Sumqayıtın kriminal tarixi - "qanuni oğru"lar, təhlükəli məhəllələr...

14-05-2017, 09:40           
Sumqayıtın kriminal tarixi - "qanuni oğru"lar, təhlükəli məhəllələr...
Sovet dövründə "kimyaçılar şəhəri", daha sonra "gənclik şəhəri" adlandırılan Sumqayıt həm də Azərbaycanda ən kriminal şəhərlərdən biri hesab olunur. Sumqayıtın kriminallaşması haqqında müxtəlif versiyalar mövcuddur

Bəzi iddialara görə, şəhərin tikintisində məhbusların iştirakı və sonradan elə orada məskunlaşması Sumqayıtda kriminal aləmin əsasının qoyulması ilə nəticələnib. Sumqayıtın köhnə əraziləri sayılan 1-ci və 2-ci məhəlləri kriminal ərazilər kimi ad çıxarıb. Yeri gəlmişkən, İndi bu məhəllələr Sumqayıtın ən elitar ərazisi hesab olunur.

Sumqayıtda ilk "polojeniya"

Sumqayıtda kriminal aləmin varlığı şəhərin salındığı illərə təsadüf etsə də, 1970-80-ci illərə qədər təşkilatlanmış formada olmayıb. Bu illərdə isə artıq şəhərdə kriminal aləmin nüfuzlu şəxslərinin mütəşəkkil qaydada "oğru ideyaları"nın möhkəmləndirilməsi istiqamətində iş apardığı deyilir.

Məlumatlara görə, Sumqayıtda ilk dəfə "polojeniya" məhz bu illərdə yaradılıb. Bu işdə əslən Bakılı olan, Sumqayıtın köhnə ərazilərindən sayılan 1-ci mikrorayonda yaşamış Müstəcəb adlı şəxsin müstəsna xidmətlərinin olduğu deyilir. Həmin şəxs şəhərdə adlı-sanlı cayıllardan hesab olunub. Həm cəsarəti, həm də ədaləti ilə digərlərindən fərqlənib.

Yeri gəlmişkən, artıq həmin illərdə 1-ci mikrorayon da kriminal ərazi kimi ad çıxarıb.

Müstəcəb adlı şəxsin sonradan rəqibləri tərəfindən zəhərlənərək qətlə yetirildiyi barədə iddialar var.

Sumqayıtın "Qanuni oğruları"

Sumqayıtda "oğru ideyaları" populyar olsa da, burada necə deyərlər "ala qarğa"nın "bala çıxarması" müşkül məsələdir. Bəlkə də elə bu səbəbdəndir ki, Azərbaycanın ən kriminal şəhərlərindən hesab olunan Sumqayıtın tarixində bu günə kimi cəmi iki "qanuni oğru" olub.

Bunlardan biri 9-cu mikrorayonda yaşamış "Dayıoğlu Vaqif" adı ilə tanınan şəxsdir. Onun kriminal aləmin ən ali məqamına çatması - "oğru" statusuna yiyələnməsi 1990-cı illərə təsadüf edir. Lakin o, "oğru statusu" aldıqdan qısa müddət sonra qətlə yetirilib. "Dayıoğlu Vaqif"in qətli ilə bağlı Sumqayıtda müxtəlif söz-söhbətlər gəzir. Bəzi iddialara görə, onun ölümü başqa bir "kriminalitet" - "Coratlı Həsənpaşa" ilə aralarında olan konfliktlə bağlıdır. Həsənpaşa "oğru" statusu daşımasa da, kifayət qədər nüfuz sahibi olub. "Dayıoğlu Vaqif"lə onun arasındakı mübahisənin motivi barədə dəqiq bilgi yoxdur. Bu məsələ barədə ziddiyyətli versiyalar səsləndirildiyinə görə, qeyd etməyi vacib bilmirik. Yalnız o məlumdur ki, "Dayıoğlu Vaqif"i keçmiş "Nasosnı", indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan "Nasosnı Etibar" adı ilə məşhur olan şəxs güllələyərək qətlə yetirilib. "Nasosnı Etibar"ın özü isə hüquq-mühafizə orqanlarinin əməkdaşları ilə atışmada ölüb.

"Dayıoğlu Vaqif"in "oğru" titulu almasını yaşadığı 9-cu mikrorayonda oğru ideyalarını daha da populyarlaşdıran amillərdən biri hesab etmək olar. Bu mikrorayon indinin özündə də Sumqayıtın kriminal ərazilərində biri kimi tanınır. Bəzən 9-cu mikrorayon Bakının "Papanin" qəsəbəsi ilə müqayisə edilir.

"Oğru" adını alan digər sumqayıtlı isə vaxtilə kriminal ərazilərdən sayılan 34-cü məhəllədə yaşayan "Lotu Arif", "Arif Sumqayitski" adı ilə məşhur olan Arif Mehdiyev adlı şəxsdir.

1961-ci il təvəllüdlü "Lotu Arif"in də "oğru" titulu alması 90-cı illərə təsadüf edir. Arif Mehdiyevin hazırda Rusiyada olduğu bildirilir. Mərhum "Rövşən Lənkəranski"nin sağlığında "Lotu Arif"in titulunun alınması barədə məlumatlar yayılmışdı. Lakin sonradan onun statusunu bərpa etdiyi deyilir. Bəzi məlumatlara görə, "Lotu Arif"in digər "oğrular" kimi populyar olmamasının səbəbi sadə həyat tərzi sürməsi ilə bağlıdır. Yəni Arif Mehdiyev cangüdənləri, bahalı maşınları olan "oğru" deyil.

Ruslan və Qabilin hekayəti

Sumqayıtda ad çıxarmış kriminalitetlərdən biri də Ruslan adlı şəxs olub . 4-cü mikrorayonda yaşamış Ruslan "oğru" olmasa da, cinayətkar aləmdə kifayət qədər tanınan adam olub. Onun adı müxtəlif iş adamlarına "haqq" qoymaqda və bir sıra ağır cinayətlərdə hallanır. 1995-ci ildə hüquq-mühafizə orqanları ilə atışmada zərərsizləşdirilib.

Ruslanı digərlərindən fərqləndirən mübahisələrdə soyuqqanlı şəkildə silaha əl ataraq rəqibini vurması olub. Bəziləri onun haqqında "Ruslan bespredel" olub desələr də, bu fikri bölüşməyənlər də var.

Ruslanla eyni ildə başqa bir kriminalitet də zərərsizləşdirilib. Bu, 45-ci məhəllədə yaşamış Qabil adlı şəxs olub. Qabil Sumqayıt şəhər prokurorluğunun qarşısında öldürülüb. Bəzi məlumatlarda bildirilir ki, ölüm işinə görə axtarışda olan Qabil Sumqayıt prokurorluğuna gələrək şəhər prokurorunu silahla hədələyib. Ondan yaxın dostunun həbsdən azad olunmasını tələb edib və prokurora vaxt qoyub. Növbəti dəfə prokurorluğa gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə rastlaşıb. Silahlı olduğundan və heç bir əmrə tabe olmayacağını bilən hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açmaq məcburiyyətində qalıblar.

Bu iki hadisə, yəni Ruslan və Qabilin ölümü Sumqayıtda böyük əks-sədaya səbəb olmaqla yanaşı, kriminala meylliyin nisbətən azalmasını şərtləndirib.

Sumqayıtda kriminal aləmin sıxışdırılması

Ümumiyyətlə, 1994-95-ci illər Sumqayıtda kriminal aləmin sıxışdırıldığı illər kimi xarakterizə edilə bilər. Həmin illərdə Azərbaycanda "oğru dünyası"na qarşı başlanan total mübarizə Sumqayıtda da kriminal aləmə sarsıdıcı zərbələr vurmağa başlamışdı. O vaxta qədər isə oğru aləmi o dərəcədə mütəşəkkil xarakter almışdı ki, artıq sakinlər arasındakı ən müxtəlif məzmunlu konfliktlər yerli hakimiyyət orqanlarında deyil, "obşak"da həll olunurdu. Kriminogen durum nəzarətdən çıxmışdı. Bu, həm də Sumqayıtda narkotikanın çiçəkləndiyi və şəhərin narkotranzitə çevirldiyi illər idi. Məhz belə bir vəziyyətdə kriminal aləmlə bağlı radikal tədbirlərin görülməsinə start verilmişdi.

Nəticədə Sumqayıtda kriminal aləm demək olar ki, sıradan çıxarıldı. Lakin oğru ideyaları populyarlığını itirmədi. Hazırda da Sumqayıtda əhalinin əhəmiyyətli hissəsinin bu aləmə rəğbət bəsləyir. Lakin bu rəğbət cinayətkarlığa meyilliliklə xarakterizə olunmur... (lent.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.