytaxtımızı, rayonlarımızı gəzib təşkilatlanmaz, 16 nəfərlik bir ailəni caynağına keçirə bilməzdi... Kim bilir, nurçuluq, vəhabilik kimi bəlkə burda da keçmiş MTN-nin “barmağı” olub...”