Polisi öldürən “Porsche”nin sahibi ilə bağlı müəmma
3-06-2017, 09:56
Kəbirə Məmmədova onun belə bir qardaşı oğlu olmadığını deyir
Bibiheybət yolunda polisin ölümü ilə nəticələnən avtoqəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov mətbuatda məşhur iş adamı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunsa da, sahibkar bunu inkar edib.
K. Məmmədova unikal.org saytına bildirib ki, onun belə bir qardaşı oğlu yoxdur:
“O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun”.
Hazırda R. Məmmədovla bağlı açılan istintaq işinin hansı yerdə olduğunu öyrənmək üçün Səbayel Rayon Polis idarəsi ilə əlaqə saxladıq. Polis idarəsindən bildirildi ki, faktla bağlı cinayət işi başlanılıb: “Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir”.
Hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu kimi hadisələrdə bir günün içərisində istintaqın yekunu bəlli ola bilməz: “Adam ölümü ilə nəticələnən iş olduğu üçün burada Cinayət Prosessual Məcəllə ilə istintaq gedir. Orada müəyyən müddətlər nəzərdə tutulur. Bu isə istintaqın verəcəyi bir qərardır. Yəni hansı müddətə iş yekunlaşarsa, o zaman da bağlayacaqlar. Bu, 24 saat, iki gün ərzində yekunlaşmır. CPM-də bununla bağlı olaraq konkret vaxtlar var. Əslində bu hadisədə son tarixə qədər də gözləməyə ehtiyac olmayacaq, çünki bir çox şeylər artıq bəllidir.
Yəni qəzanın görüntüləri var, nəyin necə olduğu müəyyən qədər bilinir. Ancaq eyni zamanda burada bizim görmədiyimiz məqamlar da ola bilər. Məsələn, ”Porshe" önündə və sağında olan maşını vurmamaq üçün də qarşı yola çıxa bilər. Bir qədər araşdırmağa ehtiyac var və dərhal kimisə günahlandırmaq asan məsələ deyil. Hər halda, polis maşınının oradan dönməsi də xəta idi. Tərəflər hansısa xəta etməsəydilər, bu qəza baş verməzdi. Ona görə də onların hər ikisinin hadisənin baş verməsində günahı əlli-əlliyədir. Hər iki tərəf ciddi şəkildə qüsurludur. Təbii ki, yekun nəticəni istintaq müəyyən edəcək. Yol hərəkətinin təhlükəsizliyi hər kəs üçün keçərlidir".
Qeyd edək ki, mayın 30-da saat 10 radələrində Səbayel rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbayel RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Doblo” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.