Evlər bu vaxtdan etibarən bahalaşacaq: Zaman və şərtlər açıqlandı
4-04-2017, 12:58
Son günlər mənzil bazarında qiymət artımı müşahidə olunur. Mövcud vəziyyət mənzil almaq istəyənləri ciddi narahat etməyə başlayıb.
Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, mediada son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq, bu ilin ilk aylarında qiymət artımının olduğunu söyləmək mümkün deyil:
“Əksinə, son 3 ildə qiymətlərin, xüsusən də dollar ifadəsində azalması müşahidə edilib. Doğrudur, mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da belə tələbin azlığı fonunda bu, uğurlu olmayıb”.
Mənzil bazarında qiymətlər necə dəyişəcək?
Ekspert deyib ki, mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalmasından asılı olacaq: “Bir tərəfdən, mənzil almaq istəyən sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər, digər tərəfdən isə manat stabillik əldə edə bilərsə bu sektorda yığım-yatırımların həcmini artıra bilər. Manatın stabilliyinə nail olmaq mümkün olsa da pulunu xarici valyuta saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər.
Eyni zamanda, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir. O baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. Təbii ki, bu halda tələbin artması baş versə belə 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir.
Çünki formalaşmış təklif ilə tələb arasında uçrum çox böyükdür. Bunun optimallaşması zaman tələb edilir. Amma əgər manatın stabilliyinə nail olmaq mümkün olmasa, o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa, o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir”.