ABŞ neftin qiymətini salmaqla rəqiblərini asan puldan məhrum edir - Təhlil
23-08-2015, 12:53
Biz İŞİD-i müşahidə, İranı müzakirə etdikcə, dünyada nəsə daha irimiqyaslı hadisə baş verməkdədir. Biz bir ildən az dövrdə neftin qiymətinin 50%-dən çox tarixi çöküşünün şahidləriyik. Eyni süqut 1980-ci illərdə baş verərkən Sovet İttifaqı dağıldı. Bu, indi nəyə çevriləcək? BP-nin perspektiv planlaşdırmasının keçmiş rəhbəri Nik Batler mənə dedi: “1980-ci illərdənsə hazırda neft qiymətlərinin daha uzunmüddətli və dayanıqlı enməsinin astanasındayıq”. Niyə? О, ideal fıtınaya işarə edir. Tədarüklər önəmli şəkildə artıb, çünki neftin yüksək qiyməti onillikər boyunca bütün dünya üzrə istehsalçıları yeni yataqların işlənməsinə böyük vəsaitlər qoymağa təhrik etdi. Bu yatırımlar artıq qoyulub və bir sıra illər ərzində tədarükü təmin edəcək.
İtaliyanın energetika nəhəngi ENİ-nin keçmiş başçısı Leonardo Mauceri deyir: “Bu hadisəni dayandırmağın üsulu yoxdur”. O proqnozlaşdırır ki, keçən ilin yayındakı 105 dollarla müqayisədə növbəti il hər barrel neftin qiyməti, əslində, 35 dollara düşə bilər. Qiymətlərin sürətlənmiş enməyinin əsas səbəbi bundan ibarətdir ki, dünyanın istehsalı olduqca asanlıqla artıracaq və yaxud azaldacaq “müvazinətləşdirici tədarükçü”sü Səudiyyə Ərəbistanı neft çıxartmağı davam etdirmək qərarına gəlib.
Harvardlı ekspert Maucerinin fikrincə, səudlar “bilirlər ki, bu onlara ziyandır, lakin ümidvardırlar ki, başqalarına daha ağır olacaq”. Səudiyyə Ərəbistanının baş məqsədlərindən biri Amerikanın şistli neft istehsalçılarını müflis etməkdir. Lakin bu plan hələlik baş tutmur. Qiymətlərin düşməyindən ziyan çəkən Amerika firmaları üzdə qalmaq üçün texnologiya və yüksək səviyyəli biznesdən faydalanır.
Bazarların ehtimal etdiyi kimi, ləng olsa da, lakin qaçılmazcasına geri qayıdası İran nefti qiymətləri endirən daha bir amildir. Bütün dünyada neft hasil edən əsas ölkələr on illiklər boyunca, bəlkə də, ümumən heç vaxt görmədiyi xəzinə hesablaşması ilə üzləşir. Yeni dünya üzrə kiçik bir səyahət edək.
Venesuela: Uqo Çavesin və onun “21-ci əsrin sosialzmi” ideyasının popuдyarlığı, ölkə iqtisadiyyatının səriştəsiz idarəsi bircə amilin - uzunmüddətli neft bumu sayəsində mümkün oldu. Onun varisi müflisləmiş və borclarını ödəyə bilmyəcək durumda olan bir ölkəni qəbul etdi. Neft Venesuela ixracatının 96%- təşkil edir. Dəyərləndirmələrə görə, onun artıq keçən il 4% geri düşmüş iqtisadiyyatı bu il 7% azalacaq (Kubanın ABŞ-la barışıq aramağının səbəblərindən biri də budur, çünki bilir ki, Karakasdakı hamisi pulsuz qalıb).
Rusiya: Çaveslə bağlı olduğu kimi Vladimir Putinin də populyarlığı Rusiyanın ÜDM-nun, hökumət gəlirlərinin və nəticə kimi adi vətəndaşlara subsidiyaların daha yüksək göstəricilərini ifadə edən neft qiymətlərinin sərt şəkildə yüksəlməyi ilə üst-üstə düşdü . Hazırda hər şey əksinə dönür. Proqnozlara görə, Rusiya iqtisadiyyatı bu il 3,4% geri düşəcək. Hökumət gəlirlərinin yarısını neft və qazdan qazanclar təşkil edir. Qeyd etmək önəmlidir ki, milli qaz nəhəngi “Qazprom”un mədaxili bu il, demək olar, 30% azalacaq. London Kral kollecindən Batler bildirir: “Yadda saxlayın ki, “Qazprom” ölkəni idarə edən Putin dəstəsini vəsaitlə təmin edən maşındır”.
İraq: neft Bağdad hökumətinin gəlirinin 90%-ə qədərini təşkil edir və nə qədər mümkündürsə, bir o qədər neft çıxardılmağına baxmayaraq, vəsaitlərin kəskin şəkildə azalmasına məruz qalıb. Bu fonda hökumətin zəifliyini, həmçinin İŞİD-ə yol açan dinlərarası təfriqənin səviyyəsinin yüksəlməsini müşahidə edirik. Məhdud resurslar çərçivəsindəki Bağdadın şiə hökumətinə güclü basqı edilir ki, sünnilərə maliyyə ödənişi etsin. Bundan başqa, neft gəlirlərinin bölünməsi üzrə kürdlərlə mərkəzi hökumət arasındakı qarşıdurma hələ də qalmaqdadır.
İran: beynəlxalq sanksiyalar zəifləyəndən sonra Tehranın alacağı ilkin gözlənilməz gəlirlərə baxmayaraq, əksər neft dövlətləri kimi İran da effektsiz qalacaq. Beynəlxalq valyuta fondunun dəyərləndirməsinə görə, əslində, İranın öz büdcəsini tarazlaşdırması üçün neft qiymətlərinin 100 dollardan yuxarı qalxmağı lazımdır. O, ortamüddətli perspektivdə başqalarının məruz qaldığı təzyiqlə üzləşəcək.
Amerikanın əksər ekspert və şərhçiləri buna ümid edirdilər ki, neftin aşağı qiyməti bütün dünya üzrə şübhəli rejimləri asan puldan məhrum etmək üsuluna çevriləcək. Hazırda bu cür də baş verir – lakin onsuz da təşviş içində olan dünyada ağlasığmaz hərc-mərclik və qeyri-müəyyənlik doğurmağa qadir olan bir sürətlə.
Fərid Zəkəriyyə
"The Washington Post" (ABŞ), 22.08.2015
strateq