Rusiyanı parçalayacaq PLAN: İKİNCİ ÇÖKÜŞ
16-11-2017, 23:08
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Şimali Qafqazla bağlı yeni videosu yayılıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, RLDP-nın iclasından olan görüntülərdə çıxış edən Jirinovski Şimali Qafqazda “narıncı inqilab”ın olacağını iddia edib: “Hazırda Qərb qafqazlılara toxunmur. Onlar gözləyirlər ki, qafqazlılar bizim suyumuzu sıxacaq, varlanıb çoxlu fabrik və istirahət zonaları tikəcəklər.Gələcəkdə isə Şimali Qafqazda “narıncı inqilab” təşkil edəcək və onu ələ keçirəcəklər.Onlar Xəzərdən Azova qədər hər yeri tutacaqlar.Bundan sonra Qərb, NATO deyəcək ki, onlar müstəqillik istəyirlər.Xalqların öz dövlətlərini yaratmaq haqqı var. Üstəlik, onlar müsəlmandırlar.Onlara Səudiyyə Ərəbistanı, Türkiyə, İran daha yaxındır.Onlara pulu əbəs yerə vermirlər.Kreml ilk növbədə onların sakit oturmaları üçün pul verir.Onlar sakit oturub, pul toplayırlar.Türkiyə də onlara pul verir.Türk emissarları burada hər yerdədir”.
“2025-ci ildə Rusiya dağılacaq”
Jirinovskinin sözlərinə görə, Şimali Qafqaz Türkiyəyə daha yaxındır: “Dağıstan nədir? Orada əsas türkdilli xalqlar olan avarlar, kumıklar, noqaylar və digərləri yaşayır.Kabardin-Balkarda balkarlar türkdillidir.Qaraçay-Çərkəzdə isə qaraçaylar bu kateqoriyaya aiddir.Qafqazın türk olmayan xalqları çeçenlər, kabardinlər və adıgeylərdir.Yerdə qalan böyük çoxluq türk xalqlarıdır.Onlar bizdən sülh yolu ilə torpaqlar alırlar.Onlar pulu buna görə verirlər.Torpaqları alıb, ruslara təzyiq edirlər.Onlar Xəzərdən Azova qədər olan bütün məkanı ələ keçirəndən sonra Avropadan tələb edəcəklər ki, Qafqaz Əmirliyi yaratmağa icazə versinlər.Biz hamımız Cənubu itirəcəyik, bizim rəhbərlərimiz isə istefaya gedəcəklər.Bunlar 2025-2030-cu illərdə olacaq. 1980-ci illərdə kim desəydi ki, 1991-ci ildə SSRİ dağılacaq, onu “dəli” adlandırardılar. İndi isə 2025-ci ildə Cənubda başqa dövlətin olacağını deyənlərə “başıxarab” deyirlər.Təəssüf ki, bu reallaşacaq”.
Rusiyanın dağıdılması ssenarisi
Rusiyanın keçmiş baş naziri Mixal Kasyanov Jirinovskinin çıxışından 1 il əvvəl Polşaya səfərində səsləndirdiyi bəyanatda Qərbin Rusiyaya qarşı hazırladığı ssenarilərdə federasiyanın etniklər arasında bölüşdürülməsi planının olduğunu iddia etdi. O, yaxın illərdə Rusiya üçün 2 mümkün və ciddi prosesin baş verəcəyini iddia etdi: “Birincisi və ən qorxulusu budur ki, hakimiyyət daxilindəki faşizm dərinə kök ata bilər. Putin özünü dəli kimi aparmamalıdır.Putinin manevrləri uğursuzluğa düçar olduqca, özünə yeni çıxış yolu axtara bilər ki, bunun da onu səhv istiqamətə yönəltməsi mümkündür”.
Kasyanov hesab edir ki, Qərb Rusiyaya qarşı ağırlaşdırılmış sanksiya siyasətini Rusiya iqtisadiyyatı çökənədək və federasiya müstəqil subyektlərə bölünənədək aparacaq: “Rusiya sanksiyaların ağır nəticələrini gələcəkdə daha yaxşı görəcək. Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının içində olduğu böhranı hər gün sürətləndirir. Qarşıdakı bir neçə il ərzində Rusiya dövlətinin taleyi müəyyən olacaq. Seçimlər arasında, Rusiyanın bölüşdürülməsi ssenarisi də var”.
İkinci çöküş
SSRİ-nin dağılmasından sonra müstəqil respublikalara qarşı işğalçı hücumlara keçən Rusiya üçün Qərbin, xüsusilə, ABŞ-ın siyasi beyin mərkəzlərində “Rusiyanın ikinci dəfə çökdürülməsi” müzakirələrinə başlanıldı.Hələ 1990-cı illərdə bununla bağlı Amerikanın siyasi institutları tərəfindən bir sıra sui-qəsd nəzəriyyələri irəli sürüldü.Ehtimal olunan ssenarilər arasında ağırlaşdırılmış sanksiyalarla federasiya daxilində sosial partlayış və Kremllə etniklərin kompakt halda məskunlaşdığı Şimali Qafqaz, Tatarıstan, Çuvaşetiya və digər bölgələr arasında qarşıdurma mühiti formalaşdırmaq məsələləri də vardı. ABŞ və Qərbi Avropa dövlətlərinin nüfuzlu KİV-lərində kəşfiyyat mənbələrinə istinad olunduğu iddia edilən “Rusiya üçün SSRİ ssenarisi”, yaxud, “Rusiya üçün Yuqoslaviya ssenarisi” başlıqlı analitik materiallar gündəmi zəbt etmişdi. Rusiyaya qarşı istifadə ediləcək “kartlar” arasında islam dini və müstəqillik iddiasında olan etnik bölgələrin mərkəzdənqaçma meyilləri də vardı ki, artıq bu gün Qərbin sanksiyalarının etniklərin yaşadıqları bölgələrdə ağır sosial-iqtisadi vəziyyət yaratdığı vaxt Kremlə qarşı etiraz səsləri yüksəlməyə başlayıb. Üstəgəl, Suriyadan çıxan İŞİD terror təşkilatı üzvlərinin Şimali Qafqaz və federasiyanın digər müsəlman subyektlərində məskunlaşmaları Kremli narahat etməyə bilməz.
Analitiklər hesab edirlər ki, Suriya və Ukraynada üstünlüyünü təmin etdikdən sonra geosiyasi proseslərin mərkəzində yer alması ABŞ-ın maraqlarına uyğun vəziyyət deyil və bu, Qərbdən Rusiyaya olan dağıdıcı hücumların sayını artıra bilər. Amerika KİV-ləri Qərbdən Rusiya daxilinə artan təzyiqlərin artıq federal subyektlərdə bumeranq effekti yaratdığını iddia edirlər. Çuvaşiya və Tatarıstandan sonra Şimali Qafqazda terror xaosu hökm sürür.Üstəgəl, Şərqi Sibir bölgələrindən Çinə birləşmək çağırışlarının edilməsi, Putin üçün seçkilərə bir neçə ay qalmış maraqlara cavab verən vəziyyət deyil.Bu narahatlıq Putinin vilayətlərə milliyyətcə rus olan ən etibarlı adamlarını qubernator kimi təyin etməsindən və qeyri-ruslardan olan nüfuzlu şəxsləri hökumətdə yüksək postlara təyin etməsindən də görünür.
İlk müstəqil dövlət
Amerikada nəşr olunan “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi nüfuzlu KİV-lərin iddialarına görə Rusiyanın etnik zənginliyi onun gələcək taleyini müəyyən edəcək. Hesab olunur ki, Şimali Qafqaz və Tatarıstandakı son gərginliklər federasiya daxilində yaranmış parçalanma meyillərini genişləndirmək üçün mina effektinə malikdir.Analitiklərə görə Rusiya geosiyasi maraqlarını aqressiv şəkildə təmin etməyə çalışdıqca, qruplaşmağa başlayan etniklər qızışdırılacaq. İlk parçalanmanın başlayacağı Şimali Qafqazda “İnquşetiya” adlı müstəqil dövlətin yaranacağı iddia olunur ki, hələ keçən il Polşa KİV-lərində bununla əlaqədar kəşfiyyat mənbələrinə istinad edildiyi deyilən sensasion məlumat yayılmışdı.
Finlandiya, Çin və Yaponiyanın iddiaları
Çin və Yaponiyanın Rusiyaya qarşı olan ərazi iddiaları da Kremli narahat edə bilər.Şərqi Sibirdə milyonlarla çinlinin yaşadığını nəzərə alsaq, Çin daxilindəki demoqrafik partlayışı diqqətdə saxlayan Pekinin bir sıra məqamlarda bu gərginliyi azaltmaq üçün Şərqi Sibirin ilhaqını dolayı yollarla gündəmə gətirməsi təsadüfi deyil.Yaponiya isə Kamçatka yarımadasına iddia edir.Mənbələr Sovet dönəmində Rusiya tərəfindən işğal edilmiş Kareliya bölgəsinin yenidən Finlandiyaya birləşdiriləcəyini də istisna etmirlər.Zaman-zaman belə iddialar səslənib və geniş müzakirə edilib.
İngiltərədə nəşr olunan “The Times” kimi nüfuzlu KİV-lərin iddialarına görə isə Rusiyanın nüvə arsenalını məhv edəcək ABŞ federasiyanı parçalamaq üçün qorxulu plan hazırlayıb.Mənbələr federasiyanın ABŞ və Çin arasında bölüşdürüləcəyi kimi absurd görünən iddianı da gündəmə gətirirlər. Rusiyada Çeçenistan, Qafqaz, Tatırstan, Buryatiya və Ural adlı 5 dövlətin yaranacağı ehtimalının yenidən Avropa və ABŞ KİV-lərində gündəmə gətirilməsi də bu baxımdan təsadüfi olmamalıdır.