Raqqadakı terrorçuları kim qaçırıb? - VİDEO

16-11-2017, 11:00           
Raqqadakı terrorçuları kim qaçırıb? - VİDEO
BBC-nin araşdırması sübut edir ki, terrorçuların Suriya və İraqdan qaçmasında dövlətlərin rolu var

BBC-nin araşdırması sübut edir ki, terrorçuların Suriya və İraqdan qaçmasında dövlətlərin rolu var

Böyük Britaniyanın BBC telekanalı Suriyanın Raqqa şəhərindən İŞİD silahlılarının çıxarılması ilə bağlı gizli anlaşmanı ifşa edib. BBC-nin hazırladığı “Raqqanın çirkli sirləri” adlı araşdırmada ötən ay Raqqa azad edilən zaman ümumi sayı 4 min nəfər olan İŞİD terrorçusu və onların ailə üzvlərinin şəhərdən çıxarılmasını əks etdirir.

Araşdırmada qeyd olunur ki, yük maşını sürücüləri BBC-ə danışıblar ki, onlar Suriya ərazisində humanitar yardım daşıyıblar. Ancaq oktyabrın 12-də Suriya Demokratik Qüvvələri (kürdlər - K.R.) sürücülərlə danışıb Raqqada qalan mülki əhalini şəhərdən çıxarmalarınbı istəyib.

Danışığa əsasən iş 6 saat davam etməli imiş. Ancaq onlar bir neçə gün maşınla əsasən xarici ölkə vətəndaşı olan adamları daşımalı olublar. Sürücülər bildirib ki, Raqqadan 47 yük maşını, 13 avtobus, o cümlədən İŞİD-çilərin öz avtomobilləri ilə ümumilikdə 100-dən artıq maşınla terrorçular və ailələri daşınıb. Yük maşınları İŞİD-çiləri 3 gün aparıblar.

BBC araşdırmasını əldə etdiyi və daşınma zamanı gizli çəkilmiş video kadrlarla təqdim edib.

Sürücülər deyiblər ki, Raqqadan xilas olan İŞİD döyüşçüləri arasında çoxlu xaricilər də olub: “Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Yəmən, Səudiyyə, Çin, Tunis, Misir...”

Xatırladaq ki, İŞİD-in Suriyadakı “paytaxtı” hesab olunan Raqqa şəhəri 2014-cü ildən qruplaşmanın nəzarətində olub. Bu ildən isə ABŞ-ın dəstəklədiyi SDQ (əsasən kürdlərdən ibarət silahlı birliklər - K.R.) Raqqaya hücum edib. Döyüş əməliyyatları bir neçə ay davam edib və şəhər ABŞ koalisiyası tərəfindən havadan aramsız bombalanıb və nəticədə Raqqada sağlam tikili qalmayıb. Ötən ayın əvvəli isə Raqqa tamamilə İŞİD-dən geri alınıb. Bu zaman ilk dəfə mediada şəhərdən yük maşınları ilə İŞİD-çilərin və ailə üzvlərinin daşınması kadrları yayılıb. İndi isə BBC telekompaniyası araşdırma apararaq faktlarla İŞİD və SDQ-nin Raqqa anlaşma əldə etdiyini sübuta yetirib.

O da məlumdur ki, Raqqadan çıxarılan İŞİD üzvləri Suriyanın şərqinə hazırda qızğın döyüşlərin davam etdiyi bölgəyə göndərilib. Orada isə Suriya ordusu və Rusiya qüvvələri İŞİD-lə savaşır. Faktiki olaraq bu, ruslara və Suriya ordusuna qarşı zərbə olub. Üstəlik SDQ-nin əsas himayəçisi və hərbi əməliyyatlara faktiki nəzarət edən Amerika komandanlığının ruslara zərbəsi kimi qiymətləndirilir.

Ancaq Raqqadan və eləcə də digər anlaşmalı bölgələrdən İŞİD silahlılarının bütün silah-sursat və partlayıcıları ilə birlikdə çıxmaları yalnız Suriya deyil, həm də digər dünya ölkələri üçün ciddi təhdiddir. Çünki aydın məsələdir ki, mühasirədən çıxarılan İŞİD-çilərin böyük bir qismi yeni döyüş bölgələrinə deyil, geriyə - evlərinə qayıdırlar. Türkiyədə son həftələrdə aparılan silsilə axtarış-əməliyyat tədbirləri nəticəsində İraq və Suriyadan qayıtmış yüzlərlə İŞİD üzvü yaxalanaraq ələ keçirilib.

Ancaq indi daha böyük təhlükə yaxalanmayan və adları dövlətlərin kəşfiyyat orqanlarının siyahılarında yer almayan, ya da bilərəkdən gizlədilən terrorçulardır. Onların gizli sənədlərlə və gizli yollarla Avropaya qədər gedib çıxması faktları var. Xüsusən də qaçqınlar arasına qarışan bu şəxslər rahatlıqla istənilən ölkəyə keçə bilirlər. analoji təhlükə Azərbaycanı da gözləyir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev sentyabrın 24-də bildirib ki, 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

Ancaq son aylarda aparılan əməliyyatlar da göstərir ki, hələ də gizli yolla ölkəyə qayıdan terrorçular var və onlar hələ də ciddi təhdid təşkil edir. Suriyada və İraqda hazırda İŞİD demək olar ki, əlində olan ərazilərin 95 faizini itirib. Ancaq İŞİD sıxışdırıldıqca bu şəkildə gizli anlaşmalarla xilas edilməsi, iki rəqib qüvvə (Rusiya və ABŞ - K.R.) arasında bir-birinə qarşı zərbə vasitəsinə çevrilməsi və bu zaman terrorçuların qaçmasına şərait yaradılması dünya üçün təhlükə mənbəyinə çevrilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.