Dünyanı dəyişdirən döyüş: Səddamın 24 il öncəki sözü...
6-08-2015, 15:57
İki gün əvvəl dünyanı dəyişdirən müharibənin başlanmasından 25 il keçdi.
Publika.az xəbər verir ki, Səddam Hüseynin dövlət başçısı olduğu İraq ordusu 1990-cı il avqustun 2-də Küveytə girdi. İraq ordusu avqustun 4-də Küveytin işğalını başa çatdırdı. ABŞ və müttəfiqləri yeddi ay ərzində I Körfəz Müharibəsi ilə Küveyti Səddamın işğalından azad etdi. Ancaq bundan sonra yaşananlar yalnız bölgədə deyil, bütün dünyada geostrateji proseslərə istiqamət verdi. Səddam Hüseyn 1991-ci ildə “Bu bütün döyüşlərin anası olacaq” deyərək tarixə keçmişdi. Ekspertlər hesab edir ki, Küveyt işğalı sonradan bütün dünyada siyasi proseslərə təsir göstərəcək hadisələrin baş verməsinə gətirib çıxardı. Həmin hadisələr aşağıdakılardır:
1. ABŞ qəlbindən vuruldu. “Əl-Qaidə” terror təşkilatı Küveyti işğal edən Amerika əsgərlərinin bölgədə yerləşməsindən sonra döyüşü okeanın o tayına keçirəcəyini bildirmişdi. Təşkilat 11 sentyabr 2001-ci ildə qaçırdığı 4 təyyarə ilə Nyu-York şəhərindəki ticarət mərkəzi və Pentaqon kimi strateji hədəflərə kamikadze hücumları təşkil etdi. Hücumlarda 2996 nəfər öldü. Hücumların Yaxın Şərqə böyük təsiri oldu.
2. İlk qurban Əfqanıstan. 11 sentyabr hücumlarından sonra ABŞ-ın ilk hədəfi Əfqanıstan oldu. “Əl-Qaidə”nin Əfqanıstanda yerləşdiyini iddia edən ABŞ və İngiltərə Taliban rəhbərliyinə 7 oktyabr 2001-ci ildə müharibə elan etdi.
3.Səddam Hüseynin sonu. Səddam rejimini 11 sentyabr hücumlarını həyata keçirən “Əl-Qaidə”yə dəstək verməklə və kütləvi qırğın silahlarını istehsal etməklə ittiham edən ABŞ prezidenti oğul Corc Buş İraqı işğal etmək qərarına gəldi. İraqı 24 il idarə edən Səddam rejimi yıxıldı. Səddam 2006-cı ildə asılaraq edam edildi. Buşun xələfi Obama 2011-ci ildə rəsmi olaraq müharibənin başa çatdığını açıqladı.
4. İŞİD-in doğuşu. İraqdakı şiə hökuməti ilə müharibə vəziyyətində olan Səddam rejiminin tərəfdarlarından dəstək alan qruplar “Əl-Qaidə”nin İraq qolu “İraq Şam İslam Dövləti”ni qurdular. Təşkilat 2013-cü ildə “Əl-Qaidə”dən ayrıldı. 2014-cü ilin yayında İraqda Mosul və Suriyada Rakka şəhərlərini ələ keçirən İŞİD təxminən 100 illik “Sykes-Picot” razılaşmasında əksini tapan sərhədləri yıxdı. Küveyt işğalının məhsulu olan İŞİD tam 24 il sonra İraq və Suriyada “xilafət” elan edərək bölgədəki tarazlığı da alt-üst etdi.
5. İranın yüksəlişi: Küveyt işğalının nəticələri olan Əfqanıstan və İraqın işğalı bu ölkələrlə problemləri olan İranın önünü açdı. İran İraqda yeni qurulan şiə hökuməti üzərinə təsirini artırdı. Bəzi mütəxəssislərə görə, yeni tarazlıq İranın Qərblə əldə etdiyi Vyana razılaşmasını da qaçılmaz etdi.