Şəmistan Nəzirlinin İTV yalanları

14-11-2016, 10:14           
Şəmistan Nəzirlinin İTV yalanları
Noyabr ayının 9-da Azərbaycanın ictimai kanalı olan İTV xalqımızın görkəmli oğlu Əlağa Şıxlinskiyə həsr olunmuş veriliş nümayiş etdirirdi. Filmin aparıcısı hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirli idi. Bədnam qonşularla münasibətlər hələ də gərgin olaraq qalmaqdadır. Belə bir vəziyyətdə xalqa, tamaşaçılara ətraflı, arxiv sənədlərinə əsaslanan dəqiq məlumat vermək əsas şərtdir, yəni xalqa yanlış məlumat vermək, rəvayət söyləmək yolverilməzdir, günahdır, ən azından ayıbdır.
Verilişin bir yerində Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 1993-cü verdiyi müsahibə də var. O deyirdi ki, Əlağa Şıxlinski ömrünün sonlarında gözləri görmür, yazı yaza bilmirdi. Ancaq ürəyində çoxlu sözlər, çoxlu xatirələr vardı. Ona görə də bu xatirələri yazmaq üçün Azərbaycan filosofu, görkəmli alim Heydər Hüseynov onunla əlaqə saxlayır və xatirələr belə meydana gəlir. “Heydər Hüseynovun bu hərəkətini “sapı özümüzdən olan baltalar” Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Bağırova xəbər verirlər. O da Heydər Hüseynovu yanına çağırır, çar generalı ilə əlaqə saxladığına görə danlayır.”
Əsl həqiqətin necə olduğunu bilmək üçün tanınmış publisist yazıçı - tədqiqatçı Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabına müraciət etmək lazımdır. Üçüncü kitabın “Mir Cəfər Bağırov və Heydər Hüseynov” bölməsindən (səhifə 197-dən 200-ə kimi) oxuyuruq:
“1942-ci ildə xalqımız üçün əlamətdar bir hadisəyə hazırlıq görülürdü. Bir il sonra – aprelin 23-də məşhur generalımız Əliağa Şıxlinskinin 80 yaşı tamam olacaqdı. Yubilyar özü haqqında belə deyirdi: “Artıq çox qocalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam”. (Bax: Ə.Şıxlinski. Xatirələrim. Təkrar nəşr, Azərnəşr, 1984, səh.12).
Generalın “başqası” söylədiyi H. Hüseynov, onu qocaman hərb xadiminin yanına göndərən isə M. C. Bağırov idi. H. Hüseynovun gərgin əməyi öz bəhrəsini vermiş, kitab 1943-cü ildə tamamlanmış və 1944-cü ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının nəşriyyatı tərəfindən buraxılmışdır. 1943-cü ilin noyabr ayında (həmin il avqustun 18-də Ə.Şıxlinsiki vəfat etmişdi – T.Q.) H. Hüseynov M. C. Bağırovun tapşırığı ilə hərb elmləri doktoru, Stalin mükafatı laureatı, general - mayor, professor Yevgeni Barsukovdan xahiş etmişdi ki, Azərbaycan generalının “Xatirələri”nə ön söz yazsın.
Y. Barsukov Ə.Şıxlinskinin “Xatirələri”nin əlyazması ilə tanış olduqdan sonra yazdığı “Müqəddimə”də azərbaycanlı generalın barəsində ürək sözlərini belə ifadə edir:
“Əliağanın adı köhnə rus topçularının yeganə sağ qalan nümayəndəsi kimi mənim üçün olduqca əziz və qiymətlidir: Mən ona həmişə səmimi hörmət və ehtiram bəsləmiş, onunla 1906-1917- ci illərdə keçmiş Topçu zabitləri məktəbində birlikdə işləmişəm... Təbiət Əliağaya böyük ağıl, hərbi məharət istedadı, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi. Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadı - bütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə və köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli bir yer tutmağa imkan vermişdi... Şəxsi həyatında Əliağa sonsuz bir məhəbbətlə arvadını sevən sədaqətli bir ər idi, onun övladı yox idi. İçki və qumara nifrət edərdi, heç bir zaman spirtli içki içməzdi, pul ilə kart və sair oyun oynamazdı. O, çox mehriban və qonaqpərvər bir adam idi, yoldaşlarını tez-tez ləzzətli plova qonaq edər, bunu da həmişə özü bişirərdi. Əliağa heç bir zaman mənsəb dalınca düşməmişdir, onun heç bir himayəçisi olmamışdır. Xidmətdə irəli getmək üçün o, heç bir intriqaya əl atmamışdır. Mənsəb özü onun ayağına gəlmiş və o, köhnə ordunun topçuluğunda yüksək vəzifə qazanmışsa, bu cəhətdən o tamamilə özünə borcludur... Əliağanın aldığı hərbi tərbiyə, təhsil, rus ordusunda xidməti, şanlı döyüş fəaliyyəti və keçdiyi yol elə bir həyat nümunəsidir ki, öz Vətəninin şərəf və namusunu, azadlıq və istiqlaliyyətini qorumaq kimi müqəddəs bir vəzifəyə layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlidir”.
Arxivdə Y. Barsukovun M. C.Bağırova göndərdiyi məktublar da saxlanılır. 1944-cü il aprel ayının 10-da Bakıya göndərdiyi məktubunda yazırdı:
“Çox hörmətli Mir Cəfər!
Mən özümə şərəfli bir borc bildim ki, Sizin xahişinizi yerinə yetirim. Rus artilleriyasında köhnə dostum və sirdaşım Əliağa Şıxlinskinin “Xatirələrim” kitabına müqəddimə yazdım. Mən bu əməyimə görə, cüzi də olsa belə, qonorar almaq fikrində deyildim. Bu gün gözlərimə inanmadım: Siz mənə füsunkar Azərbaycan torpağının təbii zənginliyinin rəmzi olan bir ərməğan göndərmisiniz. Sizdən nə gizlədim, müharibənin törətdiyi fəlakətlər nəticəsində yaranmış ərzaq qıtlığı şəraitində ailəmiz üçün bu, misilsiz yardımdır. Mənə sonsuz sevinc bəxş etdiyiniz həmin gün Sizdən ikinci hədiyyəni aldım - ünvanıma iki min manat məbləğində pul göndərmisiniz. Sizdən, çox hörmətli Mir Cəfər, nə gizlədim, bu sürpriz mənim üçün bir möcüzədir, qəlbimin dərinliyindən qopan minnətdarlığımı qəbul edin. İndiki bahalıq şəraitində fərdi təqaüdümün məbləği azlıq edir. Stalin mükafatından qəpik-quruş qalıb. Hərbi nəşriyyatla müqaviləyə əsasən qonorarımı ala bilmirəm. Hələ 1941-ci ilin mayında Baş artilleriya marşalı N.N.Voronovun razılığı ilə kitabım nəşr olunmalı idi.
Bir daha Sizə minnətdarlığımı bildirirəm.
Səmimi hörmətlə: Yevgeni Barsukov
10.IV.1944
Moskva”
Arxivdə saxlanılan bir teleqramdan aydın olur ki, M. C. Bağırov moskvalı hərbi təqaüdçünü 1 May bayramı ərəfəsində də yaddan çıxarmamışdır. Azərbaycan K(b)P MK-ya Moskvadan göndərilmiş teleqramda deyilir:
“Bakı. Azərbaycan KP MK katibi Mir Cəfər Bağırova
May bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Zəngin bayram hədiyyəsi üçün təşəkkürümü bildirirəm. Vətənimizin çiçəklənməsi naminə Sizə uğurlu fəaliyyət arzulayıram. Professor Barsukov.
30.IV.44”
SSRİ EA Azərbaycan Filialı tərəfindən bilavasitə H. Hüseynovun iştirakı ilə ana dilimizdə və rusca 1944-cü ilin may ayında yeddi min beş yüz nüsxə tirajla buraxılmış “Xatirələrim” kitabının yayılmasına da alimin özü rəhbərlik etmişdi. Bundan əlavə, M.C.Bağırovun təklifi ilə H. Hüseynov Y.Barsukovun Əliağa Şıxlinski haqqında məqaləsini azərbaycanca və rusca ayrıca kitabça halında nəşr etdirmiş, qonorarını müəllifə poçt ilə göndərmişdi. Beləliklə, Azərbaycan alimi ilə rus generalı arasında canlı Bakı-Moskva körpüsü yaranmışdı. Alim-general “Xatirələrim” kitabının Moskvada da yayılmasını təşkil etmişdi. Arxiv sənədlərimndən aydın olur ki, Ə.Şıxlinskinin “Xatirələrim” kitabı nəşr edildikdən dərhal sonra H. Hüseynov Moskvaya, Y.Barsukova altı nüsxə göndərmişdir. Bir neçə gündən sonra “Müqəddimə” müəllifindən Bakıya aşağıdakı məktub gəlmişdir: “Hörmətli yoldaş Heydər Hüseynov! Əliağa Şıxlinskinin kitabından 6 nüsxə göndərdiyiniz üçün səmimi - qəlbdən təşəkkür edirəm. Həmin kitablardan beş nüsxəsini Voronov, Yakovlev, Proçko, Xoxlov və Samsonov yoldaşlara vermişəm... Əgər mümkünsə, bizim şanlı Qızıl Ordu komandanlığının Əliağa Şıxlinskinin “Xatirələrim”i ilə maraqlanan bəzi üzvlərinə verməkdən ötrü SSRİ EA Tarix İnstitutunun direktoru, akademik Qrekova da 6 nüsxə göndərməyinizi xahiş edirəm. Sizə səmimi - qəlbdən hörmət edən professor Yevgeni Barsukov” “.
Füzuli Baratov
"Təzadlar" qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.