Zimbabvedə aranı kim qarışdırır...
18-11-2017, 11:19
Muqabeni Çinin devirməsi ilə bağlı iddialarda həqiqət payı
Zimbabvedə məlum hadisələrdən sonra ilk dəfə diktator Robert Muqabe xalqın qarşısına çıxıb. Paytaxt Harare şəhərində Zimbabve Açıq Universitetində buraxılış gecəsinə qatılan Muqabe istefası ilə bağlı ordu ilə danışıqları davam edir.
Qeyd edək ki, 3 gün əvvəl Zimbabvedə ordu paytaxta yeridilib və dövlət orqanlarını nəzarətə götürüb. Televiziya vasitəsilə yayılan müraciətdə zabitlər hərbi çevriliş etmədiklərini, yalnız prezidentin “ətrafındakı xainləri” cəzalandırdıqlarını bildiriblər. Ancaq prezidentin özü, eləcə də maliyyə naziri də daxil olmaqla bir sıra dövlət rəsmilərinin ev həbsində olduğu xəbərləri yayılıb. Beynəlxalq media orqanları Muqabenin ev həbsində olduğunu və istefaya məcbur edildiyini yazıb.
Bir gün əvvəl isə Muqabe Baş Qərargah rəisi Konstantino Çivenqa və Cənubi Afrika Respublikası nümayəndələri ilə görüşüb. Zimbabve ordusundan verilən açıqlamada qeyd olunur ki, Muqabenin vəzifəsindən istefa verməsi ilə danışıqlarda “ciddi irəliləyiş” var və yaxın zamanda xalqa geniş açıqlama veriləcək. Bundan başqa açıqlamada prezidentin ətrafında olan cinayətkarlara qarşı əməliyyatların davam etdiyi, bəzi şəxslərin həbs olunduğu qeyd olunur.
Qeyd edək ki, medianın iddialarına görə, Muqabe artıq prinsipial olaraq istefa ilə razılaşıb. Hazırda 37 illik diktatorun hansı formada yola salınması ssenarisi müzakirə olunur. Muqabedən sonra keçid hökumətinin təşkil olunması, onun özünün isə yüksək səviyyədə ehtiramla yola salınması nəzərdə tutulur. Ancaq bu daha çox tərəflər arasında anlaşma nəticəsində müəyyən olunacaq.
Ancaq hələliksə dünya mediasının gündəmində Zimbabve hadisələrinin arxasındakı səbəblər var. Bir sıra media orqanlarında çevrilişin arxasında Çinin dayanması ilə bağlı iddialar yer alıb. Bunun isə necə deyərlər səbəbi var. Məsələ ondadır ki, Çin son illərdə Afrikanın bir sıra ölkələrinə ciddi ölçüdə sərmayə yatırıb. Bundan başqa bu ilin əvvəlində tarixində ilk dəfə olaraq Çin ölkə xaricində hərbi dəniz bazasını Afrikada yaradıb. Bəllidir ki, Çin kimi böyüyən bir iqtisadiyyatın Afrika kimi zəngin və böyüməkdə olan iqtisadiyyatı olan qitəyə marağı da təbii qarşılanır.
Konkret Zimbabve olaylarında Çinin roluna gəlincə, bu şübhələrin yaranmasının əsas səbəblərindən biri də Zimbabvedə hələlik təsdiqlənməyən hərbi çevrilişin müəllifi olan baş qərargah rəisi Çinlə yaxın əlaqələrinin olması və qiyamdan bir neçə gün əvvəl Pekinə səfər etməsidir. General Çivenqa çevrilişdən bir neçə gün əvvəl Çində səfərdə olub. Məsələ ondadır ki, general Çivenqa hərbi təhsilini uzun illər əvvəl Çində alıb və bu ölkə ilə yaxşı münasibətləri var. Bunu Çin Müdafiə Nazirliyi də təsdiqləyib. Çivenqa bildirib ki, Çin və Zimbabve yaxşı gündə və pis gündə dost olub. Eyni zamanda iki ölkə arasında hərbi və diplomatik əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını deyib.
Maraqlı və şübhə doğuran məqamlardan biri də odur ki, Çin Zimbabvenin ən böyük yatırımçısı və Muqabenin əsas dəstəkçisi olmağına baxmayaraq hərbi çevrilişdən o qədər də narahat olmayıb. Əksinə, Çin Kommunist Partiyasının orqanı olan “The Global Times” qəzeti baş verənlərin qarşılıqlı əlaqələrə təsir etməyəcəyini, “Çin və Zimbabve dostluğunun daxili ixtilafların öhdəsindən gələcəyini” deyib. Yeri gəlmişkən, Çin dövləti Muqabeyə 2015-ci ildə “Çinin Nobel mükafatı” adlan “Konfutsi Sülh Mükafatı” verib. Zimbabvenin ixracatında əsas pay Çinə məxsusdur. Ancaq Çin bu iddiaları rədd edir. Yeri gəlmişkən, Vaşinqton da Zimbabvedəki çevrilişi dəstəkləyib. ABŞ Dövlət Departamentinin Afrika üzrə rəsmi nümayəndəsi Donald Yamamoto deyib ki, ABŞ Zimbabvedə yeni bir dövrə keçid gözləyir.
Qeyd edək ki, hazırda Zimbabvedə vəziyyət stabildir. Ancaq ordu paytaxta yeridildikdən sonra hələ də məktəblər çalışmır, dükanlar bağlı qalıb. Ordu Muqabenin bir qədər əvvəl vəzifədən uzaqlaşdırdığı, çevrilişin əsas səbəbkarı hesab olunan vitse-prezident Emmerson Mnanqaqvanı keçici olaraq dövlət başçısı postuna gətirib. Ehtimal ki, keçid dönəmində, yeni seçkilərə qədər ölkəni 75 yaşlı Mnanqaqva idarə edəcək.
musavat.com