“AST Telman”ın şəxsi və biznes həyatı - haradan-haraya…
23-11-2016, 10:21
Azərbaycanlı oliqarxın çöküşünə nə səbəb oldu; yəhudi əsilli milyarderi bitirən Putin qərarı
“AST Telman” ləqəbli azərbaycanlı iş adamı, bir müddətdir müflis olan Telman İsmayılov yenidən gündəmə gəlib. Əgər zaman-zaman “AST Telman” maliyyə problemləri və müflis olması ilə bağlı daha çox gündəmə gəlirdisə, indi də qardaşının adının qətl işində hallanması ilə əlaqədar barəsində söz açılmağa başlanıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, AST Telmanın qardaşı Rafiq İsmayılov həbs edilib. O, bu ilin mayında paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir.
İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb. Bu hadisə ilə bağlı T.İsmayılovun bir qardaşının da adı hallanmır. Belə ki, iki biznesmeni güllələyən killerin Telman İsmayılovun digər qardaşı Vaqif İsmayılovun evində gizləndiyi məlum olub. Bu da ondan xəbər verir ki, qarşıdakı günlərdə V.İsmayılov da məsuliyyətə cəlb oluna bilər.
R.İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer M.Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin R.İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. “Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.
Hər iki iş adamının qətli ilə bağlı yeni iddialar irəli sürülür. İstintaqın versiyasına görə, qətllərə “AST Telman”ın qardaşının Vladimir Savkinə 5,5 milyon dollar borcu olması səbəb olub. Savkinin qohumları bildirib ki, R.İsmayılovla V.Savkin iri biznesin şəriki olublar və biznesin satışından sonra R.İsmayılov bütün pulları özünə götürüb.
Heç şübhəsiz ki, 6 ay öncə baş vermiş hadisənin yenidən gündəmə gəlməsinə səbəb “AST Telman” faktorudur. Bu hadisə onu göstərir ki, adı tez-tez dəbdəbəli məclislər, ziyafətlər təşkil etməkdə, dünya şöhrətli müğənnilərlə əylənməkdə hallanan azərbaycanlı oliqarx bundan sonra daha çox bu tipli hadisələrlə gündəmə gələcək. Çünki müflis olması onu indiyə qədər məşhur etdiklərindən məhrum edib. Artıq dünyada da “AST Telman” keçmiş milyarder kimi qəbul edilir. Təkcə bir il öncə dünyaca məşhur “Forbes” jurnalının rus versiyası Rusiyanın 2015-ci il üzrə varlı iş adamlarının seçimini etmiş və orada T.İsmayılov jurnalın “ilin fiaskosu” bölümündə səsverməyə çıxarılmışdı.
“AST Telman” kimi şəxslərin həyatı, qazandıqları uğurlar və itirdikləri daim ictimaiyyətin marağında olur. Bunları nəzərə alaraq, qısa şəkildə T.İsmayılovun 60 yaşına qədər keçdiyi həyat yolunu oxucularımıza təqdim edirik.
T.İsmayılov 1956-cı ildə Göyçayda dünyaya göz açıb. 12 uşaqlı ailənin 10-cu övladı olan AST Telmanın ailəsi uzun illər orada yaşayıb. 1970-ci ilin əvvəllərində valideynləri ilə Bakıya köçüblər. 1973-1976-cı illər ərzində o, Xalq Təsərrüfatı İnstitutunda (hazırkı İqtisadiyyat Universiteti) təhsil alıb. Universitetin birinci kursunda oxuyarkən mağaza sahibi olur. Orduda xidmət etdikdən sonra isə təhsilini Moskva Xalq Təsərrüfatı İnstitutunda davam etdirib. Bu ali məktəbi 1980-ci ildə başa vurub. 80-ci illərdə İsmayılov Ticarət Nazirliyində iqtisadçı vəzifəsində çalışıb.
Keçmiş milyarderin atası Mərdan kişi həmin vaxtlar Göyçay bazarında parça mağazasında işləyib. Hələ o dövrdə imkanlı və çoxlu qızıla sahib olduğundan ona “Lələ” ləqəbi verilib. Ailənin yaşadığı ev isə elə o illərdə rayon sakini Vidadi Babayevin ailəsi tərəfindən satın alınıb. “AST Telman”ın qardaşlarından ikisi dünyadan köçüb. Qardaşları ilə bərabər atası Mərdan kişi və anası Pəri xanımın məzarları da Moskvadadır. Digər bacı və qardaşları da Moskvaətrafı vilayətlərdə yaşayırlar. Məşhur biznesmenin həyat yoldaşı isə Quba rayonundandır. Onların Ələkbər və Sərxan adlı iki övladı var.
1989-cu ildə “AST” şirkətini qurur. “AST” qrupunun illik dövriyyəsi vaxtilə 2 milyard dollara bərabər olub. Bundan öncə Şərqi Avropanın ən iri ticarət meydanı hesab olunan və 2009-cu ildə bağlanan Çerkizov bazarı da həmin qrupa məxsus olub.
2009-cu ildə “AST Telman” Türkiyənin Antalya şəhərində atasının adına 7 ulduzlu “Mardan Palace” adlı lüks hotel açıb. 2013-cü il üçün “Forbes” jurnalının məlumatlarına əsasən, Telman İsmayılovun sərvəti $0,75 milyard dollar göstərilib. Daha sonrakı illərdə isə “AST Telman” iflasa uğrayıb.
Milyonçu atasının adını daşıyan lüks hoteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi ona 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.
“AST Telman”ın hobbisi qiymətli saat yığmaqdır. Deyilənlərə görə, onun kolleksiyasında təxminən 2 mindən çox qiymətli saat var. Müflis olduqdan sonra bu saatların taleyi məlum deyil.
Keçmiş milyarderin biznes həyatına da nəzər salaq.
Bizneslə hələ uşaq yaşlarından məşğul olmağa başlayıb. Əvvəlcə Göyçayda və Bakıda parça mağazası olan atasına kömək edib, daha sonra şəhərdə açılan ilk kommersiya mağazasını idarə edib. O, biznesini kütləvi istehlak malları üzərindən qurmağa başlayıb. Sonra Moskvadakı Plexanov adına İnstituta oxumağa gedib və orada məskunlaşıb.
İsmayılov Moskvada “Mosqorispolkom”un sədrinin birinci müavini, kooperativ və fərdi əmək fəaliyyəti üzrə şəhər komissiyasının sədri Yuri Lujkovla və həmin komissiyanın katibi, Lujkovun arvadı Yelena Baturina ilə tanış olub. O, 1989-cu ildə “AST” şirkətlər qrupunu təsis edəndə, artıq Lujkovla dostluq münasibətləri yaratmışdı.
2009-cu ildə “AST Telman” ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşür. “Forbes” həmin vaxt üçün onun sərvətini 600 milyon dollar qiymətləndirib. Azərbaycanlı oliqarxın “AST” qrupu biznesin müxtəlif sahələri ilə məşğul olsa da onun əsas gəlir mənbəyi Çerkizov bazarı idi. “AST” qrupu 200 hektardan çox ərazisi olan nəhəng bazarı - narkotiklərdən tutmuş saxta mallara qədər hər şeyin satıldığı “tolkuçka”ya nəzarət edirdi. Çerkizov bazarını dəfələrlə bağlamaq istəyiblər. Prokurorluq bazarın yerləşdiyi ərazinin icarəyə verilməsi barədə müqavilənin pozulmasına dair iddianı dəfələrlə udub, ancaq bazar işləməkdə davam edib.
Ancaq 2009-cu il iyunun 1-də o vaxtkı baş nazir Vladimir Putin hökumətin iclasında gömrükçüləri sərt tənqid edəndən sonra vəziyyət dəyişdi. 2009-cu il iyunun sonunda Çerkizov bazarı sanitar normaların pozulmasına görə müvəqqəti bağlandı. Daha sonra Federal Miqrasiya Xidməti bazarda yüzlərlə qeyri-leqal miqrant aşkar etdi. Bazarın ərazisinin icarə müqaviləsi ləğv olundu, binası söküldü və bununla da MDB-nin ən böyük “talkuçka”sının əhvalatı başa çatdı.
Rusiyada azərbaycanlı oliqarxa qarşı qəflətən sərt münasibətin göstərilməsini “AST Telman”ın Antalyada tikdirdiyi lüks hotellə əlaqələndirirlər. Belə ki, 2009-cu ilin mayında İsmayılov Antalyada “Mardan Palace” hotelinin açılışı münasibətilə dəbdəbəli mərasim təşkil etdi. İsmayılov bu bazarın tikintisinə az qala bütün pullarını xərcləmişdi.
Mərasimdə Şeron Stoun və Monika Belluci kimi Hollivud ulduzları çıxış etdilər, bahalı hədiyyələr paylandı, atəşfəşanlıq oldu. İsmayılovun Çerkizov bazarında qazandığı pulları bu cür səs-küylə, əda ilə Türkiyədə xərcləməsi Rusiya rəhbərliyinin səbr kasasını daşıran sonuncu damla idi. “AST Telman”ın bu addımı rus hakim dairələrini qıcıqlandırmaya bilməzdi.
Bundan sonra “AST Telman” çıxa bilməyəcəyi böhrana doğru sürükləndi. Bir müddət bəzi futbol klublarına sponsorluq edən keçmiş milyarder sonunda bunun da nəticəsiz olduğunu gördü. Bununla da on illərlə qurduğu nəhəng biznes beş ilin içərisində çökdü və “AST Telman” müflis olmuş bir biznesmen kimi xatırlanır.