Rusiyaya qarşı müharibənin fitili ÇƏKİLDİ: - Kreml yeni münaqişələr yarada bilər
1-02-2018, 13:52
Donald Trampın Amerikada keçirilən prezident seçkiləri öncəsi verdiyi açıqlamalar belə düşünməyə əsas verirdi ki, o, Vaşinqtonla Moskva arasında olan gərgin münasibətlərin yaxşılaşmasına cəhd edəcək.
Lakin bunun üçün ilkin şərt yoxdur, əksinə ABŞ-la Rusiya arasında gərginlik artır. ABŞ Maliyyə Nazirliyinin Rusiya hökumət üzvləri, oliqarxlar, biznesmenlərə qarşı hazırladığı “Kreml hesabatı” sənədi artıq Konqresə təqdim olunub.
Bununla yanaşı, Rusiyanın hərbi sənaye şirkətlərinə qarşı sanksiyalar da qüvvəyə minib.
Modern.az saytının məlumatına görə, Ağ Evlə Kreml arasında gərginliyin artması fonunda Böyük Britaniyanın nüfuzlu “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun Rusiyanın və Avrasiyanın öyrənilməsi proqramında iştirak edən Mate Buleq müharibə ehtimalından danışıb.
Ekspertin fikrincə, Vaşinqtonun siyasi və hərbi aparatı Rusiyanı təhdid hesab edir. O belə düşünür ki, Kreml Qərb ölkələrinin siyasi-iqtisadi, hərbi sistemini dağıtmaq istəyir – məqsəd isə Qərbdə demokratik təsisatları, hərəkatları sıradan çıxarmaqdır.
Ümumiyyətlə? Qərbin beyin mərkəzləri də, kəşfiyyat xidmətləri də, rəsmi dairələri də Rusiyanın artan hərbi nüfuzundan qorxuya düşürlər və bunu özlərinin bəyanatlarında açıq-aşkar büruzə verirlər.
Rusiya iqtisadiyyatının zəifləməsi, müttəfiqlərinin azalması və bunun fonunda hərbi gücünün artması Qərb siyasi elitasında həyəcan yaradır. Səbəb isə bəllidir, Rusiya hər zaman hansısa hərbi müdaxilə etmək imkanını praktiki səviyyədə həyata keçirə bilər.
“Rusiya ona qarşı hər hansı çağırışlar olanda və geosiyasətdə məğlub duruma düşəndə hərbi addımlar atmaqdan çəkinmir. Məsələn, Gürcüstanda, Ukraynada, Suriyada. Rusiya sosial şəbəkələrdə, başqa sferalarda manipulyasiyalardan istifadə etməkə Qərb demokratiyasının parçalanması istiqamətində fəallıq göstərir” – ekspert Mate Buleq belə deyir.
“Əslində Rusiya hesab edir ki, Qərb ölkələri ilə müharibə vəziyyətindədir, buna görə də, bu düşüncə qəzəbli davranışlara gətirib çıxaracaq” – o xəbərdarlıq edir.
Buleq hesab edir ki, Rusiya NATO-nun hərbi və siyasi fəallığını təhlükəsizliyinə, sərhədlərinə təhdid olaraq görür.
Rusiya hakimiyyətinin apardığı siyasət dünyanın ərazisinə görə ən böyük ölkəsinin əhalisinin şüurunda “Böyük Rusiya” qənaətini formalaşdırıb. Bunun özü də Kreml üçün stimuldur, Qərbə qarşı ən effektiv immunitetdir.
Lakin Mate Buleqin fikrincə, bununla belə Rusiya özünü əməli başlı sıxışdırılmış hesab edir. Buna görə də Moskvanın Qərbə qarşı niyyətləri dəyişməyib və öz qisasçı cavab tədbirlərini həyata keçirmək imkanlarını nəzərdən keçirir.
Ən pisi də budur ki, bu mürəkkəb situasiya yeni münaqişəyə gətirib çıxara bilər.
“Vladimir Putinin Rusiyanın gücünə güvənməsi Transatlantik regionun təhlükəsizliyinə güclü təsir edə bilər”- o bildirib.
Qeyd edib ki, Rusiya-ABŞ münasibətlərinin pisləşməsi provakasiya yaratmaq imkanlarını artırır və bu, nəticədə hərbi eskalasiyaya gətirib çıxara bilər.
“Bunlar faktiki olaraq silahlı toqquşmaya gətrib çıxara bilər. Məsələn, Rusiya qırıcıları Baltik və Qara dənizdə NATO gəmilərini daim əsəbiləşdirirlər. Həmçinin Suriya səmasında Rusiyanın məsuliyyətsiz hava fəallığı, qoşunların yerləşdirilməsi, sərhəd ərazilərdə təlimlərin keçirilməsi...
Rusiya gərginliyi artırır və Qərbin reaksiyasını müşahidə edir. ABŞ isə hələ ki, sanksiya siyasəti və nadir tələsik qərarları ilə Rusiyanın hərəkətlərinə cavab verir. ABŞ-a Rusiya barəsində strategiya lazımdır, hansı ki, Kremlin təhlükəsinə qarşı ciddi cavab verə bilsin”.
Onun fikrincə, ABŞ-Rusiya əlaqələrinin perspektivdə daha da pisləşməsi qaçılmazdır.