İlham Əliyevin Bərzani ilə görüşünün arxasındakı motiv

23-01-2017, 00:26           
İlham Əliyevin Bərzani ilə görüşünün arxasındakı motiv
Ekspert: “Ermənistan çox ciddi şəkildə çalışır ki, kürd məsələsi ilə Azərbaycana əlavə başağrısı yaratsın”

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Məlumata görə, ölkə başçısı xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək, Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb.

Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirərək atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğulayıb. Qeyd olunur ki, görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

Politoloq Mübariz Əhmədoğlu bildirdi ki, SSRİ dövründə də müsəlman şərqi üzrə baş verən proseslərdə Azərbaycana xüsusi yer ayrılıb: “SSRİ zamanında hətta mərhum prezident Heydər Əliyevin, keçmiş Suriya prezidenti Hafiz Əsədlə də müəyyən əlaqələri olub. Belə ki, həmin zamanda Suriyada Hafiz Əsədlə qardaşının arasında müəyyən gərginliklər yaşanıb. Məlumatlar var ki, mərhum prezident SSRİ rəhbərliyinin üzvü kimi Sov. İKP MK-nın bürosunun göstərişi ilə o işlərlə də məşğul olub. Yəni Azərbaycana Sovet ittifaqı vaxtı Yaxın Şərq rakursunda kifayət qədər diqqətli yer ayrılıb. Bir sıra tanınmış siyasi-ictimai xadimlər Moskvanın göstərişi ilə Azərbaycanla əlaqə saxlayıblar. O cümlədən bu xüsusda Bərzaniləri də qeyd edə bilərik. Bu faktların indi qabardılmasına gəlincə isə düşünürəm ki, hazırda kürdlərin aktivləşməsi göz qabağındadır. Kürdlər Türkiyədə də müxtəlif parametrli aktivliyə malikdirlər. Böyük bir qrup Kürd dövlətçiliyini dəstəkləyir, ancaq müəyyən bir hissə isə terrorçu təşkilat ətrafında birləşiblər. Elə Türkiyə hökumətinin də Kürd dövlətinə münasibəti, heç də stabil deyil. Ümumilikdə isə Türkiyənin Kürd məsələsinə münasibətində dəyişən parametrlər çoxdur. Belə bir vəziyyətdə Azərbaycan prezidentinin Məsud Bərzani ilə görüşməsi birinci növbədə bu kontekstdən qəbul edilməlidir. İkincisi isə məlumdur ki, İraqda və Suriyada kürdlərlə türkmənlər demək olar ki, tam qarışıq şəkildə yaşayırlar. Hazırda gedən proseslər nəticəsində isə İraqda və Suriyada kürdlərin mövqeyi güclənir. Ancaq bunun əksinə olaraq, türkmənlərin vəziyyəti get-gedə pisləşir. Onların adı türkmən olsa da, faktiki olaraq azərbaycanlıdırlar. Danışıqları, ləhcələri də azərbaycanlılar kimidir. Sadəcə olaraq coğrafiya elədir ki, bizdən fərqli olaraq, onlar özlərini azərbaycanlı kimi dərk etməyiblər. Türkmənlər dəfələrlə Azərbaycandan kömək istəyiblər. İlham Əliyev mahir diplomatdır və anlayır ki, Azərbaycanın açıq şəkildə müdaxiləsi regionda ciddi gərginlik yarada bilər”.

Politoloq bildirib ki, İlham Əliyev Məsud Bərzanini yadına atasını salmaqla, kürdlərlə türkmənlərin gələcəkdə bir-birinə daha yaxın olması məsələsini önə çəkdi: “Yəni kürdlər, oradakı türkmənləri, azərbaycanlı olduqları üçün incitməməlidir və imkan daxilində yaxşılıq etməlidir. Düşünürəm ki, biz yaxın aylarda türkmənlərin vəziyyətində əvvəla təhlükəsizliklə bağlı, daha sonra isə siyasi və maliyyə baxımından müəyyən dəyişikliklərin şahidi olacağıq. Əlaqələrin inkişafına gəlincə isə hesab edirəm ki, Azərbaycanın İraq Kürdüstanı ilə əlaqə qurmağının çox vacib istiqaməti var. Diqqət edin, Ermənistanın xarici işlər naziri Edvard Nəlbadyan Ərbildə olub. Bəllidir ki, Ermənistan xalqının maddi vəziyyəti çox aşağıdır, dünyanın əksər ölkələri onlarla avia-əlaqələri kəsib. Çünki əhali kasıbdır, xarici ölkələrə çox gedə bilmirlər. Ancaq Nalbadyan gedib Ərbildə dedi ki, gəlin İrəvana avia rels açaq. Bu və ya digər bu kimi əlaqələr göstərir ki, Ermənistan çox ciddi şəkildə çalışır ki, kürd məsələsi ilə Azərbaycana əlavə başağrısı yaratsın. Əgər onlar bu gün Azərbaycanın ərazisində kürd məsələsi ilə bağlı problem yarada bilmirlərsə belə, çalışacaqlar ki, türkmənləri incitdirməklə Azərbaycan üçün ən azı imic problemi yaradsınlar. Bu həmin ermənidir ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıları sərhədi pozma adı ilə dəfələrlə həbs edib, girov götürüblər. Məqsəd Gürcüstanla Azərbaycan arasında problem yaratmaqla yanaşı, ölkəmizin imicinə də zərbə vurmaq idi. İndi də oxşar vəziyyəti yaratmaq istəyirlər. Bu baxımdan düşünürəm ki, İlham Əliyevin Bərzani ilə görüşü çox yerindədir və yuxarıda da qeyd etdiyimiz kimi türkmənlərə kömək məqsədi daşıyır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.