Bakı sakinlərinin intihara bərabər “dönər sevgisi”: Dönər əti haradan alınır? REPORTAJ, FOTOLAR

9-04-2017, 20:46           
Bakı sakinlərinin intihara bərabər “dönər sevgisi”: Dönər əti haradan alınır? REPORTAJ, FOTOLAR
Son günlər ölkə ərazisində “leşyığanlar şəbəkəsinin” murdar əməlləri ölkə gündəmini zəbt edib.

Hüquq-mühafizə orqanları tərəfindən tonlarla at ətinin Bakıya gətirilərkən saxlanılması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. İnsanları narahat edən əsas məqam odur ki, bu leş ətləri nə zaman , harada qarşımıza çıxacaq.

Xatırlayırsınızsa, musavat.com-un paytaxt bazarlarında apardığı kiçik araşdırma da göstərmişdi ki, satışa çıxarılan ətlərin saxlanılması və daşınması olduqca bərbad vəziyyətdədir. Satışda normal ətlərlə yanaşı leş ətlərinə, hətta at və eşşək ətlərinə də təsadüf etmək mümkündür.

Baytarlıq İdarəsi bu ətlərin laborotoriyalarda yoxlamadan keçdiyini desə də, belə açıqlamalar vəziyyəti yüngülləşdirmir. Onların dedikləri kimi baytarlar öz vəzifələrinin öhdəsindən gəlsələr də, bazara daxil edilən ətlərin çirkli, üfunət qoxulu arabalarda daşınması, “8-ci kilometr bazarı”ndakı ürəkbulandıran durum bu ətlərin insan həyatı üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi.

Bundan əlavə rayonlardan at və eşşək ətlərinin paytaxt bazarlarına gətirilməsi hallarına tez-tez rast gəlinir. Hüquq-mühafizə orqanları bu kimi halların qarşısını almağa çalışsa da, “leşyığanlar” şəbəkəsininn kökünü kəsmək mümkün olmur. Kiçik sahibkarlar belə at və eşşək ətlərini rayon ərazisində və paytaxt bazarlarına rahatlıqla çıxara bilirlər. Bütün bu hadisələrdən sonra cəmiyyətdə belə bir düşüncə yarandı ki, köhnə ətlər, xəstə, qoca heyvanların cəmdəkləri paytaxt ərazisində kafelərə, restoranlara və dönərxanalara verilir. Bəs görəsən, xoşagəlməz xəbərlərdən sonra əhalinin bu kimi məkanlara inamı azalıbmı? Ümumiyyətlə, dönərxanalar gündəlik əti haradan və hansı şəraitdə alırlar?

Musavat.com-un əməkdaşı paytaxt ərazisindəki iaşə obyektlərində olub, vəziyyətlə maraqlanıb.
İlk olaraq, Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Şanlı” restoranına daxil olduq. Günorta saatları olduğundan vətəndaşlar nahar yeməyi üçün buraya gəlirlər. Kafedə dönərlə yanaşı və digər qazan yeməkləri də təklif olunur. Restoranın müdiri ilə görüşüb, həmsöhbət olduq.

Restoran sahibi son günlər murdar ət satışı ilə bağlı yayılan informasiyalardan xəbərdar olduğunu bildirdi. Hətta dəfələrlə ona “leş şəbəkəsi”ndən ucuz ət təklifi də olunub: “Sümüklü mal ətinin topdan satışda qiyməti 6-7 manat arasındadır. Sümüyünü ayrında isə bizə 1 kiloqram mal əti 9 manata başa gəlir. Bəzi vaxtlar 10 manata qalxır. Bir neçə dəfə belə işbazlar bizə ucuz ət təklif ediblər. Sümüksüz mal ətini 6 manatdan təklif ediblər. Onlara sual vermişəm ki, axı bu necə ola bilər? Mən toyuq ətinin kiloqramını 5 manat 80 qəpiyə alıram. Bu cür ətlər ölmüş at və mal ətləridir. Bunları təklif edənlər isə firmalar deyil, fərdi şəxslərdir. Kiçik biznes qurub, leş alverinə girişiblər. Hər gün demək olar ki, yarım cəmdək və bir bud həcmində ət alıram. İki bud dönərə gedir, qalan hissədən isə lahmacun və “qulyaş” farş hazırlanır.

Həmsöhbətim bildirdi ki, rayonlardan diri heyvan gətirilir, ayaqüstü qiymətləndirilir, daha sonra həmin heyvanlar qəssabxanalarda kəsilib, bölüşdürülür: “İllərdir ki, eyni qəssabla işləyirik. Heyvan “Bismillah”la kəsilir. Gecə 12-də kəsilir ki, sabaha satışa hazır olsun. Mənə ət gətirən adamın adı Eldardır. Gedib onu da danışdıra bilərsiniz. Halal və təmiz adamdır. Özüm ibadət əhli olduğum üçün bu məqamları nəzərə alıram. Dində bildirilir ki, heyvanı kəsən də gərək müsəlman olsun. İki gündən bir 50-60 kiloqram ət alıram. Kəsim yerindən xüsusi icazə ilə bizə gəlir. Kəsilən heyvanlar baytar nəzarətindən keçirilir. Kənardan gələn ətləri başqa yollarla da sata bilərlər. Lakin qəssabxanaya ət daxil olursa, qəssabxananın möhürü vurulur. Restorana gün ərazində 300 nəfər müştəri gəlir. Mən rəva bilmərəm ki, ətin keyfiyyətini dəyişim. Çünki axirətdə o qədər insana haram ət yedizdirməyimin cavabını verə bilmərəm”.

Digər bir dönərxana sahibi də, müştərilərini heç zaman aldatmadığını dedi: “Əgər mən burada mal əti əvəzinə at əti verirəmsə bu günahdır. Əgər həqiqətən ,at əti satırsansa bunu alıcıya deməlisən. Cavan dana əti bahadır, 11 manat , 11 manat 50 qəpikdir. Bugünkü, gün ət dönərindən demək olar ki, qazancım yoxdur. Gün ərzində 12-13 kiloqram ət istifadə olunur. Qazancı isə 10-15 manat olur. Dədə-babadan at əti yeyilsə də, bu gün insanlar tərəfindən bəyənilmir. Dində də bu qadağan olunmur. Sadəcə insanların nəfsi çəkməz. O rəngə, o dada əhali öyrəşməyib. At əti mal ətindən çox fərqlidir. Rəngi açıq qırmızıya çalır. Həm də Sanitariya Gigeyna və Epidemologiya mərkəzi buna icazə verməz”.

Metrostansiya ətrafında müxtəlif işlərdə çalışan vətəndaşlar hər gün demək olar ki, “fastfood” yeməklərinə üstünlük verirlər. Toyuq dönəri və ayranın birlikdə 1.50 manata və ya 2 manata satılması gündəlik qazancları elə də çox olmayan bu şəxslər üçün göydəndüşmə şeydir. Lakin dönərdə istifadə olunan ətlərin haradan və hansı şəraitdə gətirilməsi onları maraqlandırmır. Son günlər tələbatın azalıb-azalmaması ilə bağlı toyuq dönəri satan dönərçi ilə həmsöhbət olmağa çalışırıq. Jurnalist olduğumuzu bilib, suallarımızı cavablandırılmır. “Müdiriyyət yoxdur” deyib, bizi uzaqlaşdırmağa çalışırlar.

Bəziləri də etiraf etdi ki, əti “8-ci kilometr” bazarındakı ət satışı bölməsindən alırlar. Orada isə mal ətinin kiloqramı 5-6 manat arasında dəyişir. Ətlərin “8-ci kilometr” bazarına hansı şəraitdə və hansı keyfiyyətdə gətirildiyini isə öncəki reportajımızda işıqlandırmışdıq. Həmin bazarda satılan ətlərin xəstəlik mənbəyi olduğunu ilk baxışdan hiss olunur.

Dönərxanaların qarşısında növbədə gözləyən müştərilərlə söhbətimizə davam edirik. Günorta saatları olduğu üçün müxtəlif obyektlərdə çalışanlar işçilər üz tutub. Həm dönərin ucuz olması, həm də iş yerinə yaxın məsafədə yerləşməsi onlara sərf edir.

Dönərə ən çox maraq göstərənlər arasında məktəblilər də az deyil. Dərsdən çıxıb evə gedənə qədər burada ayaqüstü nə isə yemək istəyənlərin ən çox üstünlük verdikləri toyuq dönəridir. Murad adlı şagird deyir ki, evləri uzaq olduğundan burada özünü doyurmağa çalışır və hər gün bir dönər alıb yeyir. Dönərin onun sağlamlığına necə təsir edəcəyi haqqında isə heç bir təsəvvürü yoxdur.
Müşahidə apardığımız dönərxanaların əksəriyyətində anti-sanitariya qaydalalarına riayət olunmadığının şahidi olduq. Dönərçilərin əlcəksiz işləməsi, bəzilərinin önlüyünün belə olmaması diqqətimizi çəkdi. Həmçinin təmizlik məsələsində də ciddi problem hiss olunur. Lakin bütün bunları gördükləri halda əhalinin dönərə tələbatı azalmır ki, azalmır.

Məğrur Mərd
Fotolar müəllifindir





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.