Bakı İrəvanın bu təklifini rədd etdi – Ekspert
23-11-2017, 10:22
Əslində, Rusiyanın Qarabağa dair hazırkı təklifləri yeni deyil.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllində nümayiş etdirdiyi tərəddüdünün səbəblərinə aydınlıq gətirib:
“Hazırda müzakirələr Madrid prinsiplərinə əsaslanan “Lavrov planı” ətrafında gedir. Bu plan Qarabağ məsələsinin mərhələli şəkildə tənzimlənməsini nəzərdə tutur. Lakin münaqişə tərəfləri bu planı bütöv şəkildə qəbul etməlidirlər. Burada bir neçə əsas ehtimal olunan bənd var ki, danışıqlar məhz onların üzərində aparılır. Bunlar Azərbaycana beş rayonun qaytarılması, Qarabağa keçici statusun verilməsi, Kəlbəcər və Laçının aqibətinin 5 və ya 7 il ərzində həll olunmasının xüsusi danışıqlar çərçivəsində aparılması və regiona sülhməramlıların yerləşdirilməsidir. Bu bəndlər bu və ya digər şəkildə yenilənmiş Madrid prinsiplərində də yer alır. Azərbaycan bütövlükdə bu planla razıdır və onun üçün əsas rayonların qaytarılması və qaçqınların oraya yerləşdirilməsidir. Ancaq Ermənistan tərəfi müvəqqəti status bəndinə əlavə yeniliklər gətirməyə çalışır”.
Politoloqun sözlərinə görə, Ermənistanın əsas niyyəti keçici status ilə gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə nail olmaqdır:
“Azərbaycan Ermənistanın bu təklifini rədd edib. İndiki danışıqlar bu planın bütövlükdə qəbul olunması, sonrasında isə detalların müzakirəsini tələb edir. Dekabrda xarici işlər nazirlərinin Moskva görüşündə tərəflər artıq təkliflərlə bağlı öz fikirlərini ortaya qoymalıdırlar. Problem ondadır ki, İrəvan yenə Moskvada diqqəti status məsələsinə yönəldəcək və Azərbaycandan referendumla bağlı razılıq almağa cəhd edəcək. Ancaq bu siyasətin İrəvan üçün faydalı olacağını düşünmürəm. Bu üzdən yaxın aylarda proseslə bağlı irəliləyiş gözləmək çətindir”.