Lütfi Zadənin vəsiyyəti iki alimi üz-üzə qoydu - Şahnaz Şahbazova Rafiq Əliyevə ETİRAZ ETDİ
15-11-2017, 18:16
Bu yaxınlaradək ABŞ-da yaşamış görkəmli azərbaycanlı alim Lütfi Zadənin sağlığında mirasının bir hissəsini kimlərə əmanət etməsi barədə xeyli məlumatlar dərc edilib.
Lütfi Zadənin ailə dostları - tanımış professor Rafiq Əliyev və Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova ayrı-ayrılıqda məşhur alimin varisi olduqlarını və mirasın onlara vəsiyyət olunduğunu bildiriblər.
Lütfi Zadənin vəfatından xeyli vaxt ötəndən sonra professor Rafiq Əliyev bir neçə sayta müsahibə verərək, alimin mirasının bir hissəsinin ona bağışlandığını bildirib. Amma pulun məbləğini açıqlamayıb.
Rafiq müəllimin sözlərinə görə, Lütfi Zadənin oğlu Norman Zadə ona məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib.
R.Əliyev isə həmin mirası qəbul edərək, birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.
Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Modern.az saytına açıqlamasında bu xəbərə birmənalı münasibət bildirməyib. Əməkdaşımız Şahnaz Şahbazova ilə də əlaqə saxlayıb, Lütfi Zadənin ona bağışladığı mirası alıb-almadığını soruşub, eyni zamanda, Rafiq Əliyevin miras məsələsindəki fikirlərinə münasibət öyrənib.
“Mətbuata dəfələrlə demişəm ki, Lütfi Zadə bütün ordenlərini, medallarını, təltiflərini, mükafatlarını, kitablarını, yazı masasını, köhnə kompüteri və iki ədəd kitab şkafını mənə bağışlayıb. Onların çox hissəsini hələ 2015-ci ildə özü övladlarım yaşayan evə göndərmişdi. Mənə verdikləri bunlardır.
Özümü Lütfi Zadənin varisi və vəliəhdi hesab etmirəm. Onun varisi və vəliəhdi oğlu Normandır. Başqa heç kəs deyil. O ki qaldı onun elmi irsinə, Lütfi Zadənin laboratoriyasının 1000 üzvü var ki, onlardan biri də mənəm. Eləcə də Rafiq Əliyev də 1000 nəfərdən biridir. Əgər Rafiq Əliyev özünü varis hesab edirsə, ona heç bir söz deyə bilmərəm.
Məndən yaşca böyükdür. Hər kəs öz hərəkətinə, danışığına, ağzından çıxan ifadələrə fikir verməlidir. Saytlardan biri Rafiq Əliyevin dediklərini elə işıqlandırır ki!.. Əksinə, bu, Lütfi Zadəyə qarşı hörmətsizlikdir. Rafiq Əliyev nə danışır, danışsın. Bəlkə belə danışmaqla təskinlik tapır. Lütfi Zadə təkcə mənim deyil. O, hər kəsindir”.
Şahnaz Şahbazova illərdir Lütfi Zadənin Azərbaycanda hörmətinin artmasına çalışdığını bildirib.
“İstədiyimə də nail olmuşam. Artıq o, I Fəxri Xiyabanda uyuyur. Məndə olan məlumata görə, indiyə qədər Rafiq Əliyev Lütfi Zadənin məzarını bir dəfə də olsun ziyarət etməyib. Özü bilər. Mən həftədə 2 dəfə Lütfi Zadənin məzarını ziyarət edirəm. Onun 40 mərasimini də orda keçirtmişəm. Hesab edirəm ki, bu mənim borcumdur. Çünki o mənə ata kimi baxırdı. Hər dəfə Fəxri Xiyabana gedəndə qapıçı məni içəri buraxır və deyir ki, gələn yoxdur. Düşünürdüm ki, Rafiq Əliyev Lütfi Zadəni ziyarətə tez-tez gələr. Çünki dost olublar. Saat 12-14 arası tələbələrimlə ziyarətə gedəndə Rafiq müəllimi nəzarətçidən yaxşı mənada soruşdum, dedi ki, bu vaxta qədər gəlməyib. Amma yenə də kimisə məcbur etmək olmaz. Bu, insanın içindən gəlməlidir. 10 ilim Lütfi Zadənin ailəsində keçib. Xanımı da, özü də məni övladları biliblər. İkisinin də ağzını mən bağlamışam, mən baxmışam. Buna görə fəxr edirəm. Onlar mənə çox doğmadırlar. İndi-indi sakitləşirəm”.