“Bank Technuqe” ASC gələn həftə müflis elan oluna bilər
15-08-2015, 13:14
FaktXəbər-in məlumatına görə, daha bir bankla bağlı qalmaqal gözlənilir. Söhbət “Bank Technique” ASC-dən gedir. Bu bank da Cahangir Hacıyevin nəzarətində olub. Təsadüfi deyil ki, o, Beynəlxalq Bankın rəhbərliyindən uzaqlaşdırılandan sonra “Bank Technique” ASC-yə sədr təyin olunması barədə məlumat yayıldı. Lakin son günlər yayılan məlumatlarda bildirilir ki, “Bank Technique” ASC-də də vəziyyət gərgindir. Naməlum səbəblərdən əmanətçilərin pulu qaytarılmır. Dünən isə bankın gələn həftə rəsmən müflis elan olunacağı barədə məlumat yayılıb. Strateq.az-ın “Bank Technique” ASC-yə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, bankda kredit ödənişlərindən cəlb olunan vəsait depozitlər üzrə ödəmələrə sərf olunur. Daxil olan vəsait depozitlər üzrə müraciət edən şəxslər arasında bərabər bölünərək verirlir. Artıq müştərilərə depozitlər üzrə ödənişlərin hissə-hissə qaytarılacağı bildirilib.
Bankın filallarında ixtisarlar davam etdirilir. Müdriyyət əməkdaşlara yeni iş yeri axtarmağı tövsiyyə edib.
Məlumata görə, bankın taleyinə gələn həftə aydınlıq gətiriləcək. Bank müflis olması ilə bağlı da müraciət edə bilər.
“Bank Technique” ASC-nin satılması ilə bağlı da danışıqlar aparılır. Amma hələ ki, konkret təkliflər ortada yoxdur. Bankda Mərkəzi Bankın daha bir audit yoxlaması təyin edəcəyi də istisna olunmur.
Qeyd edək ki, cari il mart ayının 10-da “Fitch” bankın reytinqlərini “Neqativ” siyahıya salıb. Agentlik bunu manatın devalvasiyasından sonra bankın kapitala olan minimum tələbi yerinə yetirməməsi ilə əlaqələndirmişdi. Bununla bağlı məlumatqa qeyd olunmuşdu ki, bu neqativ qiymətləndirmə bankın devalvasiya nəticəsində 25 milyon manat ziyana düşməsindən sonra ziyanın kompensasiya edilməsi üçün kapital yetərliliyinin olmamasına dəlalət edir.
24 iyulda isə “Fitch” beynəlxalq reytinq agentliyi “Bank Technique” ASC-nin reytinqlərini geri çağırdı. Agentlik bəyan etdi ki, bank reytinq prosesində iştirakda maraqlı deyil. “Reytinqlərin geri çağırılmasına da səbəb budur. Bununla da, ”Fitch"in bankın reytinqlərini dəstəkləmək üçün zəruri informasiyaya çıxış imkanı yoxdur".
Agentliyin açıqlamasında deyilirdi ki, “Bank Technique” ASC-nin “B-” səviyyəsində təsdiqlənən emitentin defoltu reytinqi bankın zəif kapitallaşmasını və aktivlərinin keyfiyyətini xarakterizə edir.
“Moodys” beynəlxalq reytinq agentliyi də “Bank Technique” ASC-nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.
Bütün bunlar “Bank Technique” ASC-nin xarici valyuta bazarından borcların restruktisazasiyası üçün tələb olunan maliyyə vəsaiti cəlb etmək imkanlarını məhdudlaşdırıb. Digər tərəfdən neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlət investisiya layihələrinin maliyyələşməsi azalıb. Bankın əsas iri müştəriləri isə məhz dövlət sifarişli layihələrin podratçıları idilər. Bu amil də “Bank Technique” ASC üçün çox böyük zərbə olub.
Yerli vəsaitlərin cəlb olunması da mümküsüz görünür. Azərbaycanda bütün bank sektorunda ciddi problemlər olduğunu nəzərə alınsa investorların banka maraq göstərəcəyi inandırıcı görünmür. Mərkəzi Bank isə bütün siyasəti ilə göstərir ki, rəqabətə davam gətirə bilməyən bankları xilas etmək fikrindən uzaqdır.
Son məlumata görə, Ipoteka Fondunun qərarı ilə, “Bank Technique”in ipoteka krediti müştəriləri ödənişlər üçün “Caspian Development Bank”a yönləndirilib. Bundan əvvəl “Dəmirbank” və “Nikoylbank” da müvəkkil bank kimi seçilmişdi. Ipoteka krediti olan şəxslər, ödənişləri bu banklar vasitəsi də ödəyə bilirlər.
“Marja”nın xəbərinə görə, Fondda bildirilib ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulsa da, “Bank Technique” indiyə qədər bu addımı atmayıb. Bu da son nəticədə ödənişlərin birbaşa AIF-ə daxil olmasına mane olub. Buna görə də, portala qoşulmuş 3 bank vasitəsilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib.