Dolların ucuzlaşmasının sirri bilindi - beynəlxalq yarışlar...

14-04-2017, 09:21           
Dolların ucuzlaşmasının sirri bilindi - beynəlxalq yarışlar...
Dolların ucuzlaşdırılmasının səbəbi Bakıya gələcək turistlərdən valyutanı ucuz almaq istəyidir


“Dolların ucuzlaşmasında IV İslam Həmrəyliyi Oyunları və “Formula-1" yarışlarının da təsiri var”. Bu fikirləri aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov mətbuata açıqlamasında səsləndirib.


Deputatın fikrincə, hökumət “bahalı manat, ucuz dollar” nisbəti yaradıb ölkəyə maliyyə cəlb etmək istəyir".

V.Əhmədov hesab edir ki, dolların nisbi ucuzlaşmasına təsir göstərən daha bir səbəb aprelin 1-dən qüvvəyə minən nağdsız hesablaşmalardır. O deyib ki, maliyyə sahəsində bu siyasət uzun müddət davam edə bilməz, çünki bu xətt real sektorun inkişafına imkan vermir: “Təkcə manat qıtlığı yaratmaqla hansısa maliyyə uğuruna nail olmaq mümkün deyil. Bu xəttin nəticəsidir ki, iqtisadi aktivlik azalıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Elə bundan irəli gələrək dollara tələbatın azalması və dolların ucuzlaşması görüntüsü yaranıb”.


İqtisadçı ekspert Natiq Cəfərli beynəlxalq idman yarışlarının yaxınlaşmasının dolların ucuzlaşdırılması üçün bir əsas olduğunu bildirdi: “İslam Oyunları və ”Formula 1" yarışlarında ölkəyə turist axınının güclənməsi gözlənilir. Dolların ucuzlaşdırılmasının səbəbi turistlərdən valyutanı ucuz almaq istəyidir. Novruz bayramında Azərbaycana təqribən 30 minə yaxın turist gəlmişdi. Bu ərəfədə dollar ucuzlaşmağa doğru getdi. Nəticədə bankların turistlərdən daha ucuz dollar almağına səbəb oldu. Ola bilər ki, banklar bu inzibati qaydada süni şəkildə dolları ucuzlaşdıraraq gələn turistlərdən yenidən ucuz dolları yığmaq istəyirlər. Mərkəzi Bank da onlara yardım edir ki, bir müddət sonra dollar bahalaşdıqda bu valyutanı yüksək məzənnə ilə sata bilsinlər. Bununla da banklar heç olmasa bu yolla pul qazansınlar. Çox güman ki, bu tədbirlər bitdikdən sonra artıq Mərkəzi Bank süni şəkildə dolların ucuzlaşmasına son verməyə məcbur olacaq. Çox güman ki, bu oyunlardan və idman yarışlarından sonra dolların məzənnəsində yenidən yüksəliş görəcəyik. İlin sonuna yenidən dolların maksimal səviyyəyə çatmasını, 1.95-ə qədər artmasını görə bilərik"


İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a danışarkən bildirdi ki, dolların ucuzlaşmasında beynəlxalq yarışlar amilinin müəyyən rolu var: “Ancaq bütövlükdə demək olmaz ki, Azərbaycanda dolların ucuzlaşmasının əsas səbəbi məhz turizm amilidir. Bazarların daralması, manat qıtlığı, Mərkəzi Bankın yüksək faizli manat depozitlərini cəlb etməsi prosesi, büdcə xərcləmələrində müşahidə edilən səngimələr, pul köçürmələri ilə bağlı yeni qaydalar, dövlət sektorundakı layihələrin həyata keçirilməsində yaranan çətinliklər və sair bugünkü mənzərənin yaranmasına təsir göstərir. Paralel olaraq, qarşıdan kütləvi turist axınını gətirəcək beynəlxalq yarışların gəlməsi də bazarda valyuta məzənnəsinin tənzimlənməsinə öz təsirini göstərir”.
İqtisadçı onu da diqqətə çatdırdı ki, manatın möhkəmlənməsinin optimal həddini tapmaq lazımdır, əks halda, Azərbaycan qiymətlər baxımından rəqabət qabiliyyətini itirə bilər: “Bu zaman da xərclənən valyutanın həcminə müsbət təsir göstərə bilər. Eyni zamanda hökumət prosesi bilərəkdən bu cür idarə edirsə, diqqətli olmalıdır. O baxımdan ki, qısamüddətli dövr üçün dolların 1.92 manata qədər bahalaşması, sonradan 1.62 manata qədər ucuzlaşması çox ciddi fərqdir. Söhbət 15 faizlik dinamikadan gedir. Ölkə iqtisadiyyatında biznes subyektlərinin fəaliyyətində neqativ nəticələrə gətirib çıxara bilər. Bu zərərlər də hesablanmalıdır. Manatın müəyyən həddə qədər möhkəmlənməsi ölkəyə valyuta daxilolmalarının həcmini artıra bilər. Ancaq müəyyən həddən sonra Azərbaycanda qiymətlərin rəqabətliliyinə mənfi təsir göstərməklə turist xərcləmələrini azalda bilər”.


Rəşad Həsənov vurğuladı ki, bundan sonrakı dövrdə manatın möhkəmlənməsi artıq yüksək faizlərlə ifadə olunmayacaq: “Digər məsələ də ondan ibarətdir ki, bazarda olan valyutanın böyük bir qismi bahalı dövrdə 2016-cı ilin sentyabrından 2017-ci ilin martına qədər alınmış valyutalardır. Onlar daha yüksək kursla alınmışdı. Onların daha aşağı qiymətlə bazarlara çıxarılması ehtimalı da aşağıdır. Bu baxımdan, manatın bundan sonra möhkəmlənmə ehtimalı zəifdir. Məqsədli şəkildə belə bir addım atılarsa, optimallıq da qorunub saxlanılmalıdır. Bu, mənfi təsirlərə yol açacaq həddə qədər dərinləşməməlidir”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.