Bakından savaş hədəsi, Kremldən “ortaq ordu” təsəllisi – işğalçı qorxu və ümid arasında...
15-11-2016, 10:09
Prezidentin cəbhə xəttindən düşmənə verdiyi sərt xəbərdarlıq mesajları hədəfə dəyib; seçim yenə Ermənistanındır: sülh istəməsə, müharibə alacaq; Moskva erməni silahlı qüvvələrinə daha yaxşı nəzarət mexanizmi hazırlayır?..
Azərbaycan Ordusunun noyabrın 12-də - Konstitusiya günü başladığı və müstəqillik tariximizdə ən iri hərbi təlimləri davam edir. Təlimlərin ilk günündəcə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində olması, faktiki, hərbi təlimlərin açılışını etməsi, üstəlik də düşmənlə cəmi bir neçə yüz metrlik məsafədə, həm də kamuflyajda ona sərt ismarışlar göndərməsi təlimlərin effektinə xüsusi ağırlıq qatır.
Bu, əlbəttə ki, sadəcə, olaraq əzələ nümayişi deyil. Bu, ən əvvəl və bir daha ordumuzun, bütövlükdə Azərbaycanın işğal altındakı torpaqlarla bağlı məramının ciddiliyinin təsbitidir. İşğalçı ölkə tezliklə ədalətli mövqeyə gəlməzsə, bunun ağır nəticələrindən onun qaça bilməyəcəyinin ən barizi şəkildə anonsudur.
Nəhayət, bu, o deməkdir ki, Bakının sülh çağırışlarını, optimal muxtariyyət təklifini qəbul etməyən, kəsəsi, sülh istəməyən düşmən məhz müharibə alacaq. Prezident necə demişdi? Qoy “Ermənistan başqalarının gücünə güvənməsin, ağlını başına yığsın, əks halda, Lələtəpə kimi uğurlu əməliyyatlar təkrarlana bilər”. Bundan aydın mesaj?
***
Məsələ də ondadır ki, rəsmi Bakı İrəvanın hətta “başqa güclərə” - havadarlara ümid eləməsini də ondan ötrü xilas yolu olmayacağının anonsunu verib. Əslində düşmən üçün ən ciddi xəbərdarlıq elə budur. Çünki Ermənistanın hər variantında ümid elədiyi yeganə qüvvə - müttəfiqi Rusiyadır.
Lakin 4 günlük aprel döyüşlərindəki rüsvayçı uğursuzluq göstərdi ki, ermənilərin ruslara bel bağlaması bir elə etibarlı, zəmanətli məsələ deyil. Çünki bəlli odlu ki, Kremlin də bölgə ilə bağlı öz maraqları, o sırada ciddi önəm verdiyi Türkiyə və Azərbaycanla münasibətlər məsələsi var və s.
Təsadüfi deyil ki, apreldə - erməni ordusunun “məğlubedilməzlik” mifinin darmadağın edilməsindən dərhal sonra işğalçı ölkədə Rusiyaya qarşı əsl isterika baş qaldırdı, etirazlar, yürüşlər keçirildi, hətta Putinin portreti və Rusiya bayrağı yandırıldı. Doğrudur, bunun ardınca Moskva ermənilərin könlünü almaq, onları sakitləşdirmək üçün müəyyən addımlar atdı, ermənilərə “İsgəndər oyuncağı” verdi.
Amma düşmənin təlaşı keçmədi. Ona görə ki, ilk dəfə anladı ki, Rusiya həmişə onun arxasında durmaya da bilər. Bu təlaş Moskva-Ankara münasibətlərinin qaydaya düşməsi və istiləşməsi fonunda davam edir və yəqin ki, heç vaxt Ermənistandakı kriminal Sərkisyan rejimini tərk etməyəcək.
***
Rusiya ilə Ermənistanın “ortaq ordu” məsələsi də faktiki şəkildə Kremlin eyni hədəfə hesablanmış növbəti gedişidir. Xəbər verildiyi kimi, prezident Vladimir Putin Rusiya və Ermənistanın birləşmiş ordu qrupunun yaradılması haqda saziş bağlanması haqda sərəncam verib. O, Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyinin iştirakı ilə Ermənistanla müzakirə aparmaq və razılıq əldə olunacağı təqdirdə sazişi imzalamağı tapşırıb.
Hələ ki ortaq ordunun əsas hədəfinin nə olduğu bilinmir. Ancaq məlumatlara əsasən, belə birləşmə yaradılarsa, ona dinc dövrdə erməni generalın, müharibə şəraitində isə rus generalın rəhbərlik eləməsi nəzərdə tutulur. Bu da erməni tərəfi qane eləmir. Çünki onlar üçün əsas olan elə müharibə situasiyasıdır.
Lakin aydındır ki, Rusiya belə kritik vəziyyətlərdə hansısa erməni generalın rus zabit və əsgərlərə komandanlıq edib, onlardan istədiyi şəkildə Azərbaycana qarşı açıq-aşkar hərbi təxribatlar törətməsinə, beləliklə də Moskva- Bakı və Moskva-Ankara münasibətlərini risk altına qoymasına imkan verməz.
Yeri gəlmişkən, hələ Türkiyə-Rusiya münasibətlərinin kritik olduğu dönəmdə - apreldə Ermənistan o vaxt öz ərazisindəki “İsgəndər” raket komplekslərindən istifadə etməyə cürətlənməmişdi - həm də ona görə ki, buna Moskva icazə verməmişdi. Verməzdi də...
***
Demək, “ortaq ordu” söhbəti də ermənilər üçün bir ilğım, lap dəqiqi isə bir tələdir. Ona görə ki, əslində bu layihə müharibə variantında erməni birləşmələrinin hərəkətinə Rusiyanın daha güclü nəzarət eləməsinə imkan yarada bilər.
Bir sözlə, Kremlin “ortaq ordu” projesi də işğalçı üçün sanballı təsəlli hesab oluna bilməz. Bu söhbətin məhz Azərbaycanın ən iri hərbi təlimlərə başladığı və İlham Əliyevin düşmənə sərt xəbərdarlıqları fonunda gündəmə gətirilməsi isə olsa-olsa işğalçıya “qorxma yanındayam” təsəllisidir. Təsəlli isə hələ “həmişə yanında olacağam” anlamına gəlmir.
Daha bir səbəbdən: Rusiya rəsmi şəxsləri və generaliteti dəfələrlə bəyan ediblər ki, Ermənistandakı rus hərbi birləşmələrindən heç vaxt Ermənistan hüdudlarından kənarda, o sırada Dağlıq Qarabağda istifadə edilməyəcək. Yalnız Ermənistanın özünə real təhlükə yaranarsa, iki və çoxtərəfli (KTMT) hərbi müttəfiqlik öhdəliyi işə düşə bilər. Azərbaycan və Türkiyə isə Ermənistana hücum etməyə hazırlaşmır.
Əlbəttə ki, bu heç də o demək deyil ki, Azərbaycan yüz faiz Rusiya sarıdan arxayın ola bilər. Ən azı, yaxın 200 ilin tarixi göstərir ki, Moskvanın bölgədə daimi dostları yox, daimi maraqları var. Bəlkə də normaldır. O zaman niyə Azərbaycan da öz daimi maraqlarından çıxış eləməsin ki...
Siyasət şöbəsi