Stalinin ən çox qorxduğu SİRLİ ADAMIN DƏHŞƏTİ: Əvvəl övladları, xanımı, sonra özü öldürüldü

22-11-2017, 06:40           
Stalinin ən çox qorxduğu SİRLİ ADAMIN DƏHŞƏTİ: Əvvəl övladları, xanımı, sonra özü öldürüldü
Son günlər keyfiyyətli film həvəskarları dərin maraqla rus kinematoqraflarının ərsəyə gətirdikləri “Trotski” serialını izləyirlər. Bu ekran əsərində tanınmış inqilabçı Lev Trotski ilə yanaşı Vladimir Leninin, İosif Stalinin, Feliks Derjinskinin və bu kimi digər tarixi şəxsiyyətlərin də həyatından qaranlıq qalan məqamlara aydınlıq gətirilir. Serialda həmçinin tarixdə Vətəndaş müharibəsinin yaradıcılıarından biri kimi qalan Trotskinin siyasi fəaliyyətilə birgə, şəxsi həyatı da önə çəkilib, tamaşaçıya çılpaqlığı ilə təqdim edilir. “Trotski” çoxserialı bədii filmini izləmək imkanı olmayanlar üçün bir neçə mənbəyə əsaslanıb, bu yəhudiəsilli inqilabçının həyat və fəaliyyətindən yazmaq qərarına gəldim.
Ümumi məlumat
Lev Trotski XX əsrin tanınmış inqilabçısı, Vətəndaş müharibəsinin yaradıcılarından biri kimi tarixdə iz qoyub. O ilk Sovet hakimiyyətinin ikinci rəhbəri, hərbi dəniz məsələləri üzrə xalq komissariatının başçısı vəzifəsində çalışıb. Trotski dünya inqilabçılarının düşmənləri ilə mübarizədə olduqca sərt və qəddar rəqib olub. Leninin ölümündən sonra Stalin siyasətinə qarşı çıxaraq, müxalif mövqeyə keçib. Buna görə də sovet vətəndaşlığından məhrum edilərək, İttifaqdan qovulub. Tarixi mənbələrdə Lev Trotskinin NKVD casusu tərəfindən öldürüldüyü sübuta yetirilib.

Yəhudi Leyba
Əsl adı Leyba Davidoviç Bronşteyn olan Lev Trotski 1879-cu ilin 7 noyabrında Yanovka kəndinin varlı yəhudi ailəsində doğulub. Leybanın valideynləri savadsız olsalar da, təsərrüfat sahəsində kifayət qədər yaxşı pul qazanır, kəndlilər üzərində öz zəhmlərini göstərirdilər. Ailənin tək övladı olan Leybanın birlikdə gəzib, oynayacağı dostu yox idi. Onunla birgə böyüyən kənd uşaqlarına isə daim yuxarıdan aşağı baxırdı. Bəlkə də balaca oğlanda formalaşan məhz bu xüsusiyyət gələcəkdə insanlar üzərində hökmünü gerçəkləşdirməyə təkan verəcəkdi.
Leybanın 10 yaşı tamam olanda valideynləri onu Odessaya yəhudi uşaqların təhsil aldığı ən nüfuzlu məktəblərin birinə göndərirlər. Qısa müddətdə məktəbin ən nümuməvi şagirdinə çevrilib, rəsmə, ədəbiyyata dərin maraq göstərir. Yəqin ki, həmin illər elmə bağlı bu yeniyetmə inqilab haqda heç düşünmürdü belə...
Təhsilinin son ilində 17 yaşlı Leyba inqilabı təbliğ edən sosialistlərin dərnəyinə üzv olur. Burada o Karl Marksın əsərləri, azadlıq, bərabərlik haqda fikirlərilə tanış olub, marksizmin pərəstişkarına çevrilir. Həmin müddətdə iti düşüncəsi və liderlik sevdası özünü biruzə verməyə başlayır.
İnqilab xəyalları quran gənc Cənubi Rus Fəhlələrinin Birliyini yaradır. 19 yaşlı Leyba bu fəaliyyətinə görə 2 il müddətinə azadlıqdan məhrum edilir. Bundan sonra gənc fəal Bronşteyn Sibirə sürgünə göndərilir. Elə burada olduğu müddətdə özünə saxta pasport düzəltdirib, adını dəyişir. Elə hər şey də buradan başlayır. Lev Trotski...

Şəxsi həyatı
Trotskinin şəxsi həyatı inqilabi fəaliyyətilə sıx bağlı idi. İlk xanımı Aleksandra Sokolovskaya ilə ailə quranda cəmi 16 yaşı vardı. Mənbələrə görə, Levdən 6 yaş böyük olan Aleksandranın onun inqilabçı olmağında böyük rolu olub. Trotskinin qarşısında marksizmin qapılarını açan da məhz birinci xanımıdır.
Sokolovskaya ilə Trotski rəsmi nikaha 1898-ci ildə girirlər. Toydan bir neçə gün sonra cütlük Sibirə sürgün edilir. Burada Trotski ailəsinin Zinaida və Nina adlı qızları dünyaya gəlir. Kiçik qızları cəmi 4 aylıq olanda Lev ailəsini atıb, sürgündən qaçır. İllər sonra Trotski “Mənim həyatım” adlı memuarında bu addımı Aleksandranın nəinki razılığı, hətta dəstəyilə inqilab naminə atdığını qeyd edirdi.
Parisdə olduğu müddətdə ikinci xanımı Natalya Sedova ilə rastlaşır. Natalya Leninin rəhbərliyilə nəşr olunan “İskra” qəzetində çalışırdı. Bu zərif xanım incəsənət aşiqi idi. Hətta filmdə cərəyan edən hadisələrə əsaslansaq, Parisin ən məşhur rəssamlarının qarşısında çılpaq model qismində çıxış edir, azadfikirli gənc parislilərin açıq-saçıq gecələrinə qatılırdı. Onun bu həyat tərzi Trotskini qıcıqlandırsa da, valeh olduğu qadını tezliklə əfsunlamağı bacarır. Alovlu məhəbbət Trotskiyə ilk nikahını unutdurur. Lakin ilk xanımı Aleksandra ilə ömrünün sonunadək dost münasibətini qoruyub saxlaya bilir.


Natalyadan Trotskinin Lev və Sergey adlı iki oğlu dünyaya gəlir.
4 övladı olan Trotskinin qızları və oğlanları gənc yaşda faciəvi şəkildə dünyalarını dəyişirlər. Öncə kiçik oğlu Sergey siyasi fəallığına görə güllələnir. Ardınca böyük oğlu həmçinin fəal hərəkatçı Lev Parisdə kor bağırsağından əməliyyat olunduğu müddətdə müəmmalı şəkildə dünyasını dəyişir. Bunun süi-qəsd olduğu da bildirilir.
İnqilabçının kiçik qızı Nina 1928-ci ildə vərəmdən ölür. Böyük qızı Zinaida isə atası ilə birgə Sovet vətəndaşlığından məhrum edilər-edilməz intihar edir. Övladlarının ardından Trotski birinci arvadı Aleksandranı da itirir. Sokolovskaya Moskvada güllələnir.
Ömrünün son illərində qələmə aldığı memuarlarında Trotski yazır:
“Səndən yarananları torpağa özün tapşırırsansa, yaşamağının da bir mənası qalmır”.
İnqilabçının ikinci xanımı Natalya övlad itkisinə, ağır güzərana, daim onları əhatə edən təhlükəyə, ərinin davamlı xəyanətlərinə rəğmən, sadiq həyat yoldaşı kimi ömrünün sonunadək Trotskinin yanında qalır. İnqilabçının ölümümdən sonra 20 il ömür sürən Natalya 1962-ci ildə Parisdə dünyasını dəyişir və öz vəsiyyəti ilə Meksikada ərinin yanında dəfn olunur.
Ümumiyyətlə, Trotskinin həyatında çox qadın olub. Hətta ekran əsərinə inansaq, Raskolnikovun xanımı da ərinin gözü önündə Trotski ilə eşq macərası yaşayıb.
Onu çox sevən qadınlar arasında məşhur rəssam Frida Kalo da olub. Frida Trotski haqqında “Onunla sevişmək Tanrının özü ilə sevişməkdir” deyirdi.

İnqilabi fəaliyyəti
1902-ci ildə Sibirdən qaçan Trotski Leninlə yaxınlaşmaq məqsədilə Londona üz tutur. Leninin rəhbərliyi ilə çıxan “İskra” qəzetində "Pero" təxəllüsü ilə məqalələr yazmağa başlayır. Rus sosial demokratiyasının liderinin güvənini qazanandan sonra miqrantlar qarşısında alovlu çıxışlar etməyə başlayır. Gənc olmasına baxmarayaraq, insanlar onun nitqindən təsirlənir, dərin maraqla onu izləməyə gəlirdilər.
Həmin dövrdə Trotski Lenin hakimiyyətini tam dəstəkləyir, onun rəhbərliyi altında inqilabın gerçəkləşəcəyinə inanırdı. Lakin az keçmir ki, Lev menşeviklərin sırasına keçib, Vladimir İliçi diktaturada günahlandırmağa başlayır. Menşeviklərlə də ortaq məxrəc tapa bilməyən inqilabçı bütün hərəkatlardan üstün olacağına güvəndiyi öz cərəyanını yaratmağa qərar verir.
1905-ci ildə Trotski vətəninə geri dönür. Həmin dövrdə Peterburqda inqilab yelləri əsirdi. Fəal lider bu durumdan istifadə edib, fəhlə təbəqəni daha da coşdurmağa başlayır. İşçi təbəqədən deputatları ətrafında toplayıb qaynar çıxışları ilə insanları ölkənin taleyinin öz əllərində olduğuna inandırırdı.

Siyasi fəaliyyəti çar Rusiyasının hiddətinə səbəb olduğu üçün Trotski yenidən Sibirə sürgün edilir. Bu dəfə isə o qatardan can qurtarıb Finlandiyaya, oradan isə yenidən Avropanın qaynar nöqtələrinə yol tapır. Avstriyada məskunlaşan inqilabçı Vyanada “Pravda" qəzetini dərc etməyə başlayır. 4 ildən sonra isə Leninin başçılıq etdiyi boşleviklər qəzeti əllərinə keçirirlər. Vyanadan Parisə köç edən Trotski “Bizim sözümüz" adlı qəzetin nəşrinə başlayır.
1917-ci ildə Lev Davidoviç yenidən Rusiyaya dönür. Peterburqda qatardan enən kimi Petrosovetə gəlir. Burada o bütöv Rus sosial-demokratik işçi partiyası qurmaq istəyən birliklərin qeyri-rəsmi rəhbəri seçilir. 1917-ci ildə inqilabçı Hərbi inqilabi komitə yaradır. Elə həmin ilin noyabrında tarixdən “Oktyabr inqilabı” kimi tanıdığımız hərəkata başçılıq edir. İnqilab Leninin hakimiyyətə gəlməsilə nəticələnir. Trotski hakimiyyətdə rəhbərliyi öz əli ilə Leninə təqdim edir və onu günahlandıranlara deyir ki, rus xalqı yəhudi rəhbərlə yola getməzdi.
Yeni hakimiyyətdə Trotski xarici işlər üzrə xalq komissarı seçilir. 1918-ci ildə isə Hərbi-dəniz məsələləri üzrə xalq komissarı olur. Trotskinin rəhbərliyi altında Qırmızı Ordu yaradılır. Orduda sərt qaydalar tətbiq edən komissar hərbi disiplinə riayət etməyənləri, fərariləri güllələnmə ilə cəzalandırır. Trotskinin bu qəddar rejimi tarixdə “qırmızı terror” adı ilə tanınır.
Hərbi məsələlərlə yanaşı, Trotski daxili siyasi məsələlərdə də Leninlə sıx tərəfdaşlıq edirdi. Vətəndaş müharibəsi bitər-bitməz Lev Davidoviç ölkənin qəhrəmanına çevrilir. Lakin Leninin qəfil ölümü ona planlarını gerçəkləşdirməyə imkan vermir.

İnqilabda ən çox əməyi olan Trotski Leninin irsinə sahib çıxa bilmir. Vladimir İliçin yerinə hakimiyyətə keçən Stalin öz rəqibinə nifrt bəsləyirdi. Hətta "yəhudidən rus xalqına rəhbər olmaz" deyə ona qəzəbini bildirirdi. 1924-cü ildə İosif Stalinin müdaxiləsi və işrirakı ilə Trotskinin səlahiyyətləri yavaş-yavaş əlindən alınmağa başlanır. 1926-cı ildə isə Stalin onu öncə sovet vətəndaşlığından məhrum edib, Alma-Ataya, oradan da Türkiyəyə sürgün edir.
SSRİ-dən qovulan Trotski Stalinlə mübarizəsini tamamlayıb, “Mənim həyatım” adlı avtobioqrafiq əsərini yazır. 1935-ci ildə Norveçə köçən Lev Davidoviç ölkənin hakim təbəqəsi tərəfindən isti qarşılanmır. Norveç SSRİ ilə olan dostluq münasibətini pozmaq istəmirdi. Bu səbəbdən də vətən xaininə ev sahibliyi edə bilməzdi.
Trotski Meksikaya köçüb, orada məskunlaşır. 1936-cı ildə “Sadiq inqilab” kitabını bitirir.
Süi-qəsd
1940-cı ilin 21 avqustunda Trotskiyə süi-qəst təşkil olunur. Tarixi mənbələrə görə, Stalin 1938-ci ildən etibarən Trotskini dünya tarixindən silmək üçün onun qətlinə fərman verir. Elə həmin il NKVD-nin casusu Roman Merkader Meksikaya göndərilir. Merkader özünü belçikalı Jak Monrar kimi təqdim edib, Trotskinin güvənini qazanır. Ona amerikalı trotskipərəstlərin yazılarını oxuyur. Avqust ayının 21-də isə Trotskinin şücaətindən bəhs edən növbəti yazını oxuyanda zamanın da canını almağa gücü çatmayan böyük qüdrətli inqilabçını qətlə yetirir.

Trotskinin başından aldığı ağır zərbə onu öncə komaya salır. 1 gün sonra isə dünyasını dəyişir.
Ramon Merkader Meksika qanunvericiliyinin ən sərt qanunlarına əsasən 20 il müddətində azadlıqdan məhrum edilir. 20 ildən sonra Rusiyaya dönən qatil Sovet İttifaqının qəhrəmanı fəxri adına layiq görülür. Rəsmi mənbələrə görə, Lev Trotskinin ölümünə görə NKVD 5 milyon dollardan keçməli olur.
Bütün ittihamlara rəğmən, Levt Trotski-Leyba Bronşeyn tarixdə bir çox ilklərin müəllifi, yəhudi dərrakəsi, dərin düşüncəsi və əsl rəhbərə xas əzmi ilə öz adını dünya inqilab tarixinə qızıl hərflərlə yazmağı bacarıb.

Filmdə Stalinlə Trotskinin fəlsəfi və yaddaqalan bir dialoqu var. Trotski İosifi öz kabinetindən qovub, səlahiyyətindən azad edəndə Stalin ördəyi bəyənməyən qartalın balıq ovlamaq üçün gölə baş vurub, boğulmağından, elə bu an ördəyin qanad açıb, uçmağından bəhs edən bir hekayə danışır. Hazırcavab Trotski isə cavabında mən qartal yox, aslanam (Lev) deyir və çaqqalla şirin əhvalatını danışır. Bir çaqqal əlbəyaxa olub, qalib gəlmək üçün şirə hücum edir. Şirsə bütün təzyiqləri önəmsəməyib, yoluna davam edir və deyir ki, mən sənə qalib gəlsəm aslan çaqqala qalib gəldi deyəcəklər. Halbuki özümdən qat-qat alçaqlar üzərində qələbə çalmağa alışmamışam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.