Böyük dövlətlərin savaşdan götürdükləri gizli neft qazancları - FAKT
26-08-2015, 10:33
Bu ilin mayından avqustun 11-dək İsrail İraq kürdlərindən 19 milyon bareldən çox neft alıb. Virtualaz.org saytı bu haqda “Financial Times” qəzetinə istinadən yazıb. Qəzetin məlumatına görə, İsrailin İraq kürdlərindən aldığı neftin dünya bazarı qiymətləri ilə dəyəri 1 milyard dollara yaxındır.
Beləliklə, İsrail son üç ay yarımda neftə olan tələbatının dörddə üçünü məhz İraq neftinin hesabına ödəyib. Kürdlər neft satışından əldə etdikləri gəlirləri “İslam Dövləti”inə qarşı mübarizəyə və PKK-nın qolu olan YPG-nin maliyyələşdirilməsinə sərf edir. Məqalədə o da qeyd olunur ki, kürd neftini İsraillə yanaşı, İtaliya, Fransa, Yunanıstan, Türkiyə və Kipr də alır.
Bu ilin yazından etibarən İraqın Kərkük əyalətində hasil olunan neftin üçdə biri Türkiyənin Ceyhan limanına daşınıb, oradan isə tankerlərlə İsrailə yola salınıb. Bu məlumat dəniz neft tankerlərinin trafikinin analizi, ticarət şirkətlərindəki mənbələr və peyk məlumatları əsasında ortaya çıxıb.
Analitiklər hesab edir ki, İsrail kürd neftini qiymətin aşağı olması səbəbindən alır. İraq kürdləri neftə alıcı tapmaq üçün onu bazar qiymətlərindən xeyli aşağı təklif edirlər. Lakin İraqın şimalındakı kürd administrasiyası bunu təkzib edir. İsrail rəhbərliyində isə məlumatı şərh etməyiblər. Məlumdur ki, İsrail bundan əvvəl nefti əsasən Azərbaycan, Qazaxıstan və Rusiyadan alırdı. Bundan əvvəl də İsrailin İraq kürdlərindən neft aldığı haqda məlumatlar yayılıb. Bir neçə ay əvvəl kürd nefti ilə dolu tankerin ABŞ limanlarına yan almasına icazə verilməməsindən sonra tanker geri qayıdaraq nefti İsrail limanında boşaltmışdı.
Ancaq indi məlum olur ki, İsrail əsasən kürdlərdən neft alır. Bu, həm də o deməkdir ki, İsrail Azərbaycan neftindən imtina edib və qeyri-leqal yolla bazara çıxarılan kürd neftinə üstünlük verir. Qeyd edək ki, İsrail uzun illər, daha dəqiqi, bu ilin yayına qədər məhz Azərbaycandan neft alıb. Məsələn, bu ilin yayında İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik edən deputat, “İsrail - Evimizdir” Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi toplantıda Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.
Ancaq göründüyü kimi, indi vəziyyət dəyişib. Burda təbii ki, əsas amil kürd (İraq) neftinin ucuz başa gəlməsidir. Qeyd edək ki, İraqda mərkəzi hökumətlə Şimali İraq Kürd Administrasiyası arasında neft satışı ilə bağlı mübahisə uzun müddətdir ki, davam edir.
Bağdad Ərbilin satdığı nefti mərkəzi hökumətlə bölüşməsini tələb edir. Kürdlər isə nefti təkbaşına satmaqda israrlıdırlar. Şimali İraq nefti Türkiyə üzərindən Ceyhan limanına çıxır və oradan dünya ölkələrinə göndərilir. Ancaq ötən ilin payızında İraqda yeni hökumət qurulduqdan sonra yeni hökumətin dünya ölkələrinə müraciətindən kürd neftinin alıcıları olmayıb. Hətta neft tankerləri dünyanın bir sıra limanlarını dolaşdıqdan sonra Türkiyəyə qayıtmışdı. İndi isə görünür ki, kürdlərə İsrail sahib çıxaraq onların neftini alır. Bu isə həm kürdlərə, həm də ucuz neft alan İsrailə sərf edir.
İsrailin neft tələbatı gündəlik təxminən 240 min bareldir. "“Financial Times” kürd muxtariyyətinin ixrac etdiyi neftin üçdə birindən çoxunu İsrailə satdığını iddia edir. Ancaq İraq neftini yalnız kürdlər deyil, eyni zamanda ötən il bu ölkənin böyük bir hissəsini işğal edən İŞİD terror təşkilatı da satır. Ötən ilin məlumatlarında qeyd olunurdu ki, İŞİD İraq və Suriyada (İŞİD Suriyanın neftlə zəngin şərq bölgələrinə nəzarət edir - K.R.) çıxarılan nefti dünya bazar qiymətlərindən xeyli ucuz - 25 dollara satır. Mütəxəssislərin hesablamalarına görə, İŞİD-in ələ keçirdiyi İraq və Suriyanın neft bölgələrində hasilat ciddi şəkildə azalsa da, hazırda gündəlik neft hasilatı 50-60 min barel arasında dəyişir. İŞİD neftinin əsasən qara bazardakı şirkətlər vasitəsilə Türkiyə və ərəb ölkələri üzərində bazara çıxarıldığı, hətta İsrailin İŞİD neftini alması ilə bağlı məlumatlar dolaşırdı. İŞİD-in gündəlik 50-60 min barel neft satdığı və neft satışından ildə 1 milyarda yaxın qazanc əldə etdiyi bildirilirdi.
Ötən ilin iyulunda İraqın yerli rəsmiləri İŞİD-in Diyalə və Səlahəddin vilayətlərində iki neft yataqlarında 33 quyudan gündəlik 100-150 tanker neft götürdüyünü və qara bazarda hər bir tankeri 3-4 min dollara satdığını bildirmişdilər.
İsrailin gizli şəkildə kürdlərdən neft alması onu göstərir ki, dünyanın bir çox ölkələri Yaxın Şərqdəki xaos vəziyyətindən böyük qazanc əldə edirlər. Dağılıb xaraba qalmış İraq və Suriyada neft istehsalı mərkəzləri silahlı qrupların nəzarətindədir, onlar isə savaşmaq üçün ehtiyac duyduqları pul və silahı neftin dəyər-dəyməzinə satmaqla əldə edirlər. Beləliklə, hər iki tərəf bu prosesdən qazanclı çıxır.