Bank müştərilərinə dərs olacaq olay- xanım işçi müştərilərin pulunu necə mənimsədi? Təfərrüat

2-11-2016, 23:14           
Bank müştərilərinə dərs olacaq olay- xanım işçi müştərilərin pulunu necə mənimsədi? Təfərrüat
Azərbaycanda fəaliyyət göstərən baklarda vətəndaşların başına açılan hər cür fırıldaq, oyunlar bardə çox yazılıb. Faizlərlə müştərilərin cibini boşaldan banklarda bu azmış kimi vətəndaşların adına götürmədikləri halda kreditlər yazılır,onların adından zamin durulur və s.

Bu cür dələduzluq əməllərindən daha birinin üstü açılıb. Bank əməkdaşı vətəndşları müxtəlif yollarla aldadıb. Söhbət lisenziyası ləğv edilmiş “Parabank”ın Nəsimi filialında üçüncü kateqoriyalı satış mütəxəssisi kimi çalışmış Sevda Kərimovanın əməllərindən gedir.

Onun dələduzluq əməllərinin üstü açılandan sonra Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək həbs edilib.

S.Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəmədə məlum olub ki, bankın əmanətçiləri İsa Hüseynov, Almaz Səmədova, Əliqulu Səmədov, Ziyad Mustafayevin adına saxta kredit müqavilələri tərtib edilib. Bu cinayət əməlləri 2012-ci ilin dekabr ayından başlayıb.

Müştərilərin pulunu girov qoyub kredit götürüb...

S.Kərimova ilk olaraq bankın müştərisi Əvəz Məmmədovun adından ərizə yazıb və onun əvəzinə imzalayıb. Bundan sonra Bəxtiyar Məmmədov adlı müştərinin depozit hesabında olan 15 min manatını girov qoyaraq, Əvəz Məmmədova plastik kart vasitəsilə kredit ayrılması barədə sənədlər hazırlayıb. Bununla əlaqədar Bəxtiyar Məmmədovun adına olan depozit hesabı bloklaşdırılıb. Kredit kartındakı 10 min manatı "Parabank"ın müxtəlif filiallarının bankomatlarından bir neçə dəfəyə nəğd şəkildə çıxarıb.

18 noyabr 2013-cü ildə Səmədov Əliqulunun adından kredit üçün ərizə tərtib edib, məzmununu ona izah etmədən imzalatdırıb və onun adına depozit hesabında olan 18 min manatı girov qoyaraq, plastik kart vasitəsilə 14 min 500 manat kredit ayrılması barədə müqavilə tərtib edib.

2014-cü ilin fevral ayında Ziyad Mustafayevin adından kredit üçün ərizə tərtib edib. Bank müştərisinə məzmununu ona izah etmədən imzalatdırıb və onun adına olan depozit hesabındakı 25 min manatı girov qoyaraq, 21 min manat krediti kassadan götürüb.

Ər arvadın 51 min dolları mənimsənilib

Bank işçisinin digər qurbanları isə İsa Hüseynov və həyat yoldaşı Almaz Səmədova olub. Hər iki şəxsin banka kredit borcu olub. İsa Hüseynovun 21 min 172 dollar, Almaz Səmədovanın adına isə 30 min 750 dollar.

Bankın Nəsimi filialında kredit ödənişilə bağlı müvafiq bank əməliyyatlarının aparılması üçün Sevda Kərimovaya müraciət ediblər. Kompüterdə sistemin işləmədiyini bəhanə edən S.Kərimova həmin məbləğlərin ödənilməsi barədə əlyazma tərtib edib. Bildirib ki, onlardan aldığı pulu sonradan sistemə daxil edəcək. Ər- arvaddan aldığı 51 min 922 dolları öz hesabına köçürüb.

Həmçinin İsa Hüseynov kredit kartı vasitəsilə götürdüyü 10 min dolları ödədikdən sonra Sevda Kərimova onun adına özü üçün yeni kredit kartı sifariş edib. Yeni kartdakı 10 min dolları bankomatlardan bir neçə dəfəyə çıxarıb.

Məhkəmə istintaqı zamanı S.Kərimova özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş Əvəz Məmmədovun adından götürülmüş kredit sənədlərini həmin vaxt müdir vəzifəsini icra etmiş Rəşad Dünyamalıyev və baş mühasib Sevinc Mədətovanın tapşırığı ilə icra edib, pulu kimin götürdüyünü də bilmir.

Zərərçəkmişlərdən Səmədov Əliqulu məhkəmədə deyib ki, kredit ayrılmasını özü istəyib, sənədləri də özü imzalayıb. O, S.Kərimovadan şikayətçi olmadığını söyləyib.

124 min manat ümumi zərər

Təqsirləndirilən S.Kərimovanın vəkili Ülkər Yusifova məhkəmədə təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, istintaq ümumilikdə 124 min 454 manat maddi ziyan hesablayıb. Sevda Kərimova isə banka 109 min 954 ödəyib.

Vəkil deyib ki, həmin zaman dolların məzənnəsi 0.7844 manat olub. Həmin məzənnə ilə hesablama aparılarkən dəymiş ziyan 94 min 71 manat olmalı imiş. Sevda Kərimovanın banka 109 min manatdan artıq ödədiyini deyən vəkil hələ müvəkkilinin bankdan alacağının olduğunu söyləyib.

Məhkəmədə dövlət ittihamçısı Sevda Kərimovaya 178.3.2-ci maddə ilə 8 il həbs cəzası istəyib. 313-cü maddə ilə isə müddətin keçdiyini əsas gətirib, cəza istəməyib.

Vəkil Ülkər Yusifova müdafiə çıxışında müvəkkilinin əməlində cinayət tərkibi olmadığını deyib.

S.Kərimovaya qarşı irəli sürülən ittihamların məhkəmədə də sübuta yetirilmədiyini deyən vəkil işin mülki xarakterli olduğunu bildirib.

Məhkəmədə zərərçəkmiş tərəflərdən biri də lisenziyası ləğv olunan “Parabank” olub. Bank nümayəndəsi dəymiş ziyandan 12 min 500 manatın hələ də ödənilmədiyini, bu məbləğ ödəniləcəyi təqdirdə şikayətlərinin olmayacağını bildirib.

Vurduğu zərəri ödədiyi üçün azadlığa buraxıldı

Sevda Kərimova son sözündə də günahsız olduğunu deyib. O, bankın filialında əməliyyatçı işlədiyini bildirib: “Mənim seçimim olmayıb ki, bu işi eləyə bilərəm, yoxsa yox”.

Məhkəmənin hökmü ilə Sevda Kərimovaya 7 il cəza verilib. Amma cəza iki il sınaq müddəti olmaqla, şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə belə nəticəyə gəlib ki, Sevda Kərimova vurduğu ziyandan da artıq ödəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.