İmperiyanın ikinci çöküşü? - “Güc vasitəsilə sülh” doktrinası və FƏLAKƏT SSENARİSİ
12-04-2017, 15:49
“Suriya Rusiya üçün tələdir. Rusiya Yaxın Şərqin sonsuz dini müharibələrinə daxil oldu. İndi bizim rəqiblərimizə lazımdır ki, orada sonsuz olaraq qalaq, burada bütün resurslarımızı xərcləyək. Biz Suriyadan təcili qaçmalıyıq. İndiki zamanda bu, özəlliklə, çətindir. Ona görə ki, amerikalıların Suriyaya zərbəsi bizdə artıq çağırış kimi qəbul edilib”.
Bu fikir ABŞ-ın Suriya ordusuna aid hərbi hava bazasını raket atəşinə tutmasından sonra ərəb ölkəsində yaranan vəziyyəti şərh edən Rusiyanın “Yabloko” partiyasının sədri Qriqori Yavlinskiyə məxsusdur.
Müxalifət siyasətçisinin sözlərinə görə, Tramp Rusiyanı beynəlxalq təcrid və sanksiyalardan azad etməyəcək:
“Suriya aviabazasına zərbə “Tramp bizimdir” oyununun sonudur. Artıq hamıya aydındır ki, ABŞ-la müharibənin isti müharibə həddinə qədər gətirilməsi bizim ölkə üçün qəbuledilməzdir. Nə iqtisadiyyatımız, nə də hərbi gücümüz buna imkan verir”.
Qriqori Yavlinski Trampın son “qəhrəmanlığından” sonra Rusiyanın Suriyadan çıxmalı olduğu düşünənlərdən yalnız biridir. ABŞ-ın Moskvaya Suriya üzərində mesajı həm Rusiyanın özündə, həm də xaricdə “məğlubiyyət” ifadəsini yaxına belə buraxmaq istəməyən Vladimir Putinin gördüyü ən ağır məğlubiyyəti hesab edildi. Və dərhal “İkinci Əfqanıstan” ssenarisi yenidən gündəmə gəldi.
2015-ci il sentyabrın 30-da Rusiya Federasiya Şurası prezident Vladimir Putinə Suriyada hərbi əməliyyatlara başlamağa icazə verdi. Bundan saatlar sonra Rusiya qırıcıları Suriya torpaqlarına bomba yağdırmağa başladı.
Qərb mediası və analitikləri, həmçinin siyasətçilər Rusiyanın Suriyada hava əməliyyatlarına başladığı ilk günlərdən Rusiya üçün “İkinci Əfqanıstan”dan danışdılar. ABŞ o vaxtkı müdafiə naziri Eşton Karter Moskvanı Suriyada ağır nəticələrlə təhdid etdi, Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr və müdafiə naziri Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşdə Moskvanı açıq şəkildə təhdid ediblər. “Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibənin yeni bumuna gətirib çıxaracaq və müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək”, - krallığın baş diplomatı bildirdi.
“Levada” araşdırma mərkəzinin keçirdiyi sorğu da rusiyalıların tarixdən ibrət dərsi götürdüyünü göstərirdi. Mərkəzin keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 39 faizi “İkinci Əfqanıstan” ssenarisini “tamamilə ehtimal edilən” sayırdı, 7 faizi isə əmin idi ki, Rusiya Suriyada SSRİ-nin Əfqanıstanda yaşadıqlarını yaşayacaq.
“Levada”nın araşdırma mərkəzinin Kremlə yaxınlığı ilə tanındığı məlumdur. Ehtimal etmək olardı ki, sorğunun nəticələri bir qədər hakimiyyətin siyasətinə uyğun olaraq dəyişdirilib. “Birja lideri" internet nəşrinin keçirdiyi sorğu isə rusiyalıların qorxusunu daha açıq şəkildə ortaya qoyurdu. Sorğunun nəticələrinə görə, rusiyalıların təxminən 78 faizi Suriyadakı silahlı qarşıdurmanın “İkinci Əfqanıstan”la yekunlaşacağına tamamilə əmin idi.
Amma Moskva elə ilk günlərdən “İkinci Əfqanıstan” ssenarisini yaxına buraxmaq istəmədiyini nümayiş etdirməyə başladı. Rusiya rəhbərliyi 15 günlük bombardmanların nəticələrindən çox razı görünürdü. Moskva iddia edirdi ki, 15 günlük bombardman ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bir illik aviazərbələrindən daha uğurlu olub. Bu yanaşmasından belə çıxış etmək olardı ki, “İkinci Əfqanıstan” variantından söhbət belə gedə bilməz. Qərbin özündə belə “məğlubedilməz Putin”dən danışmağa başlamışdılar.
Amma Rusiyanın “İkinci Əfqanıstan” xəbərdarlıqlarını nəzərə alması üçün ən azından iki əsas var.
1. Moskva iddia edirdi ki, hava əməliyyatlarından uzağa getmək və Suriyaya quru qoşunları daxil etmək niyyətində deyil. Rusiya rəhbərliyi hava əməliyyatlarının 3-4 ay davam edəcəyini bildirirdi. Bu halda isə “İkinci Əfqanıstan” variantından qaçmaq da asan görünə bilərdi. Amma 1,5 ildən çoxdur ki, Rusiya qüvvələri Suriyadadır. ABŞ-ın son raket zərbələrindən sonra Rusiyanın burada qələbə qazanacağına dair şübhələr artıb.
SSRİ də Əfqanıstanda “ildırım sürətli” hücum planlaşdırmışdı, amma biabırçı məğlubiyyətlə nəticələnən müharibə düz 10 il davam etdi.
2. Suriyada Moskvaya və Dəməşqin özünə qarşı çox güclü cəbhə formalaşıb. SSRİ ABŞ-ın başçılıq etdiyi Qərb, Səudiyyənin başçılıq etdiyi ərəb ölkələri və Pakistanın dəstəklədiyi mücahidlər tərəfindən məğlub edildi. Demək olar ki, hazırda Suriyada da Rusiyaya qarşı eyni qüvvələr durur. Üstəlik, bir müddət əvvələ qədər Qərbdən üz çevirərək Rusiyanın yanında görünən Türkiyə indi açıq şəkildə Əsədi hakimiyyətdən kənarlaşdırmaq, dolayısı ilə Rusiya ilə qarşı-qarşıya gəlmək üçün hər şeyə hazır olduğunu nümayiş etdirir.
G7-yə daxil olan ölkələrin xarici işlər nazirləri İtaliya keçirdikləri sammitdə də Moskvaya birgə mesaj göndərdilər: ya bizim, ya da Qərbin qarşısına aldığı İran, Suriya və “Hizbullah”ın yanındasan.
ABŞ-ın dövlət katibi Reks Tillerson da Rusiyaya Suriya rejiminə göstərilən dəstəyə görə ultimatum verməklə Moskva qarşısında seçim qoydu. Dövlət katibinin sözlərinə görə, Rusiya iki cəbhə arasında seçim etməlidir:
“Bir tərəfdə ABŞ və digər sağlamdüşüncəli ölkələr, digər tərəfdə isə İran, “Hizbullah” qruplaşması və Bəşər Əsəd rejimi. Biz Suriya xalqının əziyyətini yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin hissəsi ola və mühüm rol oynaya, ya da bu qrupla öz ittifaqını saxlaya bilər. Bizim fikrimizcə, bu ittifaq uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək”.
İkinci qrupun yanında olmaq dolayısı ilə “İkinci Əfqanıstan”ın xəbərçisi kimi qəbul edilə bilər.
“İkinci Əfqanıstan”a “bəli” demək üçün üç səbəb
İqtisadi baxımdan getdikcə Qərbə uduzan SSRİ Əfqanıstanda külli miqdarda vəsait xərcləməklə öz sonunu hazırladı. Dünya cəmiyyətində birmənalı olaraq belə bir fikir mövcuddur ki, Əfqanıstan müharibəsi SSRİ-nin sonunu daha da yaxınlaşdırdı. Hazırda daha bir müsəlman ölkəsində döyüş meydanına atılan Rusiya sələfinin səhvlərini təkrarlamırmı? Dəqiq proqnoz vermək mümkün olmasa da, müəyyən ehtimallara əsaslanaraq “bəli” cavabı vermək mümkündür.
a) Rusiya 1980-cu illərin SSRİ-si ilə müqayisədə xeyli zəifdir. Hazırda Rusiya iqtisadiyyatı və maliyyə sisteminin Qərbdən asılılıq dərəcəsi “soyuq müharibə” dövründə olduğundan daha çoxdur. Ehtiyat Fondu sürətlər əriyir. Ukrayna böhranından sonra enerji ehtiyatlarının qiymətinin dəfələrlə aşağı düşməsi Rusiyanı iflas həddinə gətirib və biabır olmamaq naminə Suriyanın tərk etməmək “İkinci Əfqanıstan”ı reallığa çevirə bilər.
b) SSRİ-nin Əfqanıstan müharibəsində məğlubiyyəti mərkəzdənqaçma meyllərini gücləndirdi və 70 illik imperiya parçalandı. Kreml rəhbərliyi sözsüz ki, Suriyada məğlubiyyəti ağla belə gətirmir və başa düşür ki, mümkün məğlubiyyət Moskvanın nüfuzuna ciddi zərbə vuracaq, muxtar subyektlərin içində bəzi qüvvələrin müstəqillik arzularının ucadan səslənməsi ilə nəticələnəcək.
c) Suriya məğlubiyyəti Putinin dönəmində qazanılan hərbi uğurların itirilməsinə gətirib çıxara bilər. Məğlubiyyət Moskvanın sərhədləri boyu yaratdığı separat rejimlərə dəstəyini azalda, bu isə keçmiş sovet respublikalarını Rusiyadan daha da uzaqlaşdıra bilər. Rusiya Federasiyası Milli Tədqiqat İnstitutu Ali İqtisad Məktəbinin Avropa və beynəlxalq tədqiqatları Mərkəzinin direktor müavini Dmitri Suslov əmindir ki, Rusiya geri addım atmayacaq. O qeyd edir ki, Suriya siyasətinin dəyişdirilməsi məğlubiyyət və alçalma anlamına gələcək, həmçinin son 10 il ərzindəki xarici siyasətin bütün məntiqini siliəcək.
Tramp yeni Reyqandırmı?
Və heç şübhəsiz ki, “İkinci Əfqanıstan”ın doğuracağı ən ciddi və təhlükəli nəticə Rusiyanın SSRİ-nin taleyini yaşaması, yəni parçalanması olardı. Təsadüfi deyil ki, Ronald Reyqan dövrünün qayıtdığı barədə xəbərdarlıqlar edilir. Rusiya publisisti, bloger və analitiki Vladimir Qolışev Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, ABŞ-ın yeni administrasiyasının Rusiya ilə bağlı siyasəti Ronald Reyqanı xatırladacaq: hərbi təhlükə və qızğın silahlanmanın yenidən aktuallaşması.
Ronald Reyqan SSRİ-yə nə gətirdi? 2013-cü ildə xeyli arxiv sənədləri açılmış və Reyqanın SSRİ-yə qarşı mübarizəsinin bəzi detalları aydın olmuşdu. Reyqanın uzunmüddətli strategiyası var idi. Hələ 1980-ci ildə Reyqan prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun məsləhətçisi soruşub ki, “Ron, axı siz niyə prezident olmaq istəyirsiniz?” Reyqan cavab verib ki, “Soyuq müharibəyə son qoymaq istəyirəm”. O, daha sonra bildirmişdi: “Biz qalib gələcəyik, SSRİ uduzacaq”.
"Wall Street Journal" nəşri 2014-cü ildə yazırdı ki, Reyqanın etdiklərini öyrənmək Obamaya faydalı olardı: “Çünki, Reyqan SSRİ tərəfdən daha çox çətinliklə üzləşirdi, çünki hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də 1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də 1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır”.
Reyqan “güc vasitəsilə sülh” doktrinasını yeridirdi. Respublikaçı senator və “müharibə partiyası”nın üzvlərindən olan Con Makkeynin sözlərinə görə, artıq üç prezident Rusiya ilə münasibətləri yenidən qurmağa cəhd edib və yalnız axırıncı bunun güc dili olduğunu anlayıb.
“Mən üç prezident görmüşəm - Buş, Klinton və Obama. Onların hər üçü Rusiya ilə yeni qarşılıqlı münasibətlər quracaqlarına inanırdılar. Ancaq Rusiya rəhbərliyi ilə münasibətlərdə vacib olan yeganə strategiya “Reyqan prinsipləri”nə qayıtmaq - sülhə güc vasitəsilə nail olmaqdır”, - Con Makkeyn deyib.
Pentaqona isə 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı ABŞ silahlı qüvvələrinə komandanlıq etmiş “Quduz köpək” adlı Ceyms Mettis başçılıq edir. O da ABŞ-ın yeni Reyqanının - Trampın çox sevdiyi “güc vasitəsilə sülh” doktrinasının tərəfdarıdır və anti-Rusiya mövqeyi ilə tanınır. Belə bir mövqedə olan şəxsin isə Pentaqona rəhbərlik etməsi hazırda ən təhlükəli məqamdır. V.Qolışev Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, Pentaqon qərarların qəbul olunması mərkəzinə çevrilib.
Analitik qeyd edir ki, ABŞ-da hazırda bütün hərbi-siyasi məsələləri de-fakto hərbçilər həll edir: “Bir məsəli xatırlayın: Müharibə çox ciddi işdir və onu hərbçilərə etibar etmək lazımdır. Çünki ordunun daxili koorporativ maraqları, yumşaq desək, həmişə dinc əhalinin maraqları ilə uyğun gəlmirlər. ABŞ-da hazırda bütün hərbi-siyasi məsələləri de-fakto hərbçilər həll edir. Onlardan başqa de-fakto heç bir baş komandan yoxdur, bütün məsələlər tamamilə onların səlahiyyətindədir”.
Reyqan həmçinin “ideyalar müharibəsinə” başlamışdı. Məqsəd Sovet sisteminin legitimliyini laxlatmaq idi. Reyqanın SSRİ-yə dediyi “İblis imperiyası” da bu ideoloji müharibənin tərkib hissəsi idi. Tramp həqiqətənmi Reyqan olacaq? Çətin sualdır. Amma dəqiq olan odur ki, ölkə hazırda “müharibə partiyası” və Rusiya ilə “güc vasitəsilə sülh” doktrinasının icrasını istəyənlərin əlindədir. Əlində olan resurslar Rusiyanın müqavimət gücünü həddindən artıq azaldır.
Suriya Rusiya üçün “İkinci Əfqanıstan" ola bilərmi? Bu da istisna deyil. Amma bu halda Yaxın Şərqdə daha dəhşətli və dağıdıcı dövrün başlanacağı şübhəsizdir. Rusiyanı “İkinci Əfqanıstan”dan sonra nələr gözlədiyi barədə də dəqiq fikir söyləmək mümkün deyil. Amma bir şeyi əminliklə söyləmək olar ki, Suriyada yaşanacağı istisna edilməyən məğlubiyyət Rusiyanı qlobal güc iddiasından tamamilə geri atacaq və ikiqütblü dünya arzuları tarixə gömüləcək. Ən acınacaqlı tale isə yuxarıda da deyildiyi kimi ölkənin parçalanması olacaq.