Çovdarov işi: ”Yüksəliş-C” MTK-nın adı dələduzluq və qətldə
17-11-2016, 14:15
MTN generalı Akif Çovdarovun əmlakının siyahısında diqqət çəkən bir fakt var. Siyahıda “Yüksəliş-C” MTK tərəfindən inşa edilmiş binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzilinin (dəyəri 125.000 manat) Çovdarova məxsus olduğu açıqlanıb.
“Yüksəliş-C” MTK barədə araşdırma apardıq.İnternet resurslarında həmin tikinti şirkəti barəsində axtarış verməklə müdhiş cinayətlər üzə çıxıb.
Belə ki, Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadə şirkətin qeyri-qanuni əməlini aşkara çıxarıb.
Sənədlərdən görünür ki, Qasımova Zərintac Baxşalı qızının şikayət ərizəsi əsasında rayon prokurorluğunda toplanmış 265-C-13 №-li materialı nəzərdən keçirilib.
Xətai rayon prokuroru müəyyən edib ki, 16.07.2013-cü il tarixdə Qasımova Zərintac Baxşalı qızının “Yüksəliş” MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu tərəfindən dələduzluq yolu ilə onlara məxsus mənzilin eyni zamanda digər şəxsə satılması barədə şikayət ərizəsi daxil olub.
Material öyrənilərkən müəyyən edilib ki, Qasımova Zərintac Baxşalı qızının 07.10.2009-cu il tarixdə “Yüksəliş-C” MTK-dan aldığı mənzil həmin MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu tərəfindən eyni zamanda dələduzluq yolu ilə digər şəxsə satılıb. Odur ki, X.Bağışov barəsində həmin maddə ilə cinayət işi başlanıb və ibtidai istintaq həyata keçirilib.
Şirkətin adı qətl işinə də qarışıb. 2012-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı şok faktlar ortaya çıxıb.
Tariyel Əhmədovun qətlilə bağlı aparılan araşdırmalar zamanı mərhumun evindən onunla “Yüksəliş-C” MTK-nın sədri Cahangir Alıhov arasında bağlanmış müqavilə tapılıb.
Həmin müqavilədə göstərilir ki, Tariyel Əhmədov adıçəkilən MTK-ya məxsus binadan 200 kvadrat metrlik sahə alıb. Sənəddə həmin sahə market kimi qeyd edilib.
Tariyel Əhmədov bu marketə görə MTK-ya 368 min 600 manat pul ödəyib. Istintaq bu məsələni araşdırarkən ortaya şok fakt çıxıb.
Bəlli olub ki, 2008-ci il noyabrın 20-də Tariyel Əhmədovla müqavilə bağlayan Cahangir Alışov bir gün əvvəl “Yüksəliş-C” MTK-dakı payını Süleyman Tağıyev adlı şəxsə satıb. Bununla əlaqədar kooperativin hüquqi sənədlərini, möhür və ştampını Xaləddin Bağışov adlı şəxsə təhvil verib.
Alışov həm də “Yeni Yasamal” MTK-nın təsisçisidir. Onun Çovdarovla yaxın münasibətləri olub və generalın hesabına cinayət məsuliyyətindən yayına bilib. Təsadüfi deyil ki, MTK-da generala aid mənzil var. Beləliklə Cahangir Alışovun Tariyel Əhmədovdan başqa aldatdığı 24 nəfər şəxs aşağıdakılardır:
1. Babayeva Mərifə – 37 min manat
2. Qurbanov Nəbi – 71 min 876 manat
3. Zeynalova Yeganə – 60 min 450 manat
4. Haşımov Məhəmməd – 94 min 680 manat
5. Kərimov Şakir – 53 min 907 manat
6. Məmmədov Eldar- 85 min 144 manat
7. Məmmədov Eldar – 40 min 800 manat
8. Bərxudayeva Könül – 40 min 800 manat
9. Fərzullayeva Səbinə 22 min 340 manat
10. Kərimov Şakir- 66 min 553 manat
11. Qasımov Zərrintac – 42 min 280 manat
12. Ismayılov Kamran – 27 min 200 manat
13. Babayev Səxavət – 28 min 400 manat
14. Səbzəliyev Qalib – 38 min 160 manat
15. Ömərli Hüseyn – 58 min 720 manat
16. Qasımov Çingiz – 28 min 400 manat
17. Qasımov Çingiz – 33 min 440 manat
18. Qəmbərov Səxavət – 47 min 700 manat
19. Bağırov Fəxrəddin – 50 min manat
20. Muradova Esmira- 42 min 240 manat
21. Əliyev Zaur – 9 min 215 manat
22. Qarayeva Yegan – 25 min manat
23. Faiq – 25 min manat
24. Əhmədov Tariyel 368 min manat
25. Əliyeva Mətanət 3 ədəd saxta sənədlə mənzil verib.(Politika.az)