Hökumətin Afrika ölkəsi ilə riskli əməkdaşlığı- Natiq Əliyev Burkina-Fasoda nə axtarır?

16-11-2016, 11:08           
Hökumətin Afrika ölkəsi ilə riskli əməkdaşlığı- Natiq Əliyev Burkina-Fasoda nə axtarır?
Qubad İbadoğlu: “Bu ölkə ilə Azərbaycan arasında əlaqələr yaratmaq üçün əhəmiyyətli sayılan nəsə görmürəm”
Qərbi Afrika ölkəsi olan Burkina-Faso ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi səylər göstərilir. Energetika naziri Natiq Əliyevin bu ölkəyə səfəri və səfərlə bağlı nazirliyin açıqlamaları ciddi müzakirələr doğurub.

Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istəyir.

Energetika Nazirliyindən AzərTAc-a bildirilib ki, bunu Burkina-Fasoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, energetika naziri Natiq Əliyev bu ölkənin prezidenti Roç Mark Kristian Kabore ilə görüşdə deyib.

“Biz azərbaycanlılar çətin yol keçmişik və bu gün dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmış, ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik”, - deyə nazir bildirib. Natiq Əliyev həmçinin qeyd edib ki, bütün bunlar yaxşı idarəçilik və əzmkarlıq sayəsində mümkün olub. Xarici investorların ölkəyə cəlb edilməsi və onların yatırdığı kapital milli iqtisadiyyatın müxtəlif sektorlarının inkişaf etdirilməsinə imkan verib.

Enerji sektorundakı vəziyyətdən danışan nazir deyib: “Biz hamımız razıyıq ki, elektrik enerjisi inkişafın təməl daşıdır. Bu gün enerjisiz heç bir iqtisadi və sosial inkişaf mümkün deyil. Məhz buna görə də biz öz xidmətlərimizi təklif edirik. Çünki bu sahədə böyük təcrübəmiz var. Biz gələcəkdə Burkina-Faso və Azərbaycan şirkətlərinin investisiyaları sayəsində bu sahədə irəliləyişə nail olacağıq”.

N.Əliyev qeyd edib ki, bu əməkdaşlıq əsasən dövlət şirkətlərinə aiddir. O əmindir ki, Burkina-Faso prezidentinə təklif etdiyi çoxsaylı layihələr bu ölkənin müxtəlif regionlarının inkişafına şərait yaradacaq və yeni resursların, xüsusilə neft məhsullarının ölkəyə axınına imkan verəcək.

Azərbaycanın Qərbi Afrika ölkəsi ilə iqtisadi əlaqələrə bu qədər ciddi önəm verməsi iqtisadçı ekspertlər tərəfindən birmənalı dəyərləndirilmir. Bir qisim qızıl ehtiyatı yüksək olan Burkina-Faso ilə qurulacaq əlaqələrin ölkəmiz adına müsbət töhfələr verəcəyini düşünür. Digər tərəf isə iqtisadiyyatı ürəkaçan olmayan, dünyada adı belə çox tanınmayan bir ölkə ilə Azərbaycanın əlaqələrə bu qədər səy göstərməsini nəticəsiz hesab edir. Azərbaycanın xarici investorların ölkəyə cəlb olunması üçün üzünü Avropadan Afrikaya çevirməsinə də iqtisadçılar müxtəlif rəylər verirlər.

Image result for Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, Burkina-Faso ilə əlaqələrə bu qədər önəm verilməsi məşhur filmlərdəki kimi qızıl axtarılmasına bənzəyir: “Burkina-Faso Afrikanın qızıl ehtiyatı ilə zəngin olan dördüncü ölkəsidir. Düşünürəm ki, rəsmilər orada qızıl axtarışına çıxan avropalıları xatırladırlar. Əslində Burkina-Faso Afrikada investisiya, biznes mühiti müflis olan ölkələrdən biridir. Harada risk böyükdürsə, orada qazanmaq imkanları daha çoxdur. Adətən dövlətlər belə risklərə getmir. Amma ayrı-ayrı oliqarxlar, investorlar belə ölkələri xoşlayırlar. Çünki belə ölkələrdə həm işçi qüvvəsi ucuzdur, həm də böyük risklərlə daha çox pul qazanmaq imkanları var. Təsəvvür edin ki, Burkina-Faso biznesə başlama indeksində 189 ölkə arasında ümumi reytinqdə 143-cü yerdə olub. Bu ölkə enerji sektorunda işləmək üçün 189 ölkə arasında 182-ci yerdədir. Bu ölkədə mülkiyyətin qeydiyyatı çox mürəkkəbdir. Bununla bağlı reytinqdə də 189 ölkə arasında 149-cu yerdədir. Kontaktların bağlanması da asan deyil. Çünki kontaktların bağlanması, vergilərin ödənilməsi, investorların hüquqlarının qorunması istiqamətində ölkənin mövqeyi pis göstərici sayılır. Burkina-Fasonun ümumdaxili məhsulunun 33%-i kənd təsərrüfatı əsasında formalaşır. Əhalinin 80%-i kənd təsərrüfatında çalışır. Bu ölkə ilə Azərbaycan arasında əlaqələr yaratmaq üçün əhəmiyyətli sayılan nəsə görmürəm. Sadəcə, çirkli pullarını Azərbaycana gətirmək ola bilər.

Bu ölkə siyasi baxımdan da ziddiyyətli ölkə sayılır. Bu dövlətdə çoxsaylı hərbi çevrilişlər olub. Uzun müddət dövlət bir hakimiyyətin, bir ailənin nəzarətində olub. Düşünürəm ki, Burkina-Faso ilə qarşılıqlı əməkdaşlıq baxımından Azərbaycanın orada verə biləcəyi heç nə yoxdur. Ola bilər ki, ayrı-ayrı investorlar üçün maraqlı bir ölkə olsun. Burkina-Fasonun sərmayə tələbatı da çoxdur. Açığı, inanmıram ki, bu ölkə Azərbaycanda böyük investisiya layihələrinə başlasın. Ola bilər ki, kənd təsərrüfatı sektorunda hansısa əməkdaşlıqdan söhbət getsin. Konkret məlumat verilmədiyindən hansı sahələrdə əməkdaşlığın olacağı barədə dəqiq fikir söyləmək çətindir. Ən yaxın adamlarıma belə məsləhət görməzdim ki, bu ölkələrə sərmayə yatırsınlar. İstənilən halda bu əməkdaşlığı riskli hesab edirəm. Onların da burada görə biləcəkləri hər hansı bir işi yalnız kənd təsərrüfatı sektoru ətrafında fikirləşmək olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.