"BƏZİ MƏMURLARIN VƏ ÖVLADLARININ ÖZBAŞINALIĞI LAP DƏHŞƏTLİ HAL ALIB"

8-08-2017, 00:37           

Akif Nağı: "Məsələn, hər hansı nazir, komitə sədri 1000-1500 manat maaş alır. Lakin onların maddi sərvətləri kifayət qədər çoxdur. Məmur övladları 100 minlərlə pul xərcləyir, bahalı maşınlarda gəzirlər".

"Vəzifəli şəxslərin, onların ailə üzvlərinin idarə olunması, çərçivəyə uyğunlaşdırılması dünyada da problemdir”.

Bunu Sherg.az-a son günlərdə vəzifəli şəxslərin və onların ailə üzvlərinin müxtəlif qanunsuzluqlarla gündəmə gəlməsinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

O bildirib ki, bu məsələ Azərbaycanda lap dəhşətli hal alıb:

"Məmur övladlarının, ailə üzvlərinin bu hərəkətləri ölkə başçısının da diqqətindən yayınmır və prezident dəfələrlə məmurlara xəbərdarlıq edib. Lakin məsələyə valideynlər, həmin uşaqların valideynləri diqqət yetirməlidirlər.

Vəzifəli şəxslərin övladlarının problemi tək ərkəsöyünlük deyil. Ortada pul və maddi imkan faktoru var. Məsələn, hər hansı nazir, komitə sədri 1000-1500 manat maaş alır. Lakin onların maddi sərvətləri kifayət qədər çoxdur. Məmur övladları 100 minlərlə pul xərcləyir, bahalı maşınlarda gəzirlər. Bu özbaşınalığın kökü də həmin gəlirlərdədir. Ölkəyə küllü miqdarda daxil olan nəzarətsiz pulların mənbəyi kəsilərsə, mövcud arzuolunmaz prosesin də qarşısı alınar. Həmin məmur ailələrinin özünə də xeyirli məqam olar”.

A.Nağının sözlərinə görə, vəzifəli şəxslərin və ailə üzvlərinin özbaşınalıqlarına ictimai qınaq güclənməlidir:

"Məmurlar 2000 min manatlıq maşını alıb, övladlarına verirsə, bunun problemlər yaradacağını da bilməlidir. Bəzi millət vəkilləri mediaya açıqlamasında "həmin şəxslərin yerində kim olsa, eyni şeyləri edər” – deyə bəyanat səsləndirir. Lakin bir ənənə yaranmalıdır. Vəzifəli şəxsin pulunun olması o demək deyil ki, bahalı maşınlar almalı, villalar tikməlidir. Cəmiyyətdə müəyyən təvazökarlıq da olmalıdır. Həmin şəxslər ictimai qınaqdan çəkinməlidirlər.

Xatırlatmalı olacağam, sovet dövründə varlı şəxslər hətta maşın almağa da qorxurdu. Həmin vaxtlarda müəyyən təsir mexanizmi var idi.

Ona görə, indiki halda da həm dövlət, həm cəmiyyət səviyyəsində müəyyən təsir imkanları olmalıdır. Heç bir nəzarət olmadığından belə mənfi hallar baş verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.