Büdcədən də alırlar, vətəndaşdan da: Dövlət universitetləri niyə pullu olmalıdır?

31-01-2018, 23:08           

Dövlət universitetlərində ödənişli ixtisaslarda təhsil alan tələbələrin ödəniş haqları ilbəil artır. Əhalinin müəyyən təbəqəsinin maddi vəziyyətinin aşağı olduğunu nəzərə alsaq, nəticədə ortaya ciddi problemlər çıxır.Ekspertlərin fikrincə, dövlət universitetləri dövlətdən maliyyələşdiyi üçün burada təhsil tam olaraq ödənişsiz həyata keçirilməlidir. Çünki dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl universitetlər də fəaliyyət göstərir və orada təhsil ödənişli yollarla aparılır. Bu mənada dövlət universitetlərində ödənişli şərtlərlə təhsil məqbul hesab olunmur.

Çünki əhalinin imkanlı təbəqəsindən olanlar özəl universitetlərdə vəsait ödəməklə rahatlıqla təhsil ala bilirlər.İmkansız təbəqənin nümayəndələri isə bu imkandan məhrumdurlar.Əslində digər ciddi problemlərdən biri də Azərbaycan universitetlərində təhsil haqqının yüksək olmasıdır.Ödəniş haqları bir çoxlarının büdcəsinə uyğun gəlmir və bu səbəbdən abituriyentlər də universiteti bəzən sona qədər oxumamaq məcburiyyətində qalırlar.Bir çox ailələr var ki, övladını oxuda, onların təhsil haqqını ödəyə bilmək üçün borca girir.Məlumatlara görə, dövlət universitetlərində ödənişli təhsil 85 faiz təşkil edir.Bu isə aztəminatlı ailələrin təhsil almaq hüququnu bir qədər də məhdudlaşdırır.

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “dövlət universiteti” anlayışı keçmiş sovet məkanından qalma bir termindir:

“Dövlət universitetləri dediyimiz müəssisələr yaxşı olar ki, publik şəxsə çevrilərək fəaliyyət göstərsinlər. Dövlət həmin universitet üzrə neçə kadr lazımdırsa, sifariş verir, o mənada adambaşına düşən maliyyəni universitetin hesabına köçürür.

Universitetlər daha çox kommersiya xarakterli bir fəaliyyətə keçirlər.2017-2018-ci tədris ilində dövlət universitetlərində bildiyim qədər özəl təhsil alanlar 35 faizdir.Azərbaycan hərbidən sonra təhsilə ən çox pul ayıran bir ölkədir.Belə olan halda əslində utancverici haldır ki, özəl təhsilə bu qədər önəm verilir.Hətta özəl universitetlərdə dövlət sifarişi əsasında ixtisasların, peşələrin də sayı çox olsa, yaxşıdır”.


Ekspert qeyd edib ki, təhsil sosial sahə deyil. Hansısa sosial xarakterli layihələr dövlət tərəfindən həyata keçirilə bilər:

“Elm, təhsil sosial sahədən asılı olmayaraq hər bir işdə əlçatandır. Qeyd etdiyim kimi, dövlət universitetləri artıq publik şəxsə çevrilməlidir.Universitetlər müstəqil olmalıdırlar.Müstəqil olmaq üçünsə mütləq şəkildə onlar publik şəxsə çevrilməlidir.Bir sıra dövlət universitetləri var ki, onlar publik şəxsə çevrilmək istədilər.Amma dövlət sifarişi əsasında olan ixtisasların sayı çoxluq təşkil edir.Ödənişli əsaslarla təhsil azaldılmalıdır və universitetlər daha çox elmi potensialdan, elmi laboratoriyalardan, kəşflərdən, yeni innovasiyalardan gələn gəlirlər hesabına ayaqda durmalıdırlar.Çox təəssüf ki, bizdə əksinədir.Son vaxtlar Azərbaycanda hansı universitet ixtirasını, elmi yaradıcılığını, yaxud bir innovasiya ortaya qoyub?Yoxdur...Universitetlər yalnız xalqa, oxumaq istəyənlərə “daraşırlar”, başqa sözlə desək, ödənişli əsaslarla pul qazanırlar. O da faktdır ki, Azərbaycanda təhsil haqqı Türkiyə, Rusiya və digər ölkələrdən qat-qat bahadır. Bu isə təssüf doğuran bir haldır ”.

Alçina Amilqızı

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.