Səudiyyə vəliəhdi gerçək sui-qəsd qarşısında:ölkə vəhhabilik uçurumuna yuvarlanacaq, ya modernləşmə yolunu seçəcək? – Təhlil

6-12-2017, 19:00           

Ayaan Hirsi Əli

The New York Times, 05.12.2017



Səudiyyə Ərəbistanı hələ iyunda Fars körfəzinin daha iki dövləti və Misirlə birgə Dohanın beynəlxalq terrorizmə maliyyə dəstək verməsi səbəbindən Qətərə basqı göstərməyə başlayıb. Ər-Riyadın özünün əksərən ekstremizlə səsləşən təməlçi sələfi islamının yayılmasını çoxdan maliyyələşdirdiyi nəzərə alınsa, Səudiyyə Ərəbistanının Qətərə dair bəyanatını zarafat kimi qəbul etmək olardı.

Bir tərəfdən, Səudiyyə Ərəbistanının hərəkətini “kor kora “cırt o yankı gözünə” deməsə, bağrı çatlayar” məsəlinin klassik nümunəsi adlandırmaq olar. Digər yandan, Ər-Riyad diqqəti öz krallığı daxilində artan gərginlikdən yayındırmaq üçün Qətərlə bağlı diplomatik böhrandan “tüstü dumanı” kimi istifadə edə bilər.

Səudiyyə taxtının bu yaxınlarda təyin edilmiş varis şahzadəsi Məhəmməd ibn-Salman ölkə iqtisadiyyatının modernləşdirilməsini həyata keçirməyi vəd edib – bu çərçivədə milli iqtisadiyyatın neft qiymətlərindən asılılığını azaltmaq üçün onun şaxələndirilməsi, ticarətin genişləndirilməsi, əhalinin məşğulluğunun yüksəldilməsi və ictimai həyatdakı bəzi məhdudiyyətlərin ləğvi üzrə tədbirlər planlaşdırılıb. Lakin Səudiyyə Ərəbistanı daxilində varis şahzadənin bütün planlarını təhlükə altında qoya biləsi iki amil var.

Birincisi, varis şahzadənin ona meydan oxuya biləcək rəqibi var. Bu, Məhəmməd ibn-Salmanın 2017-ci ilin noyabrında ev dustağı etdiyi və bütün bank hesablarını dondurduğu keçmiş vəliəhd Məhəmməd ibn-Naif əl-Səuddur. İndiki vəliəhd hətta kral sülaləsinin arşınları üzrə də olduqca cürətli bir addım atıb. Lakin əvvəllər Səudiyyə Ərəbistanı məxfi kəşfiyyatına başçılıq etmiş Məhəmməd ibn-Naif çox təhlükəli düşmən çıxa bilər.

İkincisi, Məhəmməd Salmanın “Vision 2030” kimi tanınan əzəmətli strateji islahatlar planı Səudiyyə Ərəbistanının vəhhabi ruhanilərinin nüvuz və avtoritetinə birbaşa təhdid ifadə edir. Ruhanilərin nüfuzu və varis şahzadənin planlarını pozmağa cəhd etmək üçün motivləri var. Özəl sahibkarlıq islahatlar sayəsində mövqeyini möhkəmləndirməyə başlasa, ruhanilərin resurs və nüfuzu azalacaq, uyğun olaraq krallıq üzərində nəzarəti saxlamaq imkanları da ixtisara düşəcək. Kral ailəsi hakim sülalənin dini legitimliyini təmin eməkdən ötrü əsrlər boyunca vəhhabi ruhanilərin dəstəyinə bel bağlayıb. Modernləşmə ruhanilərin nüfuzunu sarsıtmaq təhdidi gələrsə, din xadimləri varis şahzadəyə nə qədər uzun müddətə itaət edəcəklər?

Varis şahzadə əvvəllər eyham vurub ki, ruhanilərinn nüfuzu iqtisadi artım və Səudiyyə iqtisadiyyatının neft asılılığını azaltmaq üçün maneə ola bilər. Din xadimlərinin müqaviməti halında varis şahzadə uyğun tədbirlər görməyə söz verib. Çox ehtimal ki, din xadimləri Səudiyyə Ərəbistanının əcnəbi yatırımçıları cəlb etməyə can atdığı qədər səylə ölkənin qərbləşməsinə qarşı açıq müqavimət göstərməyə başlayacaq. Səudiyyə Ərəbistanı hökuməti və onun yarırəsmi “xeyriyyə” fondları 1973-cü ildən başlayaraq xaricdə vəhhabilik ideologiyasının yayılmasına milyardlarla dollar sərf edib. Bu cür siyasətin sürməsi beynəlxalq birliyin radikallaşma ilə mübarizə üzrə cəhdlərinə ziyan vura bilərdi. Səudiyyə ruhaniləri bütün ölkə üzrə tərəfdarlarıyla birbaşa rabitəni təşkil edən güclü sosial şəbəkəyə malikdir. Din xadimləri bu platformadan varis şahzadənin planlarını və Səudiyyə Ərəbistanı kralı Salman ibn-Əbdüləziz əl-Səudun mövqeyini sarsıtmaq üçün faydalana bilər. Bununla bağlı gənclər arsında işsizlik səviyyəsinin yüksək olduğu ölkədə iğtişaşların qızışdırılması təhlükəsi var.

2017-ci ildə Səudiyyə Ərəbistanında özgə cür düşüncəni boğmağa cəhd edərək Səudiyyə Ərəbistanının Qətər üzrə mövqeyinə qarşı çıxış edən bir neçə nüfuzlu din xadimini həbs ediblər. Noyabrda mübarizə davam edib, ancaq bu dəfə 200-dən çox məmurun, iri biznesmenin, kral ailəsi üzvlərinin həbs edildiyi antikorrupsiya pərdəsi çərçivəsində.

Səudiyyə Ərəbistanı vəhhabi din xadimlərinin bütün dünya üzrə islamçı qurumlarla geniş əlaqələri var. Qətər bu əlaqələrdən varis şahzadəni beynəlxalq birliyin gözündə nüfuzdan salmaq üçün istifadə edə bilər. Ər-Riyad diqqəti Səudiyyə Ərəbistanından yayındırmaq üzrə cavab tədbiri kimi Qətərlə münaqişəni gücləndirə bilər.

Ümidlər çox yüksəkdir. Varis şahzadə modernləşdirmə keçirməyə nail olsa, radikal islamçılığa güclü zərbə vuracaq. Modernləşmə üzrə planlar puç olarsa, ölkə öz inkişafında bir neçə onilliyə geri yuvarlana, xaricə ekstremizm ixracatını sürdürə bilər.

Yaxın Şərqin siyasi oyunçularının əksəriyyətinin baxımından istənilən güzəştə ölkə üçün rüsvaylıq kimi yanaşılır. Qətər Səudiyyə Ərəbistanının ultimatumunu qəbul edərək, məsələn, informasiya agentliyini bağlamaq və “Müsəlman qardaşlar”la əlaqələri kəsmək əvəzinə İran və Türkiyə ilə ittifaqı gücləndirib. Qətər ətrafındakı böhran hələ 2017-ci ilin iyununda Yaxın Şərqdə önəmi az hadisə kimi görünürdüsə, 2018-ci ildə böyük münaqişə törədə bilər.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.