SSRİ surətçıxarma cihazlarında quraşdırılmış dinləmə cihazları - Casusluq tarixi

12-04-2017, 19:46           
SSRİ surətçıxarma cihazlarında quraşdırılmış dinləmə cihazları - Casusluq tarixi
Sovet dövründə surətçıxarma işləri ancaq xüsusi qeydiyyat jurnalları və buraxılış kitabları ilə əlaqəli olurdu və bunun üçün xüsusi icazə tələb olunurdu. Bu səbəbdən SSRİ ərazisində istənilən surətçıxarma prosesinin böyük sirr olduğunu düşünən Qərb xüsusi xidmət orqanları bununla bağlı casusluq əməliyyatı həyata keçirmək qərarına gəlirlər.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 1962-ci ildə “Kseroks Kooporeyşn” şirkətinin vitse-prezidenti Con Dessoeri ölkə kəşfiyyatına yardım etməyə razı sala bilir. Layihəyə şirkətin aparıcı konstruktoru və mühəndisi, “Kseroks-914” ilk avtomatik modelin hazırlanmasında iştirak etmiş Rey Zappotu (Bu qurğudan Vaşinqtondakı SSRİ səfirliyi əməkdaşları istifadə ediblər) və daha üç mütəxəssisi - optik, elektronçu və televiziyaçı cəlb edilib.

Dinləmə cihazlı surətçıxarma maşınının hazırlanmasına böyük vəsaitlər ayrılıb və məxfi konstruktor bürosu yaradılıb. Diqqəti cəlb etməmək üçün onu kiçik ticarət mərkəzinin içində yerləşdirirlər. Cihazın yerləşdirildiyi tərk edilmiş boulinq zalının heç pəncərələri də olmayıb. R.Zappot surətçıxarma aparatının içərisinə “Bell & Howell-2х8” kiçik məişət videokamerası quraşdırmağa qərar verir.

Ayda bir dəfə SSRİ səfirliyinə aid qurğunun profilaktikasını həyata keçirən “Kseroks” firmasının texniki mütəxəssisi casusluq kamerasının hara quraşdırmalı olduğuna dair MKİ-dən ətraflı təlimatlar alırlar. Təəccüblü olsa da, texnik qəliz qurğu ilə məşğul olarkən səfirliyin təhlükəsizlik xidməti tərəfindən onun işinə heç bir nəzarət və müşahidə həyata keçirilməyib və beləliklə 1963-cü ildə hər ay SSRİ səfirliyindəki surətçıxarma cihazına yeni plyonka ilə təchiz edilmiş kamera quraşdırılıb.

MKİ-dən gələn növbəti tapşırıq isə “Kseroks-813” model yığcam, stolüstü surətçıxarma maşınına dinləyici qurğunun quraşdırılması olur. Bu modeldə artıq adi 8 mm-lik videokamera üçün yer qalmır, odur ki, məxfi “Kseroks” briqadası çoxlu sayda plyonkaya malik miniatür fotoaparat yaratmalı olur. Bu zaman surətçıxarma maşınınin güzgüsünün konstruksiyasını dəyişirlər. İstifadə ideyasını gizlətmək üçün yeni kamera üçün bütün detallar ayrı-ayrı firmalardan sifariş verilir.

1964-cü ildə Rey Zappotun bu işi məxfi patentlə mükafatlandırılır. İxtiraçı bütün surətçıxarma maşınlarının məxfi sənədləşdirmə sistemi ilə təchiz edilməsi haqqında düşünürdü. Belə olacağı halda ABŞ müttəfiqlərinin fəaliyyətini izləyə və düşmənlərinə qarşı mübarizədə yardımçı əldə edə biləcəkdi. Lakin 1969-cu ildə kimya firmalarından biri oxşar yolla rəqiblərinə qarşı casusluq həyata keçirmək cəhdi zamanı tutulur.

Sovet səfirliyinin surətçıxarma maşınlarını yoxlamağa başlayacağı və süni şəkildə yerləşdirilmiş dinləmə cihazını aşkarlayacağı ehtimalı yaranır. Bu səbəbdən layihəyə son qoyulur. Rey Zappot 1979-cu ildə təqaüdə çıxır və təxminən 20 il bu barədə susur. Lakin ABŞ-ın “Popular Science” jurnalına müsahibəsində bu heyrətləndirici əhvalatı danışır. Lakin tarixin gözlənilməz davamı vardı.

Xüsusi təmir ustaları

Kaliforniya ştatının San-Fransiskoda şəhərindəki SSRİ Baş Konsulluğu 1970-ci illərin ortalarında Yaponiyanın “Toshiba” şirkətinin surətçıxarma qurğusunu əldə edir. Buna səbəb ABŞ modellərinə artıq inamın qalmaması idi. Sovet missiyası ilə imzalanmış müqaviləyə əsasən, yerli şirkət öz texnikini mütəmadi olaraq maşının təmizlənməsi və təmiri üçün göndərirdi. Maşından Sovet əməkdaşları həm iş, həm də şəxsi məqsəd üçün istifadə edirdilər. Xüsusi tapşırıq həvalə olunmuş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) zabiti qurğuya texniki baxış zamanı gördüyü işləri təfərrüatlı şəkildə şərh edən amerikalı texnikin işini diqqətlə izləyirdi. Hətta onlar arasında xoş münasibətlər də yaranır, hər ikisi peşəkar kimi bir-birlərinə hörmətlə yanaşırdılar.

1970-ci illərin sonunda binada hər kəsin tanıdığı və hörmət bəslədiyi texnikin yerinə dəbdəbəli geyinmiş bir qadın gəlir. O, rus dilində danışmağa çalışır, vintaçanı səriştəsiz şəkildə aparatın içərisinə daxil etməsi və iş görərkən qeyri-peşəkarlıq nümayiş etdirməsi diqqəti çəkir. Qadın getdikdən sonra Baş Konsulluğun təhlükəsizlik xidməti şirkətə zəng vuraraq peşəkar texnikin yerinə nəyə görə təcrübəsiz şəxsin göndərildiyi ilə maraqlanır. Katibə isə cavab olaraq üzr istəyir və bu dəfə firma mütəxəssisinin deyil, onlarda müvəqqəti olaraq stajçı kimi işləyən Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının göndərildiyini söyləyir.

Tezliklə şirkət bərbad vəziyyətdə olan avadanlıqlara texniki xidmət göstərilməsi üçün tələb etdiyi məbləği açıqlayır. Sovet mühasibi isə məbləğin həddən artıq çox olduğunu əsas gətirərək, ya işindən istifadə edəcəyini, ya da surətçıxarma qurğularının təmirinin dayandırılmasını tələb edir.

Bu zaman Amerika şirkətlərindən biri avadanlıqları ucuz qiymətə təmir etməyi təklif edir. Lakin təmir işlərinin şirkətin emalatxanasında aparılmasını şərt kimi irəli sürür. Moskvadan alınmış icazə əsasında “Toshiba” qurğuları təmirə göndərilir. Lakin təmir işləri bitənə qədər SSRİ konsulluğu yeni surətçıxarma qurğuları satın alır. Təmir olunmuş köhnə maşınlar isə Moskvaya – KQB-nin xüsusi texnika institutuna göndərilir.

Araşdırma zamanı avadanlığın daxilində sənədlərin foto çəkilişini həyata keçirən qurğu aşkar edilir. Bu sistem xüsusi optik sensor vasitəsilə surəti çıxarılan sənədin ilk vərəqinin təsvirini qeydə alırdı, daha sonra onu rəqəmsal formatda radio əlaqə vasitəsilə qonşuluqdakı şəxsi mənzilə ötürürdü. Çox güman ki, xüsusi qəbuledici və printer həmin mənzildə yerləşirdi. Bu qurğular çəkdikləri təsviri kağız üzərində çap edirdilər və ardınca ABŞ orqanları tərəfindən öyrənilməsi üçün göndərilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.