AZAL təyyarəsinin vurulması əmrinin verildiyi gün - XRONOLOGİYA

Dünən, 09:51           
AZAL təyyarəsinin vurulması əmrinin verildiyi gün - XRONOLOGİYA
2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarə ilə baş verən faciənin yeni təfərrüatı öyrənib. Hücum zamanı radar nəzarəti ilə müşayiət olunmayan hava hədəfinin məhv edilməsi əmrini verən rusiyalı general-mayor Aleksandr Tolopilonun hərəkətləri diqqət mərkəzindədir. "Pantsir-S" zenit-raket kompleksində müəyyən edilmiş texniki nasazlıqlar, habelə insidentin əsl səbəblərini gizlətmək cəhdləri əlavə narahatlıq doğurur.

Oxu.Az xəbər verir ki, "Minval Politika" etibarlı mənbələrə istinadən həmin gün baş verən hadisələrin mərhələli xronologiyasını dərc edib.

2024-cü il dekabrın 25-i saat 03:26-da Rusiyanın Şimali Qafqaz Federal Dairəsinə daxil olan bölgələrində "Pilotsuz Təhlükə" siqnalı elan edilib. Siqnal həmin gün saat 12:00-dək qüvvədə olub.

Mülki aviasiyanın təhlükəsizliyini təmin etmək məqsədi ilə saat 08:05-də Şimali Osetiya ərazisində "Xalça" siqnalı tətbiq edilib. 51-ci Hava Hücumundan Müdafiə (HHM) Diviziyфsının əməliyyat növbətçisi, podpolkovnik Nikolay Orlyanski siqnalın tətbiq edilməsi barədə 4-cü Hərbi Hava Qüvvələri və HHM qvardiya ordusunun əməliyyat növbətçisi polkovnik Gennadi Yeryomenkoya, Hava Kosmik Qüvvələrinin əməliyyat növbətçisi P.A.Qusevə, həmçinin 51-ci HHM diviziyasının komandiri, general-mayor Aleksandr Tolopiloya məruzə edib.

Saat 08:12-də general-mayor Aleksandr Tolopilo Qroznı (Severnı) aerodromunun nəzarət məntəqəsindən 50 km radiusda "Xalça" siqnalını tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, "Xalça" siqnalı bütün hava gəmilərinin dərhal enişini və ya müvafiq zonadan çıxması tələbini nəzərdə tutur.

Saat 07:23-dən saat 09:07-dək 4-cü HHQ və HHM qvardiya ordusunun 51-ci HHM diviziyasının radiolokasiya kəşfiyyat vasitələri tərəfindən Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən "Embraer 190" təyyarəsi müşayiət olunub.

4-cü HHQ və HHM ordusunun rəhbərliyinin təqdim etdiyi materiallara əsasən, saat 07:23-dən 08:09-dək radilokasiya müşayiəti sabit olub.

Qroznı aeroportuna eniş zamanı, saat 08:09-dan 08:13-dək "Embraer 190" təyyarəsi radiolokasiya kəşfiyyat vasitələri ilə müşayiət olunmayıb. Sonra saat 08:13-dən 09:07-dək müşayiət yenidən sabitləşib.

Saat 08:12-d 274 nömrəli "Pantsir-S" döyüş maşınının komandiri kapitan Dmitri Paladiçuk hava hədəfinin - ehtimala görə təyyarə tipli pilotsuz uçuş aparatının aşkarlanması barədə məruzə edib.

Saat 08:13-də Paladiçuk Orlyanskidən Tolopilonun hədəfin məhv edilməsi əmrini mobil telefon vasitəsilə alıb.

Nəticədə saat 08:13:27-də idarəolunan 95YA6 zenit raketi ilə ilk buraxılış həyata keçirilib, saat 08:13:48-də eyni raket ilə ikinci buraxılış olub. Hər iki raket "Embraer 190" təyyarəsini vurub.

Məlumata əsasən, Tolopilo yanlış ifadələr verərək bildirib ki, guya hər iki raket özünü məhv edib və hədəfi vura bilməzdi. O, radiolokasiya kəşfiyyat vasitələrinin vəziyyətinin lazımi dərəcədə olmadığı faktını da istintaq orqanlarından gizlədib.

Bütün bu aşkarlanmış pozuntulara baxmayaraq, Tolopilo təcili surətdə Şərqi Hərbi Dairənin 11-ci HHQ və HHM ordusunun komandanının müavini vəzifəsinə gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru