GÖZLƏR TİLLERSONUN TÜRKİYƏ SƏFƏRİNDƏ:ABŞ Türkiyə ilə dil tapmasa, nə olacaq? - TƏHLİL

15-02-2018, 00:28           

Soli Özel

“Habertürk”, Türkiyə, 14 fevral 2018-ci il



ABŞ Xarici işlər naziri Reks Tillerson sabah Türkiyədə olacaq. O, keçən şənbə gecəsi Suriyadakı bazadan qalxan PUA-nın sərhədlərini pozduğunu əsas gətirərək, həmin bazanı və Suriya HHM sistemlərini vuran və bu arada 1982-ci ildən bu yana ilk dəfə bir təyyarəsini itirən İsraili bu səfərində ziyarət etməyəcək.

Onun Türkiyədən öncəki dayanacağı İordaniyadır. Dünən Sərdar Turqutun da yazdığı kimi, hazırda Ankara ilə Omman arasındakı əlaqələr bir xeyli “turşdur”. Keçmişdə belə deyildi. Bu səbəbdən, Türkiyənin tarixi olaraq Haşimi Krallığı ilə yaxşı münasibətlərdə olduğu və Suriya müharibəsinə qədər də bu durumun davam etdiyi bir halda bu vəziyyətə necə və nə üçün gəlindiyi sualları da müzakirə edilməyə dəyər.

Öz nazirliyini gücdən salmağı və təsirsiz hala gətirməyi, hardasa, ilk vəzifəsi halına gətirən Tillerson son zamanlarda ABŞ təhlükəsizlik strategiyasını şəkilləndirən generalların cızdığı çərçivə daxilində hərəkət etməyi qəbul edib. Fevral ayında istefa edəcəyi gözləndiyi halda, səhnədə daha təsirli bir şəxsiyyət kimi görünməyə başlayıb. Hər kəsin maraqla ABŞ rəhbərliyinin yanaşmalarını açıqlamasını gözlədiyi bu həftə sonu keçiriləcək Münhen Təhlükəsizlik Konfransından öncə Tillerson Orta Şərqi gəzərək, mesajları çatdırmış olacaq. Maraqlı bir nüans Tillersonun Orta Şərq turundan həmən öncə Argentinaya gedərək, bu ölkədə "Hizbullah"ın Latın Amerikasındakı fəaliyyətlərilə bağlı təmaslarda olmasıdır.

Tramp administrasiyası qarmaqarışıq bir ilin ardından xarici və təhlükəsizlik siyasətlərində öz xəttini müəyyən etmiş kimi görünür. Ona görə də müttəfiqlərini bu xəttə gətirməyə çalışacaq. Müvəffəq olub-olmayacağını görəcəyik, ancaq Soyuq Müharibə dövrünün qərarlılığı və sərtliyilə hərəkət etməyə başlayıblar. Hesab edirəm ki, ABŞ-la Türkiyə arasındakı əsəb müharibəsini, qarşlıqlı olaraq, ictimaiyyət qarşısında istifadə edilən sərt, sinir uclarına toxunan, ipləri daha da gərən bəyanatları bu kontekstdə dəyərləndirmək lazımdır.

İplərin artıq gərilməkdən qopub-qopmayacağını da bu həftə baş tutacaq üç təmas tamamlandıqdan sonra anlarıq. Makmasterin ziyarətilə bağlı dişə dəyən bir xəbərin çıxmamasını bu baxımdan müsbətmi, mənfimi dəyərləndirməyin lazım olduğu da zaman içində ortaya çıxacaq. Yəqin ki, qapalı qapılar ardında iki tərəfi də narahat edən bütün məsələlər masaya yatırılıb, müəyyən məsələlərdə bazarlıqların və mübadilələrin edildiyini ehtimal edə bilərik. Əgər bunlar edilmirsə, deməli iplər qopmaq üzrədir.

Türkiyə diqqətini, istər-istəməz, Afrinə yönəlik hərəkata, ABŞ-ın YPG-yə verdiyi dəstəyə, Suriya rejiminin PYD-yə etdiyi yardıma, Rusiyanın hava sahəsini istədiyi zaman açıb-qapamasına vermiş vəziyyətdədir. Ancaq bu arada, ötən şənbə günü İran-İsrail-Suriya üçlüyü arasında baş verən toqquşma, çox dar olan Suriya meydanında İsrail və İranın, yaxud müttəfiqi "Hizbullah"ın müharibəyə girişməsi və bunun qısa müddətdə Livanı və İsraili də əhatə edəcək şəkildə inkişaf etməsi ehtimalını gücləndirib.



Putinin telefon zəngi



Kəşfiyyatı güclü olan jurnalist Ronen Berqmanın “New York Times” qəzetində yazdığına görə, cümədən şənbəyə keçən gecə “Qüds briqadası”nın göndərdiyini iddia etdiyi PUA-nı düşürən İsrail Hava Qüvvələri Suriyadakı bazalara hücum etdikdən sonra, müharibə hazırlıqları görülərkən Putindən gələn sərt telefon zəngi gərginliyin artmasını əngəlləyib.

Rusiyanın PUA-dan heç bəhs etməməsi, əlində imkan varkən onun göndərilməsinə mane olmaması bu günədək Suriyada ən azı 100 dəfə "Hizbullah" və İran hədəflərini Rusiyanın məlumatı daxilində bombalamış olan İsrail tərəfindən belə dəyərləndirilib: “Birincisi, İsrail bundan sonra Suriyada istədiyi kimi at oynada bilməyəcək. İkincisi, əgər hələ də fərqində olmayan varsa, Rusiya regiondakı hakim gücdür.”

Hizbullah-İran və İsrail arasında müharibə, indilik, önlənmiş görünür. Ancaq ortada yeni bir nizam var. Rusiya İsrailin Suriyada istədiyi yerləri, istədiyi vaxt bombalamasına izn verməyəcək. İranın Suriyadan çıxarılması üçün edilən təzyiqi də qəbul etməyəcək. İsrailin İranı Suriyadan çıxara bilməsi də, hər halda, mümkün deyil. Bu durumda İsraili həmin böhranda yalnız buraxdığı düşünülən və İranı tədricən mərkəzə yerləşdirən ABŞ nə edəcək?

Əslində, Türkiyə də dolayı olaraq bu tablonun içindədir və məncə, ABŞ-la yaşanan böhranın inkişafında baş verən bu hadisələrin də bir payı olacaqdır.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.