Qərbi Azərbaycan Xronikası: Bakının qəti mövqeyi - "Heç bir erməni sərhədçisi olmayacaq" VİDEO

Dünən, 16:18           
Qərbi Azərbaycan Xronikası: Bakının qəti mövqeyi -
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"ABŞ Zəngəzuru istəyir, Bakı nə deyir?" adlı süjetdə bu il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundan bəhs olunub.

Bildirilib ki, forumun əsas müzakirə mövzusu "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" idi: "Prezident İlham Əliyevin Xankəndidə Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamaları bu yolun Avrasiyanın nəqliyyat şəbəkəsində nə qədər əhəmiyyətli olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa hesablanıb. Dövlət başçısı beynəlxalq yükdaşımalarda bu qədər əhəmiyyətli olan layihənin məhz Ermənistana görə reallaşmadığına diqqət çəkməklə rəsmi İrəvanı beynəlxalq ictimai rəylə üz-üzə qoyub".

Qeyd olunub ki, Azərbaycan Prezidenti Vaşinqtonun Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək planına da aydınlıq gətirib: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan "Avropa müşahidəçiləri"ni də sərhədə dəvət edib. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Bizim üçün ən başlıca məsələ odur ki, Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bizim yüklər və Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqlar".

Ermənistanda isə hesab edirlər ki, Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdış prosesinin ilkin mərhələsi deməkdir. Erməni şərhçi Arman Abovyanın iddiasına görə, "Zəngəzur dəhlizi Ermənistanın Qərbi Azərbaycana çevrilməsi doktrinasının ilkin mərhələsidir. Türkiyə-Azərbaycan tandemi Qərbi Azərbaycan məsələsində Ermənistana təzyiqləri artırır. Məntiqi sonluq azərbaycanlıların Ermənistana qayıtması və burada məskunlaşması ilə nəticələnəcək".

Diqqətə çatdırılır ki, ABŞ-nin icarə planının Azərbaycan ərazisinə heç bir aidiyyəti yoxdur: "Bakının əsas tələbi Naxçıvana maneəsiz və təhlükəsiz keçidin əldə edilməsidir. Burada heç bir fiziki təmas olmalı deyil, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru