Son illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTO

15-11-2017, 08:07           
Son illərin inanılmaz 5 arxeoloji TAPINTISI: bir-birinə sarılmış oğlanla qız... - FOTO
Əksəriyyət əsas artefaktların artıq tapıldığını, ən əhəmiyyətli tarixi kəşflərin də aşkarlandığını düşünür. Əslində isə bu, tamamilə yanlış qənaətdir. Çoxlarına məlum olmasa da, bu gün dünyanın müxtəlif hissələrində fəal şəkildə aparılan arxeoloji qazıntılar öz bəhrəsini verməkdədir...
Publika.az son 10 il ərzində baş vermiş 5 əhəmiyyətli arxeoloji kəşflə oxucuları tanış edir:
Ölü dənizin əlyazmaları
Arxeoloqlar 70 ildir ki, Ölü dəniz sahilinin yaxınlığında yerləşən Kəllələr Mağarasında lülə şəklində bükülmüş qədim yazılar aşkar edir. Artıq hər şeyin meydana çıxdığı zənn edilsə də, bir il öncə yeni yazılar aşkarlandı. İsrailin ən böyük xəzinələrindən biri sayılan əlyazmalar e.ə. III-I əsrlərə aid edilir.


Meksikanın Çiçen-İtsa piramidası
Yukatan yarımadasının (Meksikanın cənubu) tropik meşələri arasında yerləşən Çiçen-İtsa şəhəri nəinki Maya xalqının tarixi abidəsi, həm də ən yeni tədqiqat və kəşflərin predmeti sayılır.
Kukulkan Məbədi kimi tanınan 24 metrlik piramida Maya mədəniyyətinin ən məşhur tikintilərindən biridir. Daş bloklardan ibarət 9 pilləli piramida adi görünsə də, yaxın keçmişdə aparılan tədqiqatlar nəticəsində onun içində daha iki piramidanın olduğu ortaya çıxıb. Onlardan biri kiçicikdir. Onun əsasında eramızın 500-800-cü illərində daha bir 20 metrlik piramida inşa edilib. 1050-1300-cü illərdə isə tolteklər piramidanın hazırkı dövrdə gördüyümüz üçüncü daş “qatını” tikdi. Çiçen-İtsa şəhəri düşmənlər tərəfindən işğal edilməsəydi, aqibətinin necə olacağına dair yalnız fərziyyələr qurmaq mümkündür.


Dünyanın ən kiçik mumiyası
Qədim mumiyalaşdırma ənənəsi sayəsində tarixçi alimlər qədim misirlilər haqqında kifayət qədər məlumata malikdir. Lakin hətta klassik misirşünaslıqda belə möhtəşəm kəşflərə rast gəlinir. Kembric muzeyində (Böyük Britaniya) yaxın keçmişdə kiçik bir sarkofaq təqdim edilmişdi. Bu tapıntı təqribən yüz il öncə Cizə yaxınlığında aşkar edilib.
Uzun müddət bu sarkofaqda ölmüş bir adamın daxili orqanlarının dəfn olunduğu zənn edilirdi. Lakin KT tədqiqatı (kompüter tomoqrafiyası) keçirildikdən sonra alimlər sarkofaqın içində insan rüşeyminin mumiyasının saxlanıldığını müəyyən etdilər. Bintlərlə sarınmış kiçicik bədənin üzərinə ağac qətranı tökülmüşdü. İnkişaf vəziyyətinə görə, həkimlər rüşeymin 64-72 həftəlik olduğunu bildirib. Bu qeyri-adi tapıntı misirşünasları misirlilərin dəfn ayininə, həmçinin uşaq düşməsinə olan münasibətlərini ciddi surətdə təkrar gözdən keçirməyə vadar etdi.


Kast yüksəkliyi Makedoniyalı İsgəndərin məqbərəsidir?
Yunanıstanda, qədim Makedoniya ərazisində bir vaxtlar Amfipolis şəhəri olub. Artıq onilliklərdir ki, alimlər böyük ticarət mərkəzi olmuş qəsəbənin xarabalıqlarının qazıntılarını aparır. 2012-ci ildə isə arxeoloqlar Makedoniyalı İsgəndər dövrünün tarixini əhəmiyyətli dərəcədə zənginləşdirməyə qadir olan bir tapıntı aşkar etdi.
E.ə. 323-cü ildə vəfat etmiş görkəmli sərkərdə çarın qəbirinin olduğu yer bugünə qədər məlum deyildi. İndi isə, Amfipolis yaxınlığındakı Kast yüksəkliyinin qazıntılarından sonra, Böyük İsgəndərin məqbərəsinin məhz burada olduğuna dair artıq kimsədə şübhə qalmır. Mərmər sfinkslər, kariatidalar, divar freskaları o dərəcədə təmtəraqlı hazırlanıb ki, bu tapıntının son on ildə ən əhəmiyyətli tapıntı olduğunu iddia etmək olar.


Valdarolu sevgililər
2007-ci ildə İtaliyanın şimalında bir-birinə çox yaxın vəziyyətdə uzadılmış iki insanın birgə qəbri tapılıb. Keçirilmiş ekspertiza nəticəsində bu meyitlərin gənc oğlanla qız meyiti olduğu müəyyən edilmişdi. Öldüklərində təqribən 18-20 yaşları olardı. Arxeoloqların diqqətini bədənlərin vəziyyəti çəkmişdi: onlar üzbəüz və bir-birinə sarılmış vəziyytədə idi. Meyitlərin üzərində hər hansı bir cismani zədənin olmadığı nəzərə alınarsa, hər ikisini ölümünün zorakılıqla baş vermədiyi qənaətinə gəlinir. 6 mindən çox yaşı olan qalıqlar “Valdarolu sevgililər” adlandırılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.