Universitetlərdə bir şəxsin iki vəzifə icra Universitetlərdə bir şəxsin iki vəzifə icra
1-02-2018, 10:13
Təhsil Nazirliyinin Kollegiyası tərəfindən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”, xüsulə də “bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir” müddəası, mənim o qədər də uzaq olmayan keçmişə dair bəzi xatirələrimi təzələdi.
80-ci ilin sonlarında, gəncliyimin oğlan çağında elmi fəaliyyətdən adminstrativ işə keçmişdim, daha doğrusu keçırilmişdim. Bakı şəhərinin təhsil şöbələrindən birinə rəhbərlik etmək mənə etimad olunmuşdu. Ağır və üzücü elmi araşdımalardan qurtulmaq sevincim uzun çəkmədi. Halbuki, elmi işim də hazır idi, avtoreferatım da çıxmışdı, opponentlərim də müəyyənləşmişdi. Müxtəlif tədbirlər, rəsmi görüşlər, qəbullar, yuxarı təşkilatlar tərəfindən çağırışlar, ərizə və sikayətlər daha nələr, nələr… Bütün bunları iş rejiminə sıxışdıra bilmirdim. Sadəcə olaraq mənəvi və fiziki imkanlarım buna yol vermirdi. Məcburiyyətdən evə gecə yarısı getməli olurdum, şənbə, bazar və bayram günlərində işə çıxıb, ərizə və şıkayətləri nəzərdən keçirib, onlara cavab hazırlayırdım. O, zamanlar ərizə və şikayətlərin icrası vəziyyətinə ciddi yanaşılırdı, gecikdirmə hallarına qarşı ən sərt ölçü götürülürdü. İşimlə bağlı vaxt tapa bilməməyim imkansızlığı məni Respumlikamızın hüdudlarından kənara çıxıb, böyük zəhmət və əzab-əziyyət hesabına ərsəyə gətirdiyim dissertasiya işimi müdafiə etmək arzusundan məhrum etdi.
İndi, maşallah olsun, bir çox məmurlarımız eyni zamanda bir neçə vəzifə də tuturlar, elmi fəaliyyətlə məşğul olub, doktorluq titulları da alırlar, deputalığa namizədliklərini verib millət vəkili statusunu da qazanırlar, kommersiya və biznes fəaliyyətinə də baş vururlar, adam kimi istirahət etməyə də vaxt tapırlar, bu vəzifələrdən birini gənc və perspektivli kadrlara həvalə etmək barədə düşünən belə yoxdur.
Yeri gəlmişkən bir müddət əvvələ qədər bizim nə az, nə cox, 10 rektorumuz Milli Məclisdə təmsil olunurdu. Adam bir vəzifə daşımalıdır, el arasında deyildiyi kimi bir mənsəbə xidmət etməlidir, yoxsa buna bir əldə iki qarpız tutmaq deyirlər. İstəsək də, istəməsək də bir həqiqətlə hesablaşmalıyıq ki, ali təhsil ocaqlarında baş verən neqativlərin bir və həm də ən başlıca səbəbi, rektorların bir neçə vəzıfə daşıması ilə əlaqədar, əsas vəzifələrinin icrasına vaxt tapa bilməmələri, lazımi diqqət yetirə bilmək imkanlarının
olmaması ilə əlaqədar olub. Həm millət vəkili, həm kafedra müdiri, həm… olan rektordan 15-20 min tələbəsi, mindən artıq müəllimi, onlarla fakültəsi, kafedrası, mərkəzlərı, muzeyləri, daha nələri olan universitetə rəhbərlik və nəzarət funksiyasını həyata keçırə biləcəyinı gözləmək özü belə heç sadə bir məntiqə sıxmırdı. Yəni, sənə həvalə olunan postdan savayı daha bir, hətta iki və daha çox yerlərdə çalışmağın praktiki cəhətdən mümkünsüzlüyünü anlamaq bu qədərmi çətindir. Hələ, əlavə kommersiya fəaliyyətini demirəm. İctimai mənafeyi şəxsi mənafedən üstün tutan hər bir kəs bunun nə olduğunu bilməmiş deyil. Yaxşı ki, bu ənənəyə gec də olsa son qoyuldu - ya rektor, ya da millət vəkili, ikisindən biri...
Yəqin təhsillə bu və ya digər şəkildə əlaqəli olanlar bilməmiş deyil ki, kafedra müdiri və dekan vəzifəsi ali məktəbdə ən məsul vəzifələrdəndir. İndiki vəziyyətdə fakültə dekanı və kafedra müdiri fakültədə və kafedrada işlərin təşkili, tədris planı və proqramlarının, cədvəllərin tərtibi, müəllimlərin semestr və dövlət imtahanlarının təşkili və onlara nəzarətin həyata keçirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin idarə olunması məsələlərinə cavabdeh olan şəxslərdir. Heç şübhəsiz ki, universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzıfə sahiblərinin dekan kimi, kafedra müdiri kimi fəaliyyət göstərmələrii də, əslində, ali məktəbın inkişafına mane olmaqdan başqa bir şey olmayıb. Ümid etmək olar ki, belə halların təxirəsalınmadan aradan qaldırılması, işin keyfiyyəti ilə yanaşı, həmin vəzifələrin gənc və perspektivli kadrlara həvalə edilməsinə öz müsbət təsirini göstərəcəkdir. Bir də ki, necə olur ki, bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə ölüm-dirim savaşı aparır?
Bu mənada bu qaydaların təsdiqlənməsini təhsildə demokratikləşmə, humanistləşmə, səlahiyyətlərin bölüşdürülması, funksiyaların bərabər paylanması, tapşırılan işə görə cavabdehliyin artırılması və məsuliyyətin daha da yüksəldilməsi istiqamətdə atılan növbəti addım kimi dəyərləndirmək olar. Hörmətli professorumuz Şahlar Əsgərovun bir sözü var: “Ictimai mənafenin şəxsi mənafeyə nisbəti kamillik əmsalının göstəricisidir.” Bir vəzifə tutub ictimai mənafeyə xidmət etmək, cəmiyyəti daha irəliyə aparar nəinki, bir neçə vəzifəyə sahib olub, şəxsi mənefeyi güdmək. Universitet kimi mühüm bir təhsil müəssisəsində bir şəxsin iki məsul vəzifəni tutması isə ictimai mənafedən daha çox, şəxsi mənafeyə yönəlik bir haldır...
Nadir İsrafilov, təhsil eksperti
teref.az