Silkələnmələr, səs-küy, sızmalar: Ötürmə qutusunda problemləri vaxtında aşkar etməyin üsulları
Bu gün, 15:24

"Sürət qutusunun tezliklə sıradan çıxacağını öncədən göstərən əlamətləri vaxtında görmək mümkündür".
Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Vadim Strelbitski danışıb.
Mütəxəssisin sözlərinə görə, mexaniki sürət qutuları üçün ilk xəbərdarlıq siqnalı ötürmələrdəki dəyişikliklər zamanı yaranan problemlərdir.
"Əgər ötürücü qolu çətinliklə hərəkət edirsə, xırçıldama və ya metal sürtünməsi səsləri eşidilirsə, sürətlər dəqiq keçmirsə - bu, artıq nasazlığın aydın göstəricisidir. Robotlaşdırılmış qutularda isə bu cür nasazlıqlar ötürmələr arasında gecikmələr, tullanma və ya "boşluq" şəklində üzə çıxır. Bu, əksər hallarda muftanın sıradan çıxması, sinxronizatorların köhnəlməsi və ya ötürmə mayesinin azlığı ilə bağlı olur.
Avtomatik sürət qutuları və variatorlar isə adətən nasazlıq zamanı sürətlənmə zamanı sarsıntılar, sürüşmə (slip) və ya hərəkətə keçmədə gecikmə ilə siqnal verir".
Ekspert bildirib ki, ən narahatedici əlamət sürət dəyişərkən avtomobilin silkələnməsidir.
Strelbitski əlavə edib ki, sürət qutusu tərəfindən gələn istənilən qeyri-adi səslər sürücünü narahat etməlidir.
"Sürət yığdıqca artan uğultu, metal sürtünməsi və ya titrəyiş, neytral ötürmədə (xüsusən mexaniki qutularda) metal zərbə səsləri - bütün bunlar diyircəklərdə, dişli çarxlarda köhnəlmə və ya yağlamanın çatışmazlığından xəbər verir. Nasazlıq barədə vizual əlamət də, məsələn ötürmə mayesinin sızması ola bilər. Avtomobilin altında qırmızımtıl və ya qəhvəyi rəngdə ləkələrin görünməsi, eyni zamanda yağ səviyyəsinin tədricən aşağı düşməsi ciddi narahatlıq üçün əsasdır. Yağ çatışmazlığı tez bir zamanda detal aşınmasını artırır. İlk əlamətlər meydana çıxan kimi peşəkar servisdə yoxlama aparılması tövsiyə olunur. Təmirin gecikdirilməsi sürət qutusunun tam sıradan çıxmasına səbəb ola bilər".
Vadim Strelbitski qeyd edir ki, ötürmə mayesinin planlı şəkildə dəyişdirilməsi vacib şərtdir: avtomatik qutular hər 60-100 min km-dən bir, mexaniki qutular isə 80-120 min km-dən bir dəyişdirilməlidir: "Bundan əlavə, xüsusən qızmamış sürət qutusunda kəskin startlardan və həddindən artıq yükləmədən çəkinmək tövsiyə olunur", - deyə o bildirib.