Bankların ağır günləri qurtarmayıb - Bağlanma təhlükəsi ilə üz -üzə qalan banklar

15-02-2018, 10:24           
Bankların ağır günləri qurtarmayıb - Bağlanma təhlükəsi ilə üz -üzə qalan banklar
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəd dərc edib. Sənəddə Azərbaycanda bəzi özəl bankların bağlanma təhlükəsinin olduğu qeyd olunub. “Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur”. Bildirilir ki, bank sektorunda dollarlaşma yüksək səviyyədədir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər.

“Restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi hələ də yüksəkdir. Bu da bankların borcvermə imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, təhlükə qarşısında olan banklar hansılardır və onların bağlanması hansı problemləri yarada bilər?

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın bank sistemində problemlər qalmaqdadır:

“Əsas çətinlik problemli kreditlərin həcminin artmasıdır. Digər bir məsələ əhalinin banklarda olan əmanətlərinin geri çəkməsi meylinin artmasıdır. Hesab edirəm ki, bu tendensiya “Dəmirbank” bağlanandan sonra güclənə bilər. Çünki Əmanətlərin Sığortalanması Fondu (ƏSF) hətta sığortalanmış əmanətləri belə kompensasiya etməkdən yayınır. Problemlərin artdığı bir şəraitdə, digər tərəfdən, vətəndaşlar qorxudan gəlib əmanətlərini çıxarırlar. Bu o deməkdir ki, bankların pulları azalıb. Banklar verdiyi krediti qaytara bilmir, bəs əmanətləri necə qaytaracaqlar? Burada təbii ki, bankların kapitallaşması hadisəsi yaranır. Məlumatlara görə 6 bankın kapital problemi var. Mütəmadi olaraq onların adları mediada çəkilib. “Bank of Baku”, “Ziraat Bank”, “Pakistan Bankı”nın filialı və başqaları. Amma bu hələ o demək deyil ki, bu banklar bağlanmalıdır. Xeyr. Kapital problemi o deməkdir ki, minimal kapital olan 50 milyon manat onlarda yoxdur. Əgər onların borcları çox deyilsə, bu, banklar üçün ciddi problem deyil. Məsələn, “Ziraat Bank”ın məcmu kapitalı nəzərdə tutulmuş həddə olmasa da, ciddi problemi də yoxdur. Azərbaycanda ən iri kapitala malik olan bank “Beynəlxalq Bank”dır. Amma nə olsun, problemli kreditləri çoxdur, öhdəliklərinin könüllü restrukturizasiyası hələ də bitməyib. Bilirik ki, bank İngiltərədə məhkəməni də uduzub. Yəni, bütün bunlar Azərbaycanda bir sıra banklar bağlanmasına gətirib çıxara bilər”. Ekspert yaxın aylarda bankların bağlanma ehtimalını yüksək etmir: “Çünki hazırda səylər göstərilir ki, kapitalı aşağı olan banklar yuxarı kapitallı banklarla birləşsin. Yaxud da həmin banklara əlavə kapital qoyuluşu təmin edilməsinə cəhd edilir. Prinsipcə, beynəlxalq reytinq agentliyi də bu faktlardan çıxış edərək bankların bağlanmasını iddia edir. Əlbəttə, əgər həmin banklara maliyyə vəsaiti qoyulsa, bu problem həllini tapacaq. Amma hazırda bu çox ciddi problemdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.