Dünyaya hökm edən Soros kimin qəzəbinə gəlib - iki səbəb
23-11-2017, 10:19
Siyasətçilərin “baş ağrısı”na çevrilmiş “Soros Fondu” niyə Avropada da sıxışdırılır?
Amerikalı milyarder Corc Sorosun “Soros Fondu” kimi tanınan Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun fəaliyyətini qadağan edən ölkələrin sırasına son zamanlar bəzi demokratik Avropa dövlətləri də qoşulmağa başlayıb. Məsələn, Avstriya, Macarıstan fondun maliyyələşdirdiyi institutları qapadıb. Fondun həmin ölkələrdəki nümayəndəliyinin də fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Sorosun adı uzun illərdir dünyanın bir sıra ölkələrində hakimiyyətlərə qarşı inqilabların təşkilində dəfələrlə hallanıb. Bu baxımdan Soros anti-demokratik sistemli ölkələrin hakimiyyətləri tərəfindən düşmən olaraq qəbul edilir. Son zamanlar bu sıraya demokratik ölkələrin də qoşulmasının nədən qaynaqlandığı isə maraq doğurur.
Yeni AXCP-nin sədri Razi Nurullayev hesab edir ki, əslində Sorosun işini-gücünü atıb digər ölkələrdə inqilablar etməsi xülyası ilə yaşaması inandırıcı deyil: “Doğru olan odur ki, cəmiyyətlərlə bağlı onun öz fikirləri var və təbii ki, onun idarəçiliyində olan və pullarını sərf edən fondlar da onun fikirlərinə uyğun hərəkət edəcək. Avropa dövlətlərinin bir çoxunda da dözümsüzlük müşahidə edilir və onların sırasında Macarıstan və Avstriya var. Avstriya kimi demokratik bir dövlətin də ”Soros Fondu"na qarşı iddialar irəli sürməsi məsələnin ciddiliyindən xəbər verir.
Avstriya dünənin demokratik ölkəsi deyil axı. Demək ki, Avstriyanın özündə belə açıq cəmiyyətlərlə bağlı baxışlar var. Bu baxışlar, məncə, həm də imiqrantların yaşadığı sıxıntılara görə, qaçqın və köçkünlərə münasibətdə özünü büruzə verir. Cənab Soros özü ABŞ-a mühacirət etmiş bir insandır və təbii ki, onun baxışları ilə siyasətçilərin baxışları arasında tərs mütənasiblik var. Amma Avropa dövlətlərində Sorosun sıxışdırılmasında Donald Trampın əlinin olması ciddi söhbət deyil. Avropa dövlətlərinin Trampdan göstəriş alması da inandırıcı görünmür. Digər tərəfdən isə Macarıstanda baş verən problemlər Trampdan öncəki illərə gedib çıxır. Sadəcə, bütün dünyada vətəndaş cəmiyyəti institutlarına qarşı bir səlib yürüşü gedir. Bunun da səbəbi həmin institutların nüfuzunun artması və siyasətçilərin baş ağrısına çevrilməsi oldu. Son illər vətəndaş cəmiyyəti institutları hökumətlərin, siyasətçilərin və hakimiyyət orqanlarının işini belə iflic etmək qədər təsirə malik olmuş, əslində “4-cü hakimiyyət” rolunu oynamağa başlamışdı. Amma sonunda “5-ci kolon” damğası aldılar".
Politoloq Elşən Mustafayev də bildirdi ki, “Soros Fondu”na xüsusilə, onun rəhbəri Corc Sorosa münasibətlər heç vaxt birmənalı olmayıb: “Çox hallarda onun dövlət başçıları ilə isti görüşlərinin şahidləri olsaq da eyni zamanda sonradan həmin dövlətlərin bəzilərində ona qarşı münasibətlərin fərqli dəyişkənliyinin də şahidi olmuşuq. Bunun da bir sıra səbəbləri var. Corc Soros öz fondu vasitəsilə müxtəlif ictimai, siyasi, maarifləndirici layihələrə yüz milyonlarla vəsait xərcləsə də, o, bir biznesmendir. Hansı ki, onun biznes layihələri milyardlarla dollarla ölçülür. Bu biznes yatırımları tək iqtisadi layihələrə deyil, sonradan gəlir gətirməyə hesablanmış siyasi layihələrə də şamil edilir. Belə bir vəziyyətdə təbii ki, ondan razı olan dövlətlərlə, dövlət başçıları ilə yanaşı, razı olmayan, onun fəaliyyətini özləri üçün təhlükəli və ziyanlı hesab edən dövlətlər də olur. Bu zaman Soros Fondu həmin ölkələrdə problem yaşamağa başlayır. Yəni həmin dövlətlər narahatdırlar ki, böyük miqdarda vəsaitə malik olan bir fond fəaliyyəti ilə ölkədə siyasi və iqtisadi proseslərə ciddi təsir edə bilər. Bundan sonra müxtəlif yollarla onların fəaliyyətlərini dayandırmağa çalışırlar. Avstriya və Macarıstanda da səbəblər aşağı-yuxarı dediyim kimidir. Başqa bir səbəb Sorosun adətən sağ mərkəz partiyalarına deyil, sosial-demokrat yönümlü partiyalara dəstək verməsidir. Avstriyanın yeni seçilmiş 31 yaşlı baş naziri Sebastian Kruz da, Macarıstanın baş naziri Viktor Urban da qatı sağ mərkəz ideyalarını daşıyan partiya liderləridir. Xatırlayırsınızsa, Soros ABŞ-da da sağ mərkəz partiyası olan Respublikaçıların namizədi Donald Trampa qarşı da kəskin mövqe tutmuşdu və onun rəqibi Hillari Klintonu müdafiə etmişdi. Amma mən düşünmürəm ki, Soros Fondunun Macarıstan və Avstriyadan çıxarılması məsələsində Trampın əli var. Hər iki ölkənin lideri kifayət qədər ambisiyalı və imkan daxilində müstəqil siyasət yürütməyə iddialı olan liderlərdir. Eyni zamanda yaxınlığa və münasibətlərə görə onlar daha çox Almaniya kansleri Angela Merkellə məsləhətləşərlər, nəinki Trampla”.