Akif Çovdarov və ailə üzvlərinin son 2 il ərzində xaricdə xərclədiyi pulun məbləği məlum olub

16-11-2016, 22:10           
Akif Çovdarov və ailə üzvlərinin son 2 il ərzində xaricdə xərclədiyi pulun məbləği məlum olub
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş idarəsinin həbsdə olan rəisi Akif Çovdarov və ailə üzvləri tərəfindən xarici ölkələrdə xərclədikləri pulun məbləği açıqlanıb.

APA-nın əldə etdiyi məlumata görə, Bakı şəhəri Səbail, Xətai, Yasamal rayon məhkəmələrinin 7 yanvar 2016-cı il, Nərimanov rayon məhkəməsinin 8 yanvar, 13 iyun 2016-cı il tarixli qərarları əsasında kommersiya banklarından ələ keçirilmiş məlumatlarla müəyyən edilir ki, Çovdarov Akif Teymurxan oğlu və ailə üzvləri tərəfindən bank hesablarından 17.09.2013-cü il tarixdən etibarən 432.000 manat, 21.07.2014-cü il tarixdən etibarən 8.000 avro, 27.03.2014-cü il tarixdən etibarən 91.233 manat, 21.07.2014-cü il tarixdən etibarən 72.885 manat, 05.08.2014-cü il tarixdən etibarən 57.100 manat vəsait müxtəlif xarici ölkələrdə xərclənib (ümumi olaraq 432. 221 manat və 8 min avro).

Həmin fakt istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Akif Çovdarovun külli miqdarda rüşvət alma, hədə-qorxu ilə pul vəsaitləri tələb etmə əməllərini törətməsini təsdiqləyən mötəbər sübut kimi qiymətləndirilib.

Bundan əlavə, axtarış və götürmə aparılmasına dair 14.11.2015-ci il tarixli qərarlar əsasında Akif Çovdarova məxsus fərdi yaşayış evləri, mənzillər, bağ evləri və digər saxlanc yerlərindən külli miqdarda qiymətli daş-qaşlarla bəzədilmiş qol saatları, üzüklər, sırğa dəstləri, kulonlar, boyunbağılar, bilərzik, sancaq, sırğa və kulon dəsti, mobil telefon cihazları, müxtəlif kommersiya banklarının plastik kartları, 6.810 manat, 3.758 ABŞ dolları, 10.000 Türkiyə lirəsi və suvenir tapançanın aşkar edilməsi, mülkiyyət və sahibliyində rəsmi gəlir mənbələri ilə uyğunluq təşkil etməyən çoxsaylı daşınmaz əmlakların, qiymətli əşyaların mövcudluğu onun vəzifəsindən sui-istifadə etməklə mütəşəkkil dəstə tərkibində quldurluq, hədə-qorxu ilə tələb etmə, rüşvət alma əməllərini törətməsini bir daha təsdiq edir.

Qeyd olunanlardan əlavə, axtarış və götürmə aparılmasına dair 14.11.2015-ci il tarixli protokoldan görünür ki, Akif Çovdarova məxsus, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi massiv 3, ev 422-də yerləşən fərdi yaşayış evindən qızıl-zinət məmulatları, kompüter və digər texniki vasitələrlə yanaşı, iki ədəd kauçuk, bir ədəd metal dəyənək də aşkar edilib götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.