Bir qalanın sirri: ‘Davudun oğlu Məsudun qülləsi' – REPORTAJ, FOTOLAR
13-11-2016, 15:27
Qədimiliyi və öz sehri ilə hər kəsi özünə cəlb edən Qız qalası bütün dövrlərdə insanların marağına səbəb olub. Öz qədimiliyi və möhtəşəmliyi ilə dünyada Azərbaycanı tanıdıb.
Bu abidənin tarixi haqda bir çox versiyalar irəli sürülsə də, Qız qalasının nə zaman və kimin tərəfindən tikilməsi hələ də sirr olaraq qalır.
Musavat.com olaraq, biz də bu sirli aləmə səyahət etmək qərarına gəldik.
Məsud ibn Davuda məxsus olduğu deyilən qala...
Təmir-bərpa işlərindən sonra qalada bir çox dəyişikliklər edilib. Qalanın içərisində tarixilik qorunmaqla, yeni monitorlar, qədim dövrə aid olan əşyalar yerləşdirilib. Bu əşyaları xüsusi işıq effektlərinin müşayiət etməsi isə, sözün əsil mənasında, insanı nağıllar aləminə aparır.
Belə ki, təmirdən əvvəl mərtəbələr qaranlıq olsa da, indi qalanın mərtəbələrinə xüsusi işıq effektləri quraşdırılıb. Mərtəbələrin hər birində nəzarətçi qız və oğlanlar dayanıb, gələn yerli və xarici qonaqlara Qız qalasının tarixi barədə məlumat verirlər.
Bununla yanaşı, qala ilə bağlı fərziyyələr və rəvayətlər də gələnlərin diqqətinə çatdırılır. Qız qalasının divarlarında yerləşdirilən şüşə lövhələrdən ibarət olan məlumat qurğularından da bu qalanın tarixi barədə bir çox məlumatlara yiyələnmək mümkündür.
Qalada illərdir ki, olduqca sadə bərpa işləri aparılıb. Lakin hazırda qala qədim və yeni tikinti ənənələri ilə həmahənglik təşkil edir. Səkkiz mərtəbədən ibarət olan qalanın hər bir mərtəbəsi dairəvi dəlikli günbəz ilə tamamlanır. Mərtəbələr bir-birinə olduqca dar, bir adamın zorla yerləşdiyi daş pilləkənlərlə birləşir.
Qalanın cənub-qərb hissəsində kufi (ərəb) əlifbası ilə bunlar yazılıb: "Məsud ibn Davudun qalası".
Daşların növünə və formasına görə alimlər belə ehtimal edirlər ki, bu kitabələr Qız qalasının divarlarına təxminən XII əsrdə bərpa işləri zamanı həkk edilib. 1960-cı ildə isə, qalada sonuncu dəfə təmir-bərpa işləri aparılıb.
Qalanın sirli qatları: Qız qalasının mərtəbələrində nələr var?
Qalanın birinci mərtəbəsinin dirvarlarının içərisində oyuqlar var. Bu oyuqlar daxili diametri 30 sm olan dulusçuluq borularıdır. Bir neçə əsr əvvələ aid olan məişət əşyaları – nimçə qalıqları, dolça hissələri, taxta qaşıq və s. - tarixi əhəmiyyət kəsb edən əşyalar divara yerləşdirilmiş olan dolaba qoyulub və hər birinin üzərində məlumatlar yer alıb.
İkinci mərtəbədə qala divarları haqda maraqlı məlumatlar verilən 3 monitor yerləşdirilib. Bu monitorlarda Qız qalasının tarixi haqda vizual olaraq məlumatlar verilir. Görüntülərdə qalanın tarixi haqda olan rəvayətlər video şəklində gələn qonaqlara çatdırılır.
Qalanın üçüncü mərtəbəsində 3 ədəd maket qoyulub. Qız qalasının ən maraqlı özəlliyini də məhz bu mərtəbədə görmək mümkündür. Burada diametri 13.5 sm olan su quyusu var. Ümumilikdə isə, həmin su quyusunun dərinliyi 13 metrə çatır. Quyunun üzərinə bərkidilmiş möhkəm şüşə isə, gələn qonaqların bu quyunu təhlükəsiz şəraitdə seyr etməsinə imkan yaradır.
Üçüncü mərtəbədə müşahidələrimizi yekunlaşdırıb, qalxırıq dördüncü mərtəbəyə... Bu mərtəbədə İçəri Şəhərin böyük maketi yerləşdirilib. Möhtəşəmliyi ilə göz oxşayan maketdə işıqlanan obyektlər haqda məlumatlar verilir və bu məlumatları video görüntülər müşayiət edir.
Qalanın beşinci mərtəbədəsində elektron kitablarla tanış olmaq mümkündür. Bu kitablar müxtəlif mövzulara həsr olunub. Bunlara misal olaraq, şəkillərlə təsvir olunan "Qız qalası incəsənətdə", "Qız qalası Beynəlxalq incəsənət festivalı" və "Qız qalası əfsanələri" kitablarını göstərmək olar.
Altıncı mərtəbə qalanın müdafiə xarakteri kimi təsvir olunur. Burada Bakının tarixini təsvir edən səkkizguşəli maket hazırlanıb. Maketlərin hər birində monitorlar yerləşdirilib. Monitorlarda Bayıl qəsri, qədim döyüş alətləri, "Babək" filmindən qısa fraqmentlər əks olunur. Mərtəbələrin hər birində qədim dövrlərdə istifadə olunan döyüş ləvazimatları, müxtəlif sursatlar da sərgilənir.
Qalanın 7-ci mərtəbəsi ibadətgah kimi istifadə olunur. Mərtəbənin divarında işıq effektləri ilə təsvir olunan Günəş şüalarında od əks olunub. Rəvayətdə deyilir ki, qadının əllərinə Günəşdən bir parça od düşür. Bu isə əvvəllər Azərbaycanda oda deyil, birbaşa günəşə sitayiş olunmasına dəlalət edir.
Və nəhayət, binanın daxilinin son mərtəbəsi olan səkkizinci mərtəbə… Bu mərtəbədə qala qədim rəsədxana kimi nümayiş olunub. Mərtəbədə quraşdırılmış eksponatda bildirilir ki, qədim astronomlara görə, bu qaladan rəsədxana kimi də istifadə olunub. Elə bu mərtəbədə texnologiyanın köməyi ilə hazırlanan süni ulduzları da izləmək mümkündür.
Qalanın ən son mərtəbəsi olan doqquzuncu mərtəbədə isə, Bakının mənzərəsini seyr etmək, Azərbaycanın paytaxtını daha yaxından “tanımaq” mümkündür. Qalanın üstünün yuxarı kənarları isə şüşə ilə əhatələnərək, qoruyucu funksiyasını daşıyır. Burada mühafizəçi ətrafa nəzarət edir.
Nəzarətçi deyir ki, “Yay aylarında buranı gündə 400-dən çox turist ziyarət edir”.
Bələdçilərin verdiyi məlumata görə, qalaya həftə sonları 200-dən çox insan ziyarətə gəlir. Yay aylarında isə bu rəqəm iki dəfə çox olur.
Onların sözlərinə görə, yerli əhali əsasən şəhərə yuxarıdan baxmaq, burada fotolar çəkdirmək üçün gəlirlər. Xarici ölkə vətəndaşları isə, əsasən qalanın tikintisinə və taxirinə maraq göstərirlər.
Musavat.com,