Neftdən ət, yağ, kürü də hazırlanır? – Araşdırma

12-04-2017, 22:09           
Neftdən ət, yağ, kürü də hazırlanır? – Araşdırma
Belə ətin kilosu 40-60, yağın kilosu isə 80 qəpiyə başa gələrdi…


ABŞ-ın “SpaceX” kampaniyası Marsın gələcək sakinləri üçün metan qazından qida hazırlanması üzərində çalışır…

Müasir insanın gün ərzində qeyri-iradi olaraq eşitdiyi məhfumlardan biri də neftdir. Hər gün, ən azı, telekanal, sayt və qəzetlərdə belə cümlələrə rast gəlirik:”Neft ucuzlaşdı!” “Neft bir neçə sent bahalaşdı” və s. Amma hazırda adi adamları o qədər də qayğılandırmayan neft xəbərlərinin yaxın gələcəkdə onlar üçün ən vacib “menyu”ya çevrilə bilməsi mümkündür. Çünki neft və qazdan kütləvi şəkildə yemək: ət, yağ, kürü və s. hazırlanması gerçəkləşdirilə bilər. İndi xarici ölkələrdə, xüsusən Çində ət, yumurta, düyü və s. kimi müxtəlif ərzaqların kimyəvi üsullarla hazırlanması artıq gerçəkliyə çevrilib. Amma neft və qazdan qida məhsulları alınması barədə az adam məlumatlıdır...

Sən demə, hələ 1950-1960-cı illərdə sover alimləri süni yolla müxtəlif xammallardan, o cümlədən neftdən ərzaq almaq üçün laboratoriya tədqiqatları aparıb, hətta bəzi məhsulları kütləvi istehsal ediblər...
1960-cı illərdə sovet alimi süni qara kürü hazırlamışdı...

1960-cı illərdə SSRİ Elmlər Akademiyasının keçmiş prezidenti Aleksandr Nesmeyanov neftdən maya almağın metodlarını işləyib hazırlamışdır. Onun ilk əldə etdiyi süni ərzaq “Zernistaya belkovaya çyornaya ikra” (“Dənəvər qara zülal kürüsü”) olmuşdur. Özü əqidəli vegeteriyan(ət yeməyən) olan Nesmeyanov nefti xaricə satmaq əvəzinə, sovet adamlarının qidalanması üçün istifadə etməyi təklif edirdi. Bu nəticəyə akademiki acı həyat təcrübəsi gətirmişdi...

Xruşşov süni qidaların kütləvi istehsalına izn vermədi...

1899-cu ildə doğulmuş Aleksandr Nesmeyanov fevral inqilabından sonra eserlərə, Oktyabr inqilabı baş verdikdə onların sol fraksiyasına qoşuldu. Vətəndaş müharibəsindən sonra isə o, bolşeviklərin tərəfinə keçdi. 1920-1922-ci illərdə SSRİ-də baş vermiş Böyük Aclıq Nesmeyanov üçün ağır mənəvi zərbə oldu. Gələcək akademik bolşeviklərin ərzaq dəstələrinin tərkibində kəndlilərdən çörək toplamağa gedirdi. Aclıqdan baş verən ölümlər, insanların biri-birini sözün əsl mənasında yeməsi, bir sözlə, kəndlilərin insan simasını itirməsi onu çox sarsırmışdı. Bu gənc özü-özünə söz vermişdi ki, həyatını nəinki Rusiyada, bütün dünyada ərzaq probleminin həllinə həsr edəcək. Kimyaçı alimin karyera “nərdivan”ı ilə uğurla irəliləyən Nesmeyanov Stalinin repressiya dövrünü də keçərək 1951-ci ildə SSRİ Elmlər Akademiyasının rəhbəri oldu. Ancaq 1961-ci ildə o, ölkənin lideri Nikita Xruşşovla bərk mübahisə etdi və nəticədə öz postunu itirdi. Sovet lideri ilə Akademiya rəhbəri arasındakı mübahisəyə əsas səbəb Nesmeyanov tərəfindən ölkədəki ərzaq probleminin qeyri-adi həll yolunun irəli sürülməsi idi. Ölkə başçısı sovet adamlarını yaxşı yedizdirməyin yolunu xam torpaqların əkilməsi, meliorasiyası, mal-qara və bitkilərin yeni sortlarının yetişdirilməsi və s. tədbirlərdə görürdüsə, Akademiya rəhbəri bunu kimyəvi istehsalın intensifikasiyasında, yəni müxtəlif qida növlərinin süni yolla yetişdirilməsində görürdü. Kimyaçı hesab edirdi ki, hələ müharibənin talan etdiyi ölkənin kənd təsərrüfatını inkişaf etdirmək üçün on illərlə vaxt lazımdır; sovet adamları isə məhz indi çox və ucuz yemək istəyir. Bu məqsədlə 1950-ci illərin ikinci yarısından A.Nesmeyanovun başçılığıyla kimya və biologiya institutlarında karbohidratlardan qida alınması üzrə işlər aparılırdı. Oxşar elmi proses yalnız SSRİ-də deyil, başqa inkişaf etmiş ölkələrdə də gedirdi...

Vegeterian akademikin uşaqlıq arzusu:”Heyvanları öldürmədən qida zülalı əldə etmək”...

Nesmeyanovun qida sintezinə marağının ikinci səbəbi də var idi. Bacısının xatırladığına görə alim hələ uşaqlıqdan əqidəli vegeterian olub. O, hesab edirdi ki, ət yemək üçün heyvanları öldürmək olmaz. Beləliklə, Nesmeyanovun qarşısına qoyduğu vəzifə - heyvanları öldürmədən qida zülalını əldə etmək idi...

1964-cü ildə Nesmeyanov tərəfindən süd zülalları, daha doğrusu, süd istehsalı tullantılarından nərə balığının kürüsünə bənzər dənəvari zülal kürüsünün alınması metodu kəşf edildi və sənaye üsulu kimi mənimsənildi...

İkinci yol – neft karbohidratlarının əsasında maya yetişdirilməsi və onlardan qida zülallarının alınması, üçüncü, sırf kimyəvi yol isə zülalların əsasını təşkl edən amin turşularının sintezi idi. Bu işlər Element Üzvi Birləşmələr İnstitutunda və Leninqradın bəzi institutlarında aparılırdı.

Süni dənəvər zülal kürüsü Moskvada bu gün də hazırlanır...

Akademik A.Nesmeyanov kimya elmləri doktoru Q.L.Slonimski ilə birgə uzu müzakirələrdən sonra laboratoriyada qida zülalından makaron məmulatlarının hazırlanması təcrübələrini də aparır. Artıq 1964-cü ildə yağsızlaşdırılmış süddən ilk süni dənəvər kürünün laboratoriya nümunələri əldə edildi. Sonra isə İnstitutun gücü ilə onun istehsalı texnologiyası hazırlandı. O vaxtdan bəri Moskva və digər şəhərlərdə "Dənəvər qara zülal kürüsü" adlanan bu ucuz və dadlı məhsulu (yumurta və digər ərzaq tullantılarından alınmış kazein zülalı əsasında) istehsal edirlər...

Neftdən alınacaq ətin kilosu 40-60 qəpiyə olacaqdı...

1969-cu ildə özünün “Süni və sintetik qida” adlı əsərində akademik Nesmeyanov süni qida istehsalını fundamental və ideoloji baxımdan əsaslandırmağa çalışırdı. O hesab edirdi ki, ilk növbədə bahalı ərzaqları ət və süd məhsullarını sintez etmək lazımdır. Alim hesablamışdı ki, sözün əsl mənasında neftdən əldə olunan mayadan sintez olunmuş ətin kiloqramının dəyərini 40-60 qəpiyə, oxşar üsulla hazırlanmış kərə yağı və pendirin kilosunu isə 80 qəpiyə endirmək mümkündür. Bu qiymətlər pərakəndə satışdakından 3-4 dəfə aşağı idi...

Yaxşı ki, Nesmeyanov çörəyin, eləcə də meyvə və tərəvəzləri neftdən hazırlanması ideyasını irəli sürmürdü. Buna səbəb həmin qidaların sintetik yolla alınmasına çəkiləcək xərcin təbii yolla əldə edilməsindən xeyli çox olması idi...

“Nefti xaricə satmaq –ölkəni ərzaqdan məhrum etmək deməkdir...”


Nesmeyanov həm də özünün həmkarı Mendeleyevin məşhur “ Sobanı neftlə yandırmaq – onu əskinasla yandırmaq kimi bir şeydir” ifadəsinə uyğun olaraq “Nefti xaricə satmaq - ölkəni ərzaqdan məhrum etmək deməkdir” yazırdı...

Lakin akademikin ideyasının bir neçə əks tərəfi də var idi. Zülalların neftdən geniş miqyasda istehsal olunacağı halda SSRİ kənd təsərrüfatında kolxozçuların 70-80%-i işsiz qalırdı. Bəs onları nə etmək lazım idi? Yenə də yaşamaq üşün hazır olmayan 10 milyonlarla əhalisi olan şəhərlər qurmaq? Nesmeyanov özü bununla fəlakət baş verməyəcəyini, dünən kolxozda işləyən adamların bollaşacaq ərzaq mallarını satmaq üçün mağazada, yeməkxanalarda və s. çalışacağını və bunun nəticəsində digər iaşə və mədəni xidmət obyektlərinin(klub, kino, teatr və s.) çoxalacağını və işsiz insanların qalmayacaın düşünürdü. Lakin 1960-cı illərdə SSRİ üçün daha bir ciddi problem hər hansı bir layihəni həyata keçirmək üşün valyuta çatışmazlığı idi. Xaricdən bir çox dəzgahlar alınmasına ehtiyac vardı. Nəhayət, partiya rəhbəriyi belə hesab edirdi ki, hələ sovet adamı təbii normal qidalar yerinə süni yolla hazırlanmış qidalardan istifadə etməyə mənəvi baxımdan hazır deyil. Eyni zamanda vətəndaşlar tərəfindən bunun sovet dövlətinin zəifliyi kimi qəbul ediləcəyindən ehtiyat olunurdu...

Bu minvalla akademik A.Nesmeyanovun süni qida layihələrinin çoxu elə laboratoriya təhqiqatları səviyyəsində də qaldı. Amma 1970-ci illərin sonunda, Sovet İttifaqında ərzaq probleminin kəskinləşdiyi dönəmdə akademik daha bir yeni ideya irəli sürdü – qida zülalıını xlorella və s. kimi dəniz yosunlarından almaq... Fəqət, 1980-ci ilin yanvarında Nesmeyanov gözlənilmədən vəfat etdi və ondan sonra SSRİ-də surroqat qidaların hazırlanmsını hətta laborator istehsalını təşkil edə biləcək nüfuzlu bir alim tapılmadı...

Artıq ABŞ-da metan qazından balıq yemi hazırlanır...

Amma süni yolla qida əldə edilməsi üzrə araşdırmalar Qərbdə davam etdirildi. Və nəhayət, 36 il sonra dünya mediasında neft və qazdan qida hazırlanması haqda yeni məlumatlar yayıldı. Rusiyanın “Sputnik” nəşrinin yazdığına görə, 2016-cı ilin sentyabrında Amerikada təbii qazdan heyvanlar üçün yem istehsal edən ilk fabriklər çalışmağa başlayıb. Kaliforniyanın “Calysta” biotexnoloji kampaniyası metan qazından balıqlar üçün yem hazırlayan ilk fabriki istifadəyə verib. Bu şirkətin Britaniyadakı rəqibi “Unibio” kampaniyası isə oktyabr ayında eyni məhsulu eyni yolla əldə edən fabriki çalışdırmağa başlayıb. “Calysta” şirkəti xüsusi mikroorqanizmlərin metan qazını zülalla zəngin olan, məsələn, donuzlar üçün qidaya çevirən ilk fabriki də açmağa hazırlaşır...

Nəşr yazır ki, bu mivalla tezliklə süfrələrimizdə də təbi qaz və neftdən hazırlanmış qidalar peyda ola bilər. Hətta Amerikanın “SpaceX” elmi-kosmik kampaniyasının mütəxəssisləri gələcəkdə Marsda yaşayacaq insanlar üçün də metandan zülal hazırlanmasının texnologiyası üzərində çalışır...
moderator.az
Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.