İcra başçısının sabiq müavini: “İlqar Əliyev MTN-nə Eldar Mahmudovun razılığı ilə çağırıldığımı dedi”

29-04-2017, 13:24           
İcra başçısının sabiq müavini: “İlqar Əliyev MTN-nə Eldar Mahmudovun razılığı ilə çağırıldığımı dedi”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işində Xəzər Rayon İcra Hakimiyyətinin başçısının keçmiş birinci müavini Ələkbər Heydərov da zərərçəkmiş qismində tanınıb.
"Report"un xəbərinə görə, Ə.Heydərov istintaq zamanı verdiyi ifadəsində bildriib ki, 2011-ci ilin may ayında Gülağa İslam adlı şəxs ona MTN-in Antiterror Mərkəzinə dəvət olunduğunu deyib.
O, deyilən vaxt MTN-in əsas binasına yaxınlaşıb: “Özümü təqdim etdim. Adını bilmədiyim bir şəxs məni qarşılayaraq antiterror mərkəzinə apardı. Adını bilmədiyim 2-3 nəfər MTN əməkdaşı isə icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdilər. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını dedim. Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 1990-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Mənim də həmin sənədlərə adiyyatım olmadığını bildirdim, buna dair izahat yazdım. Söhbət zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq aradan çıxdıqdan sonra onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsin narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini söylədilər”.
Ə.Heydərovun sözlərinə görə, onu həmin zaman başqa bir otağa aparıblar: “Otaqda polkovnik və ya polkovnik-leytenant rütbəli şəxsin oturdğunu, sonradan həmin şəxsin İlqar Əliyev olduğunu xatırlayıram. İlqar Əliyevin otağına daxil olandan sonra digər əməkdaşlar otaqdan çıxdılar. Əvvəlcə İlqar Əliyev bildirdi ki, MTN-nə sabiq nazir Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən buna etiraz etdim, bu məsələyə adiyyatım olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik”.
İcra başçısının müavini ifadəsində qeyd edib ki, İlqar Əliyev MTN-in antiterror mərkəzinin səlahiyyətləri, oraya girənin onların icazəsi olmadan çıxa bilmədiyini, onun başqa vasitə ilə həbs olunacağı ilə hədə-qorxu gəlib: “Daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500 min manat verməyimi bildirdi. Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. Bu zaman İlqar Əliyev mənə hörmət etdiyini dedi. O, bir kağız parçasına 300 min manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi söylədi. Söhbət zamanı İlqarın həmçinin həmin pulun hamısının ona çatmadığını, pulun böyük hissəsinin əsasən nazir və idarə rəisinə çatdığını, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra, saat 3-də gətirməyimi dedi, bu barədə də heç kəsə məlumat verməməyimi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım.
Ə.Heydərov söyləyib ki, İ.Əliyevlə razılaşdığı məbləği toplayıb: “Qardaşım və oğlumun dostlarından borc almaqla 300 min manatı topladım, bir həftə sonra MTN-nə gəldim. Otaqda özüm ilə gətirdiyim 300 min manatı İlqar Əliyevin özünə verdim. Pulu verən zaman otaqda başqa şəxs olmayıb”.
Qeyd edək ki, E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.