Musavat "qiyamçı" səfir Arif Məmmədovdan yazdı
26-06-2015, 11:03
Son günlər qalmaqallı çıxışları ilə gündəmə gələn “qiyamçı” səfir Arif Məmmədov bütün kartları yavaş-yavaş açır. 20 ildir hakimiyyətin Avropada siyasi təbliğat yükünü-çamadanını daşıyan, Avropa Şurasında Azərbaycan tənqidçilərinə “demokratiya dərsi keçən” səfirin qəfil müxalifətçiyə dönüşü əvvəldən də xeyli suallar yaratmışdı.
Hələ İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəsi postundan qovulmamışdan “Yeni Müsavat” da daxil, yerli mətbuat Arif Məmmədova “müxalifət diplomu” hazırlandığını, tezliklə onun bəyanatlarının daha da sərtləşəcəyini və nəhayətdə Bakıda “müxalifət lideri” statusunadək şişirdiləcəyini yazmışdı.
Bakıda müxalifəti hər cür çirkaba batıranların, şərləyənlərin dünənədək adını bilmədikləri Arif Məmmədova sahiblənmələri, onu qəzetlərində müdafiə etmələri də təbii ki, təsadüf deyildi. Tezliklə AXCP sədrinin dili ilə danışaraq “uca millətə” xitab edən Arif Məmmədova niyə bu qədər önəm verildiyi də aydın idi. Sifariş belədir...
Arif Məmmədov da borclu qalmadı. “Əsl müxalifətçiləri” və “əsl müxalifət” qəzetini tezliklə tanıdı və onlara dəstək verdi. Onun srağagün Milli Şurada təmsil olunan adamlara dəstək çağırışından saatlar keçməmiş “əsl müxalifət qəzetinin batması” haqda xəbərin yayılması da təsadüf ola bilməz. Bu, hamını şərləyən liderin nəzarət etdiyi qəzetin tanış stilidir. Pul verin, müxalifəti yaşadaq... Arifə bir işarə də yetər axı. Bəlkə də bu, iqtidarı şübhələndirməmək üçün ortaya atılmış plandır. Yəni pul gəlib artıq, izi azdırılır...
Yeri gəlmişkən, Bakıda hamının bəyanatlarını lupa ilə oxuyan, iz axtaran firqə liderləri fəxri sədrləri Rüstəm İbrahimbəyovun ermənipərəst bəyanatına cavab vermədilər. Niyə çıxarmadılar Rüstəm bəyi Milli Şuradan? Axı onun nəyi Milli Şuranın bu qədər xoşuna gəlir ki, fəxri sədrlikdə saxlayırlar? Bəlkə məşhurluğu? Bəlkə Rusiyaya hədsiz bağlılığı? Bəlkə pulu?
A.Məmmədov bu adamları necə tez tanıdı, necə tez inandı, necə tez güvəndi axı? İllərdir bir liderlə yol gedən arxadaşları sonra “onu tanımamışıq” deyirsə, dünən “cik” edən Arif Məmmədov nə tez ayırd edə bildi saxta ilə kristal daşları? Bu adam “uca millətlə” necə səmimi ola bilər axı?
Arif Məmmədovun müxalifətçi olmaq, kimə inanmaq öz seçimi, öz işidir. Azərbaycan cəmiyyətini aldatmaq, yeni Rüstəm İbrahimbəyov obrazında, həm də ölkədən kənarda oturacaq bir “lider” yaratmaq cəhdi isə ortadadır. Arif Məmmədovun “kruqu” Rüstəm İbrahimbəyovun yanındakılardır.
Xəbərlərə görə, çox tezliklə Arif Məmmədov Bakıdakı “inanılmış adamlarına” müraciət edərək ona rəsmən müxalifətçilik mandatı verilməsini istəyəcək. Bu, hansısa partiyaya deyil, Milli Şura səviyyəsində təmsilçilik olacaq. Bundan sonra böyük ehtimalla Rüstəm İbrahimbəyov “səhhəti ilə” və ya “işlərinin çoxluğu” ilə bağlı Milli Şuradan gedərək yerini Arif Məmmədova verəcək. Amma onun fəxri deyil, Cəmil Həsənli ilə birgə həmsədrliyi daha gözləniləndir. Bu, Milli Şurada liderliyi Cəmil Həsənliyə güzəştə gedən partiya sədri üçün də məqbul variantdır. Çünki məlumatlara görə, C.Həsənli bəzi hallarda yaxın silahdaşını sədrlikdən getməklə hədələyir. Avropalı Arif Məmmədovun Milli Şuraya gətirilməsi isə C.Həsənlinin əl-qolunu da qismən bağlayacaq və onun qurumdan mümkün gedişi halında “şok effekt” doğurmayacaq.
Bəs Arif Məmmədovun müxalifətə göndərilməsində məqsəd nədir?
Belə görünür ki, hakimiyyətin “öz şinelindən” çıxan Abbas Abbasovla Rüstəm İbrahimbəyovun Kremlin xeyir-duası ilə yaratdıqları “Milyarderlər İttifaqı” və Milli Şura layihəsi parlament seçkiləri ərəfəsi təkrarlanacaq. Arif Məmmədovu abıvatel müxalifətçi üçün cəlbedici edən onun vaxtilə səfir işləməsidir. Abbas Abbasov-Rüstəm İbrahimbəyov “dvoykası” vaxtilə bu metoddan ustalıqla istifadə etdilər. Müxalifəti bir Rusiya projesi ətrafında birləşdirərək hətta İsa Qəmbərin “Avrointeqrasiya” sözünü belə sənədə zorla salanlar bu dəfə Rusiyanın xüsusi kəşfiyyat məktəbini keçmiş sabiq səfiri ortaya çıxarıblar.
Bu dəfə isə danışdırılan, ortaya sürülən “lider” Rusiyada yaşamır, Avropada məskunlaşıb. Amma xətt də, bu xətdəki hər kəs də eyni koordinatdan idarə olunanlardır.
Rəsmi Bakı bu projenin arxasında dayananları bilir və bu səbəbdən Arif Məmmədov məsələsini böyütmür. İqtidar texnoloqları onu görməzdən gəlirlər; çünki onu əslində yanan bina ilə bağlı heç bir vətəndaşlıq hissinin danışdırmadığının fərqindədir və niyə, məsələn, Müsavata deyil, Milli Şuraya üz tutduğunu da bilirlər.
Avropa Oyunlarından sonra Azərbaycan parlament seçkiləri hazırlıqlarına köklənəcək. Rusiya isə bu prosesə indidən hazırlaşır. Qalır düyməyə basmaqla onları tam hərəkətə keçirmək...
“Yeni Müsavat”